Fəhlələr arasında dava: Xəsarət alan və həbs olunan var

KRİMİNAL 20 fev 2024, 12:22
Bakının Nəsimi rayonunda 1969-cu il təvəllüdlü Camal tanışı Abbasa (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 4-də baş verib. Camal həmin gün saat 11 radələrində tanışı Abbasla təsadüfən rastlaşıb. Abbas Camalın əvvəlcədən onun barəsində mobil telefonda nalayiq ifadələr işlətməsi səbəbindən ona iradlarını bildirib. Bu isə Camalın xoşuna gəlməyib.  

Bu zaman Camal özündə olan bıçaqla Abbasa zor tətbiq edib, qəsdən sonuncunun sol bud nahiyəsindən bir dəfə vurmaqla ona xəsarətlər yetirib. 

Hadisəni törədən Camalın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, uzun müddət Rusiya Federasiyasında yaşayıb: “Azərbaycana qayıtdıqdan sonra təxminən Bakı şəhəri, 3-cü mikrorayon dairəsində “fəhlə bazarı” adlanan yerdə fəhlə olaraq fəaliyyət göstərmişəm. “Fəhlə bazarı” adlanan yerdə zərərçəkmiş Abbas adlı şəxs “makler” kimi fəaliyyət göstərərək vətəndaşlarla fəhlə işi ilə əlaqədar razılıq əldə edib, fəhlələrlə danışıb, həmin razılığa uyğun olaraq bizi işlədib. Bir müddət Abbasla gördüyüm işin müqabilində razılıq əldə edilsə də, nəticədə mənə verilməli olan zəhmət haqqından kəsrlər oldu. Bu səbəbdən sonuncu dəfə Abbasla aramızda mübahisə yarandı. Qarşılıqlı olaraq bir-birilərimizin ünvanına mobil telefonla nalayiq ifadələr işlətdik”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra bir müddət “fəhlə bazarı” adlanan ərziyə gəlməyib: “Avqustun 4-də səhər saatlarında evdə ət doğramaq üçün aldığım mətbəx bıçağını kağıza bükdüm və əlimdə saxladım. Bundan sonra 3-cü mikrorayon dairəsi yaxınlığında yolun kənarında kafedə əyləşərək pivə içdim. Həmin kafedə bir qədər əyləşdikdən sonra Abbasın qardaşı kimi özünü təqdim edən Alim mənə yaxınlaşdı və kafedən çıxaraq söhbət etmək istədiyini bildirdi. Birlikdə yolun qarşı tərəfinə, yəni S.C.Pişəvəri küçəsi 5 ünvanına keçdik. Həmin vaxt Alim telefonla nalayiq ifadələr işlətməyimi, hansı səbəbdən belə bir hərəkət etdiyimi sual etdi. Bu zaman Abbas anidən kənardan iti yerişlə üzərimə gəldi. Həmin vaxt Abbasla Alimin problemli şəxslər olmasını bildiyimə görə oradan uzaqlaşmaq istədim. Lakin həmin şəxslər getməyimə mane oldular, mənə təzyiq göstərməyə çalışdılar. Bundan sonra bıçaq arxaya dönərkən əlimdən sürüşdü və Abbasın sol bud hissəsinə dəydi. Halbuki, mənim həmin vaxt kiməsə xəsarət yetirmək niyyətim olmayıb. Bundan sonra dərhal qaçaraq yaxınlıqda olan “DOST” mərkəzinin həyətinə hasardan tullanaraq keçdim. Orada olan mühafizə polisinin əməkdaşlarına baş verənlər barədə məlumat verdim”. 

İş üzrə zərərçəkmiş Abbasın sözlərinə görə, təqsirləndirilən Camal fəhlə fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyıb, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur: “Mən fərdi qaydada təmir tikinti işləri üçün olan avadanlıqları işlədərək gəlir əldə etmişəm. Özüm götürdüyü işlərə fəhlələr cəlb edib onlara zəhmət haqqılarını ödəmişəm. Bir neçə dəfə 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən fəhlə bazarı adlanan ərazidə Camal və digər şəxləri fərdi işlərə cəlb edərək onların zəhmət haqqısını vermişəm. Sonuncu dəfə Camalla iş gördüm. Ona və digərlərinə 500 manat olduğu halda 600 manat artıqlaması ilə pul ödədim. Bundan sonra Camal müəyyən şəxslərə barəmdə nalayiq ifadələr işlətdiyini, guya zəhmət haqqısını kəsdiyimi bildirməsini müəyyən etdim. Camalla aramızda yaranmış mübahisə mobil telefon vasitəsilə əlaqələri zamanı bir-birimizin ünvanına nalayiq ifadələr işlədilməsi ilə nəticələndi. Daha sonra Camalı uzun müddət görmədim”. 

Zərərçəkmiş bildirib ki, avqustun 4-də, səhər saatlarında Camalı görsə də, aralarında yaranmış mübahisənin üzərindən uzun müddət keçməsinə görə hər hansı reaksiya vermədən ərazidən uzaqlaşıb: “Daha sonra həmin gün saat 11 radələrində 3-cü mirkorayon dairəsi ilə üzbəüz olan kafenin çöl tərəfində “besedka” adlanan yerdə qardaşım Alimin dartışdığını gördüm. Dərhal həmin əraziyə iti hərəkətlərlə gəldim. Həmin mübahisənin olduğu yerə gələrək Camaldan hansı səbəbdən ünvanıma nalayiq ifadələr işlətdiyini soruşdum. Bu zaman Camal anidən şalvarının bel hissəsində saxladığı bıçağı çıxararaq üzərimə gəldi. İlkin olaraq zərbələr endirməyə çalışsa da, yayındım. Lakin anidən zərbənin biri mənim sol bud nahiyyəmə dəydi. Bu zaman Camal oradan qaçaraq yaxınlıqdakı yolun qarşı tərəfindəki “DOST” mərkəzinin həyətinə hasardan tullandı. Bundan sonra təcili tibbi yardım çağırıldı və həkimlərin müşayiəti ilə xəstəxanaya aparıldım”.

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Camal 2 il müddətə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top