“Hər bir məktəbin nizamnaməsi qəbul olunmalıdır” — TƏKLİF

SOSİAL 15 fevral 2024, 15:37
Paytaxtın Binə qəsəbəsində yerləşən 334 saylı tam orta məktəbdə 10-cu sinif şagirdinə qarşı sinif yoldaşları və idman müəllimi bullinq edib. 249 saylı məktəbin üçüncü sinfində təhsil alan 8 yaşlı qız isə müəlliminin onu təhqir etdiyinə, fiziki şiddət göstərdiyinə görə bir müddətdir dərsdən yayınıb, məktəbə getmək istəmir. Hər iki hadisə sosial şəbəkələrdə məktəblilərin valideynləri tərəfindən işıqlandırılıb.
 
Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, bu gün məktəblərin bir çoxunda belə hallar yaşanır. 

Onun sözlərinə görə, rəhbərlik və sinif rəhbərləri təlim-tərbiyə işinə laqeyd münasibət bəsləyirlər. 

Ekspert məktəblərdə tətbiq olunan şagird davranış qaydalarının effekt vermədiyini təəssüflə qeyd edib:

“Bu qaydalar ilk dəfə tətbiq olunmağa başlandığı zaman təhsil ekspertləri olaraq bildirmişdik ki, bunlar yerli mühitə uyğun qaydalar deyil və nəticəsi olmayacaq, belə də oldu. 

Düşünürəm ki,məktəblərdə baş verən neqativ hallarla bağlı problemləri həll etməyin yeganə yolu məktəblərin nizamnaməsinin qəbul edilməsidir. Hər bir məktəbin öz nizamnaməsi olmalıdır. A-dan Z-ə qədər – istər şagirdlərin bir-biri ilə, istər müəllim-şagird, istər valideyn-məktəb münasibətləri, şagirdlərin, müəllimlərin, valideynlərin vəzifələri, baş verən hadisələrdə hansı tədbirlər görülməlidir, neqativ halların baş verməməsi üçün nələr etmək lazımdır, bu və digər məsələlərin hər biri məktəbin nizamnaməsində öz əksini tapmalıdır. 

Nizamnamə məktəbin bir növ konstitusiyasıdır. Müəllim, şagird, valideyn nizamnamənin tələblərinə əməl etməyə borcludur. Eyni zamanda bu qaydalara riayət edənlərin rəğbətləndirilməsi, onları pozan şəxslərin cəzalandırılması da sənəddə göstərilməlidir.
 
Müstəqilliyimizin 33-cü ilindəyik, təəssüf ki, məktəblərin nizamnaməsi hələ də qəbul edilmir. Nəticə etibarilə problemlər getdikcə artır. Hər bir məktəbdə nizamnamədən irəli gələn qaydalara əmək olunması ilə bağlı ciddi nəzarət sistemi qurulmalı və hesabatlılıq təmin olunmalıdır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi artıq formalaşıb. 

Düşünürəm ki, tezliklə vəziyyət yaxşıya doğru dəyişəcək. İlk növbədə nizamnamə və bu və ya digər məsələlərlə bağlı hüquqi normativ sənədlər qəbul edilməlidir”.
  
Qeyd edək ki, 334 saylı tam orta məktəbdə baş verən hadisə ilə bağlı valideyn şikayətinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən reaksiya verilib. Məsələ araşdırılıb və lazımı tədbirlər görülüb. 249 saylı məktəbdən isə mətbuata bildirilib ki, müəllim uşağa fiziki-psixoloji şiddet göstərməyib, dərsə qulaq asmadığı üçün tənbeh edib. 

  
Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 sentyabr 2025, 22:16
11 sentyabr 2025, 21:01
Top