Hüceyrələrimizi məhv edən qidalar: “Şəkərli diabetə səbəb olur”

SOSİAL 01 fev 2024, 17:20
Düzgün qidalanma sağlamlığımızın bünövrəsi, sağlam həyatın təməlidir. Qloballaşan dünyada sağlam qida məhsulları tapmaq problemə çevrilib. Marketlərdə tərkibində insan orqanizmi üçün zərərli qatqılar olan paketləşdirilmiş qidaların satışı üstünlük təşkil edir.

Qida mütəxəssisi Ağa Salamov süni qidaların insan orqanizminə zərərlərindən danışıb. Onun sözlərinə görə, qloballaşan dünyada süni qidalar üstünlük təşkil edir, nəinki orqanik məhsullar. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, süni qidaların arasında boş karbohidratlardan ibarət paketləşdirilmiş qidalar var – çipsilər, şəkərli məhsullar, rəngi, qazlı içkilər və s. Bunlar orqanizmin bir nömrəli düşmənidir:

“Bu cür qida və içkilər mədə-bağırsaq sağlamlığı üçün zərərlidir, çünki mədə-bağırsaq sistemindən sovrulmur. Həkimlər də təsdiqləyər ki, bu məhsullar həzm prosesini pozduğuna görə mədə-bağırsaqda iltihaba səbəb ola bilər. Çoxları deyir ki, neçə vaxtdır yeyirəm, heç nə  olmur. Məsələ budur ki, insan orqanizmində milyardlarla hüceyrələr var və onlar orqanik hüceyrələrdir. İnsan süni qida istehlak etdiyi zaman orqanizm onu tanımır. Belə olan halda da qaraciyərə yük düşür. Qaraciyərdə yağlanma, piylənmə, şəkərli diabet və bir çox mədə-bağırsaq xəstəlikləri yaranır, mədəaltı vəzi sıradan çıxır. Bu proses bir günə deyil, tədricən baş verir”.



A.Salamov əlavə edib ki, bu gün daha çox təbii məhsulların istehsalına yer ayırmalı torpağı əkib-becərməliyik:

“Ənənəvi toxumları əkib onlardan bol məhsul əldə edib istehlaka buraxmasaq, marketlərə daha da çox üz tutacayıq. Marketlərdə də monopoliya olduğu üçün hibrit məhsul yetişdirən monopolistlər mağazaları bu cür qidalarla doldurublar. Kəndli təsərrüfatı sıradan çıxıb, insanlar bazarlara deyil, daha çox marketlərə üz tuturlar. Sağlam qidadan danışırıqsa, kəndliyə, fermerə dəstək olmalıyıq. Əkinçiliyin, maldarlığın inkişafına şərait yaratmalıyıq. Maldarlara “ölü heyvan” yox, sağlam heyvan vermək lazımdır ki, o da artımda maraqlı olsun, kəndlini su ilə təmin etmək lazımdır. Yalnız bu halda bolluqdan və qida təhlükəsizliyindən danışa bilərik”.


Törə Zeynallı
Demokrat.az

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top