“Ermənistanın havadarlarının bu məsələni öz ambisiyaları çərçivəsində həll etmək istəyini açıq görürük”

GÜNDƏM 28 dekabr 2023, 21:36
 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-nin 2023-cü ildəki fəaliyyətinə dair mətbuat konfransında anklavlar məsələsini toxunub. O qeyd edib ki, anklavlar məsələsi delimitasiya çərçivəsində həll oluna bilər:

“Bizim 8 anklavımız işğal altındadır. Anklav məsələsinin həll edilməməsinin səbəbkarı Ermənistandır”. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə bir müddət öncəki çıxışında bildirdi ki, delimitasiya prosesi uzana bilər, əgər tərəflər normallaşmaya nail olmaq istəyirlərsə, bunu sülh müqaviləsinin imzalanmasından sonraya da saxlaya bilərlər. Belə olan halda Ermənistanın işğalı altında olan 8 anklav kəndin qaytarılmasının daha bir müddət uzanacağı barədə suallar yaranır. 


Siyasi şərhçi Amid Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, sərhədlərin müəyyənləşdirilməsi və anklavlar məsələsinin sülh müqaviləsindən əvvəl həll edilməsi daha məntiqlidir: 

“Lakin, nəzərə alaq ki, sərhədlərin müəyyən edilməsi bir qədər uzun çəkən prosesdir və detallı araşdırmaların aparılmasını tələb edir. Eyni zamanda da bu məsələnin hansı xəritələr üzərindən aparılması sualı da hələ ki həllini tapmayıb. O zaman bunu sülh sazişinin bir bəndi kimi qəbul etmək olar. Amma bunu anklavlara aid etmək olmaz. Belə ki anklavlara dair hüquqi sənədlər arxivdə mövcuddur. Bu, uzaq tarix deyil. Sadəcə Ermənistan tərəfi bu tarixi faktların mövcudluğunu və anklavların Azərbaycana qaytarılmasını qəbul etməlidir”.
Politoloq əlavə edib ki, bu iki məsələnin müzakirələrə səbəb olması və ya sülh sazişinin mətninə əlavə edilməsi Ermınistan tərəfinin manipulyativ oyunudur:

“Hər iki məsələdə də Azərbaycanın mövqeyi açıq şəkildə ifadə olunub. Sərhədlər müəyyən olunmalı, anklavlar geri qaytarılmalı və sülh sazişi imzalanmalıdır. Bu ardıcıllıq daha məntiqli görünür. Lakin nəzərə almaq lazımdır ki, hər iki ölkə sülhə bu qədər yaxın olduğunu bildirdiyi halda prosesi yubatmaq olmaz. Çünki Ermənistanın bəzi havadarlarının bu məsələni öz xeyirləri və ambisiyaları çərçivəsində həll etmək istəyini açıq görürük”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top