Bakıda dava: Yeniyetmə bıçaqlandı

KRİMİNAL 07 dek 2023, 12:07
Bakının Sabunçu rayonunda 2004-cü il təvəllüdlü Fərid tanışı Nurlanı bıçaqlayıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən il aprelin 30-da Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində  “Şuşa şəhərciyi” 2-ci sahədə baş verib. 

Orada yerləşən meydançada Fərid futbol oyunu oynayarkən tanışı Nurlanın futbol topunu ondan alarkən ayağı ilə onun ayağına vurması, sonra isə əlləri ilə onu itələməsi səbəblərindən aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı qisas almaq məqsədi ilə Fərid üzərində olan bıçaqla Nurlanın sol ayağının bud nahiyəsindən bir dəfə vurub. 

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nurlan ilə əvvəllər düşmənçiliyi olmayıb: “Futbol oynayarkən aramızda baş verən mübahisə zəminində mənə qarşı nalayiq ifadələr işlətdiyinə görə bıçaqla ona xəsarət yetirmişəm. Futbola işdən çıxıb getdiyimə görə üzərimdə “çörək bıçağı” olub. Hadisəni törətdikdən sonra isə həmin bıçağı atmışam”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən zaman 17 yaşı olub. Onun sözlərinə görə, mebel ustası kimi işləməklə evə qazanc aparıb. Deyib ki, zərərçəkmiş şəxslə barışıq əldə edib.

İş üzrə zərərçəkmiş Nurlanın sözlərinə görə, futbol oynayan zaman Fəridlə aralarında baş verən mübahisə zəminində sonuncu onu belindən bıçaqlayıb: “Mübahisəni Fərid başlatdı. Mübahisə zamanı Fəriddə bıçaq olsa da, mənim üstümdə bıçaq olmayıb. Fərid məni bıçaqladıqdan sonra orada olan İbrahim adlı tanışım bıçağı onun əlindən alaraq kolluğa atdı. Hazırda Fəridlə barışıq əldə etmişəm. Ona qarşı şikayətim yoxdur”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 3 il 1 gün müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top