“Məktəblilərin üzərində dəfələrlə “beşbarmaq” deyilən təhlükəli alət aşkarlanıb” — Məktəblərdə kriminal vəziyyət hökm sürür?

GÜNDƏM 23 yan 2024, 16:55
Xəbər verdiyimiz kimi yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin verdiyi açıqlamada qeyd edilib ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin   120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İlkin ehtimala görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırmalar davam edir. 

Sosioloq Lalə Mehralının fikrincə, məktəblər artıq təlim-tərbiyə verməkdə acizdir:  



“Bir müddət əvvəl sosial şəbəkələrdə bir video çıxmışdı qarşıma. TV proqramların birinə çıxan bir valideyn məktəblə bağlı ciddi ittihamlar irəli sürdü. Valideynin dediyinə görə onun qızının tərbiyəsi məktəbdə pozulur. Əksəriyyət bunu inkar etsə də o qadının dediklərində həqiqət vardı. Təhsil verməyin ödəsindən gələ bilməyən təhsil ocaqları tərbiyə məsələsində nə qədər bacarıqlı ola bilər ki?!”

Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, məktəblərdə kriminal vəziyyət hökm sürür: 

“Böyük təəssüf hissi ilə bunu etiraf etməliyik. Elə son hadisə də bunu sübut edir. Hər ikisi məktəbli, hər ikisi yetkinlik yaşına çatmayan uşaq – biri ölən, biri öldürən. Şagirdlər məktəbə təsbehlə, bıçaqla gəlirlər. “Kəpənək” deyilən bıçaq növü ilə qısnama, hədələmə hərəkətləri etməyə meylli olan nəsil yetişib. Onlar bıçaqla lovğalıq edirlər, qısnama zamanı hədə-qorxu gəlmək üçün istifadə edirlər. Məktəblilərin üzərində dəfələrlə beşbarmaq deyilən təhlükəli alət aşkarlanıb. Uşaqlar saytlardan zorakılıq təbliğ edən oyunların simvolu olan silahlar sifariş edirlər. Daha sonra sifariş edilən silahları məktəbə gətirib sinif yoldaşlarına paylayırlar. Məktəblər və məktəb rəhbərliyi zorakılıq nümayiş etdirən uşaqları asanlıqla müəyyən edə bilər. Bunun üçün sinif rəhbəri, məktəb psixoloqu, məktəblinin dostu var. Xüsusilə də məktəbdə çalışan psixoloqlara mühüm vəzifə düşür. Belə uşaqların nəzarətdə saxlanılması, onların ailələrinin məlumatlandırılması, kəsici və deşici, zərərverici alətlərin məktəbə daxil olması ilə bağlı ciddi tədbir görülməsi zəruridir. Hər nə qədər müvafiq nazirlik bununla bağlı tədbir görüldüyünü desə də baş verən hadisələr sübut edir ki əslində vəziyyət təhlükəli həddi çoxdan ötüb”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top