Süd və süd məhsulları alarkən nələrə diqqət etməliyik? — Qida mütəxəssisindən AÇIQLAMA

GÜNDƏM 11 dek 2023, 17:10
Qida Təhlükəsizliyi Agentliyi Bakıdakı bazarlardan birində yoxlama aparıb. Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 50 ünvanında yerləşən, hüquqi şəxs “Nəzrin-E” MMC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı, əsasən, süd və süd məhsullarının satışında standartlara əməl olunmadığı aşkarlanıb. Qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin süd və süd məhsullarının satışı sahələrində müvafiq təmizlik işlərinin görülmədiyi, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və təlimlərə cəlb edilmədiyi, temperatur rejiminə əməl olunmadığı, məhsulların çirklənmədən və xarabolmadan mühafizə ediləcək şəraitdə saxlanılmadığı və üzərində etiket məlumatlarının mövcud olmadığı da ortaya çıxıb. Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Bazarda süd və süd məhsullarının satışı dayandırılıb, rəhbərlik barəsində inzibati protokol tərtib edilib və icrasına dair məcburi göstərişlər verilib.

Qida təhlükəsizliyi mütəxəssisi Asim Vəli Demokrat.az-a açıqlamasında bildirib ki, süd və süd məhsulları yüksək risk qrupuna daxil olan məhsullardır:



“Süd və süd məhsulları kalsium və fosfor başda olmaqla minerallar, zülal və riboflavin kimi bəzi B qrup vitaminlərinin qaynağıdır. Süd alarkən alış-veriş etdiyimiz yerin təmizliyinə diqqət etməliyik. Küçədə satılan çiy südləri almaq tövsiyə olunmur. Qablaşdırmasız satılan südlərin rəf ömrünü uzatmaq üçün tərkibinə karbonat, soda kimi maddələr qatılır. Bu, istehlakçıya çatdırılana qədər soyuq zəncir şərtlərinə riayət olunmadığı üçün onun tərkibində mikroorqanizmlərin çoxalmasına səbəb olur. Həmçinin evdə düzgün isidilmədikdə süddə mövcud vitamin, rəng və dad itkisi baş verir. Süd məhsulları seçərkən düzgün saxlanma şərtlərinə riayət edildiyinə xüsusilə diqqət etməliyik. Həmçinin məhsulun qablaşdırması pozulmamalı, hər hansı bir sızıntı və ya başqa zədə olmamalıdır”. 
Ekspert onu da qeyd edib ki, açıq şəkildə satılan pendir, şor, qaymaq, dondurma, kərə yağı kimi bir çox süd məhsulları gigiyenik şərtlər daxilindı istehsal edilmədikdə insan sağlamlığı üçün zərərli olan mikroorqanizmlər ehtiva edə bilər:

“Xüsusilə çiy süddən hazırlanan bu məhsullarda bruselyoz, salmonella kimi mikroorqanizmlər olur. Süd məhsulları mütləq şəkildə düzgün qablaşdırılmalı, saxlanma temperaturuna riayət olunmalıdır. İstehsal tarixi, son istifadə tarixinə diqqət edilməlidir. Vaxtı keçmiş məhsulları almamalıyıq. Süd və süd məhsullar 4-60 dərəcə C sabit temperaturda saxlanılmalıdır. Əgər temperatur artırsa, mikroorqanizmlərin çoxalmasına şərait yaranmış olur. Beləliklə, süd və süd məhsulunun qida dəyəri azalır və istifadə üçün yararsız hala düşür”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top