Siyasi həyata qayıdan gürcü milyarder Cənubi Qafqaza nə verə bilər? — ANALİZ

XARİCİ SİYASƏT 29 yan 2024, 16:07
Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişvili siyasətə qayıdacağını və ölkəsinin Avropa İttifaqına inteqrasiyasını sürətələndirməyin vacibliyini açıqlayıb. Rusiyayönümlü mövqeyi ilə tanınan gürcü milyarderin birdən-birə Avropaya yaxınlaşmağn tərəfdarı kimi çıxış etməsi söz yox ki, Cənubi Qafqazda proseslərin yeni məcraya yönələcəyinə işarə sayıla bilər. Maraqlıdır ki, üç il əvvəl siyasətdən getdiyini bəyan edən keçmiş Baş nazir, ölkənin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının qurultayında təsisçisi olduğu bu siyasi təşkilatın fəxri sədri seçilib.

O, partiyanın fəxri sədri statusunda siyasi həyata öz təşəbbüsü ilə qayıtdığını söyləyib.

Ötən ilin sonuna yaxın Brüsseldə Avropa İttifaqı liderlərinin sammitində bu birliyə üzv olmaqla bağlı Gürcüstana namizəd statusunun verilməsinə dair qərarın qəbulundan az sonra İvanişvilinin yenidən siyasi arenaya dönməsi birmənalı qarşılana bilməz.

Düzdür, ittifaqa namizədliklə bağlı qərarın Gürcüstan üçün əhəmiyyəti və bu sənədin ölkənin taleyində nəyi dəyişib-dəyişə bilməyəcəyi Cənubi Qafqazdakı prosesləri yaxından izləyən və siyasi sferada söz sahibi olan bütün dairələri maraqlandırır.

İvanişvilinin bu qərarı “Avropaya inteqrasyanın tezləşdirilməsi” pərdəsi arxasında başlanan başqa bir oyunun ilkin mərhələsi də ola bilər.

İndi Cənubi Qafqazda çox gözəl anlayırlar ki, Avropa İttifaqı ilə əməkdaşlıq labüd olsa da, onunla tərəfdaşlıq bu bölgədəki respublikalar üçün heç də həmişə uğur gətirmir. Ən azından, Azərbaycan və Gürcüstanın timsalında 30 illik təcrübəyə söykənsək, deyə bilərik ki, bu iki ölkənin ərazi bütövlüyü ilə bağlı bir qərinəlik problemin həllində Avropa yalnız kağız üzərində qalan bəyanatlardan başqa heç nə etməyib.

Avropa İttifaqına üzvlük üçün irəli sürülən tələblərin, konkret desək, Kopenhagen və Masstrixt kriteriyalarına cavab vermək hazırkı vəziyyətdə Gürcüstan üçün mümkünsüzdür. Bu dəyərlərin ölkədə bərqərar olmasına çalışmış sabiq prezident Mixeil Saakaşvili həbsdədir, mövcud hakimiyyət keçmiş ölkə başçısının azadlığa buraxılmasında maraqlı deyil, onun tərəfdarları iqtisadi və siyasi baxımından xeyli gücsüzdür.

Hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının siyasi idarəçilik prinsipləri isə ölkənin inkişafını Cənubi Qafqaz və region ölkələrindəki mövcud təbii siyasi-iqtisadi proseslərdən sürətli həyata keçirməməyə söykənir. Gürcüstanın siyasi hakimiyyəti daha çox balanslaşdırılmış siyasət yürüdür, ölkənin təhlükəsizliyini, iqtisadi inkişafını həm də qonşu ölkələrlə sıx əməkdaşlıq üzərində müəyyənləşdirir.

Nəzərə alsaq ki, bugünkü siyasi hakimiyyət Bidzina İvanişvili tərəfindən qurulmuş siyasi partiyanın təmsilçiləridir, deməli, yenidən siyasi həyata qayıdan gürcü milyarder bir daha hakimiyyət başına şəxsən gələsi olsa, ölkənin indiki siyasi-iqtisadi xəttini 180 dərəcə dəyişməyə çalışmayacaq. Bunun üçün təkcə siyasi rıçaqların güclü olması yetərli deyil, eyni zamanda, xalqın Avropa dəyərlərini tam mənimsəməsi üçün kifayət qədər zaman xərcləmək lazım gələcək. Bununla yanaşı, Kopenhagen və Maastrixt kriteriyalarına cavab vermək məsuliyyətini öz üzərinə götürən Gürcüstan rəhbərliyi qonşu ölkələrlə də siyasi, iqtisadi əlaqələrinə yenidən baxmalı olacaq... Bu isə rəsmi Tiflis üçün gözlənilməz çətinliklərin meydana gəlməsinə rəvac verəcək.

