Qınaq obyektinə çevrilən zəvvarlar: “Ömründə bir dəfə namaz qılmayan, oruc tutmayan, qibləsini də tanımayan insanlar…”

GÜNDƏM 12 fev 2024, 13:05
Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən şəxslər 5 850 ABŞ dolları ödəməlidirlər. Çox adam fikirləşir ki, bu məbləğ həddən artıq yüksəkdir. Düzdür, qiymətlər hər il artılır. Amma nədənsə ancaq Həcc ziyarətinin qiyməti açıqlananda bəzilərinin yadına düşür ki, həmin pulu daha lazımlı, faydalı işlərə xərcləmək olar. Məsələn, sosial şəbəkələrdə yazırlar ki, 10 min manat verib Həccə getməkdənsə, kasıb ailəyə əl tutun, şəhid, qazi övladlarına kömək edin. Halbuki bu pulun iki-üç mislini elə özündən başqa kimsəyə xeyri olmayan işlərə xərcləyən insanlar da var. Dininin buyurduğu vacib əməli həyata keçirən müsəlman nədənsə hər il Həcc mövsümündə müzakirə obyekti olur.  

İlahiyyatçı Ağa Hacıbəylinin söylənən fikirlərə münasibəti birmənalı olmayıb.

O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, Həcc ziyarəti Allahın əmri, imkanlı insanın da borcudur, əgər onun sağlamlığı da buna yol verirsə, Həcc ziyarətinə gedə bilər: 



“Bəziləri düşünür ki, insan ömründə bir dəfə də olsun Həccə getməsin, həmin pulla qonşusuna qohum-əqrəbasına əl tutsun. Mən inanıram ki, ürəkdən Allahın evini ziyarət etmək istəyən insan elə ətrafındakılara, ehtiyacı olanlara kömək edib, indi də ziyarətə getmək istəyir. Ömründə bir dəfə namaz qılmayan, oruc tutmayan, qibləsini də tanımayan insanlar hər zaman tənqid edir, nöqsan axtarırlar. Bəlkə də onların həyatına baxsaq, Həcc ziyarətinə xərclənən puldan qat-qat artığını lazımsız, yanlış işlərə xərcləyiblər, amma başqalarının ibadətinə əngəl olmağa çalışırlar. Ümid edirəm ki, insanlarımız belə yanlış təbliğatlara uymayacaqlar. Biz müsəlmanıq, bizim inanc yerlərimiz, dəyərlərimiz var. Qaldı ki, ikinci, üçüncü dəfə Həccə getmək istəyən şəxslərə - bəli, onların köməyə ehtiyacı olan birinin xərclərini qarşılaması daha savab sayıla bilər.

Unutmayaq ki, insanlar pulu, varı ilə Allahın evinə getmirlər, əslində, könlü zəngin olan, qəlbi, ruhu Allahla birgə olan, içində Allah, Peyğəmbər sevgisi olan insanlar o evin həqiqi qonaqları sayılırlar. Bu insanların ziyarəti Rəbbin dərgahında qəbul olunar. 

Həcc ziyarəti qiymətlərinin ildən-ilə qaldırılması əlbəttə ki, xoş deyil. Həcc ziyarətində maddi sıxıntıların yaranması məhdudiyyətlərə səbəb ola bilər”. 

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün qiymət 5 750, 2022-ci ildə 5 350, 2019-cu ildə isə 4 285 dollar olub. 2020-2021-ci illərdə pandemiya səbəbilə Azərbaycandan ziyarətə gedən olmayıb. 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top