Çox güman ki, bütün bunları nəzərə alan Bidzina İvanişvili Gürcüstanın Avropa İttifaqına qoşulmasını labüd saysa da, bunun üçün zamanın yetişmədiyini yaxşı dərk edir. Hələ ki, Cənubi Osetiya və Abxaziya probleminin köklü həll edilməməsi Gürcüstanın İttifaq ölkələrinin sırasında dayana bilməsinə ən böyük maneədir.

Gürcüstanın Avropa İttifaqına qoşulmaq üçün namizədlik statusu qazanması söz yox ki, onun Rusiya ilə münasibətlərinə təsirsiz ötüşməyəcək. Eləcə də Azərbaycanla iqtisadi-siyasi əlaqələri Avropanın diqtəsi ilə təhlükə altına düşə bilər.

Digər tərəfdən, son zamanlar Avropa İttifaqına meyl göstərən Ermənistanın Gürcüstana təsirlərini də nəzərdən qaçırmayaq.

Azərbaycanla çox yüksək siyasi-iqtisadi əlaqələrə malik olan Gürcüstan Fransadan alınan silahların öz ərazisi üzərindən Ermənistana daşınmasına icazə verməklə ciddi şəkildə dalana dirənmiş olduğunu ortaya qoydu...

Azərbaycanla dostluq əlaqələrinin fonunda fransız silahlarının İrəvana çatdırılmasına razılıq verən rəsmi Tiflis Moskva ilə münasibətlərin normallaşdırılmasında göstərdiyi səyləri də sual altına atmış oldu.

Təbii ki, bütün bunların Avropanın təzyiqi ilə baş verdiyi şübhəsizdir.

Ötən ilin noyabr ayının sonlarında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Gürcüstana gedib və orada işgüzar görüşlər keçirib. Onun Gürcüstana səfərindən bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Mərkəzi Asiyanın iqtisadi perspektivləri ilə bağlı konfransda iştirak üçün Bakıya dəvət etmişdi.

Paralel olaraq, həmin ərəfədə Bakıda Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda görüşü baş tutub. Fransadan Ermənistana hərbi yüklərin Gürcüstan ərazisindən keçməsi və bunun regional sabitliyə təhlükə törətməsi ilə bağlı Azərbaycanın səsləndirdiyi fikirlər də söz yox ki, Azərbaycan-Gürcüstan əlaqələrinə hansısa formada təsirsiz ötüşmür.

Məhz bu məqam Ermənistan üçün xoşagəlməz halların yaranmasına işarə sayıla bilər. Son dövrlər Avropa İttifaqına doğru meyllənmiş siyasi xətt tutan Ermənistan Gürcüstanın da bu birliyə üzv olmasına maraqlıdır. Çünki rəsmi Tiflisin sıx əməkdaşlıq etdiyi Ankara və Bakının Brüssellə aralarında “soyuqluğun” olmasından istifadə etməyə çalışan Ermənistan regionda üzləşdiyi “təklənmədən” xilas olmağa çalışır.

Bunun üçün də Gürcüstanın siyasi, hərbi-siyasi dairələri ilə əlaqələri intensivləşdirən rəsmi İrəvan Tiflisi Avropadan verilən bir çox vədlərə inandırmaq üçün əlindən gələni əsrigəmir.

Təbii ki, bu gün Ukraynada baş verənləri yaxından izləyən Gürcüstan hakimiyyəti Kiyevin üzləşdiyi aqibəti yaşamaq fikrində deyil.

Bu təhlükənin, daha doğrusu, Avropanın Cənubi Qafqazda yeni münaqişələrin yaranması istiqamətindəki cəhdlərinin getdikcə çoxaldığını dərk edən Bidzina İvanişvilinin siyasi fəaliyyətə yenidən qayıtması onun öz ölkəsini xilas etmək istəyindən irəli gələ bilər və ya Kremlin ondan hansısa formada ciddi şəkildə yardım istəməsinin təzahürüdür. Bütün hallarda, siyasətdən getdiyini açıqlamış milyarderin qəfildən geri qayıtmasının arxasında xırda səbəblər dayana bilməz.

Dünyada baş verən hərbi siyasi proseslərin, Yaxın Şərqdəki, Ukraynadakı müharibələrin Cənubi Qafqaza təsirsiz ötüşmədiyi bəllidir. Xüsusilə Qara dəniz hövzəsi ölkələrinin-Rusiya və Ukraynanın apardığı müharibə Gürcüstan iqtisadiyyatı üçün mənfi çalarla müşayiət olunur. Artıq mülki və ticarət gəmiləri üçün təhlükəsiz hesab edilməyən Qara dəniz sularındakı vəziyyət bu ölkənin ticari əlaqələrində axsama meydana gətirdiyi şübhəsizdir. Bu səbəbdən də Azərbaycan, Türkiyə və Rusiya ilə əlaqələrin daha da möhkəmləndirilməsinə ehtiyac duyan rəsmi Tiflis Avropanın təzyiqi ilə Ermənistanın formalaşdırmağa çalışdığı təhrikləri dəqiq qiymətləndirməyə məcburdur.

Çoxdandır, Gürcüstana səfəri planlaşdırılan Ermənistanın Baş naziri Nikol Paşinyanın Tiflisə səfərinin əsas məqsədlərindən biri sözsüz ki, regional təhlükəsizliklə yanaşı həm də Avropaya inteqrasiyanın yollarının axtarılmasıdır.

Əslində, Paşinyanın bütün bu cəhdləri İvanişvilinin aktiv siyasi sferaya qayıtmasından sonra Gürcüstanın yürüdəcəyi siyasətdə Rusiyayönümlülüyün daha da güclənəcəyinə hesablanmış ola bilər.

Görünən odur ki, Ermənistan Azərbaycan və Türkiyə ilə yüksək siyasi, ticari və mədəni əlaqələrə malik olan Gürcüstanın Rusiya ilə münasibətlərinin də yüksək səviyyə çatdırılmasından ciddi narahatlıq keçirir.

Bununla yanaşı, Gürcüstanın son illər yürütdüyü çoxistiqamətli xarici siyasət Tiflisin, Avropa İttifaqının rəqiblərindən biri olan Çinlə iqtisadi əlaqələrinin güclənməsinə gətirib çıxarır. Gürcüstanı Avropa İttifaqına doğru aparan yolunda ən böyük maneə təkcə Pekinlə deyil, həm də Moskva ilə olan münasibətlərdir.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamasından sonra rəsmi Tiflis həm Kiyevə dəstək ifadə edib, həm də bütün kənar təzyiqlərə rəğmən, Moskva ilə əlaqələri bərpa eləmək istiqamətində siyasət yürüdüb. Bu yanaşma Qərbin siyasi institutları tərəfindən narazılıqla qarşılansa da, Gürcüstanın siyasi elitası ölkənin gələcəyinə hesablanmış gedişləri müstəqil şəkildə icra etməyi üstün tutub.

Təbii ki, bu da Rusiya ilə müttəfiqlikdən Avropa ilə həmkarlığa meyllənən Ermənistanı mütəəssir edir.

Bütün hallarda, İvanişvili siyasi həyata qayıtdıqdan sonra dediyi kimi, Avropa İttifaqına doğru yön almasa, Ermənistan Qərbin təzyiqi ilə Gürcüstanla münaqişə vəziyyətinə gəlib çıxmalı olacaq... Bunun üçünsə Ermənistan tərəfindən irəli sürülmüş və hələ də aktual olan Gürcüstana ərazi iddiaları var.

Ona görə də, Gürcüstan siyasi hakimiyyətinin Avropa İttifaqına inteqrasiya və Rusiya ilə münasibətlərin saxlanılmasında balansı qoruya bilməyəcəyi şübhəsizdir...

İvanişvili yenidən siyasi həyata qayıtmaqla, görünür, ölkəsini xilas edə biləcəyinə ümidlidir...


Hərbi-siyasi ekspert Teymur Zahidoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top