Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Buna səbəb "RAF Fairford" (Royal Air Force Fairford) aviabazası ətrafında baş vermiş insidentlə bağlı İranın ittiham olunmasıdır.
"Londonun yüksək rütbəli rəsmilərinin "Fairford" hərbi bazasında baş verdiyi iddia edilən hadisəni İrana aid etmələri ilə bağlı əsassız iddiasına cavab olaraq, İngiltərənin Tehrandakı səfiri Hüqo Şorter çağırılıb və İrana qarşı məsuliyyətsiz yanaşmaya dair İslam Respublikasının kəskin etirazı ona çatdırılıb", - məlumatda bildirilib.
XİN-in Qərbi Avropa idarəsinin Baş direktoru Əlirza Yusifi Londonun İrana qarşı iddiasını rədd edib.
Xatırladaq ki, İran XİN dünən bununla bağlı bəyanat yayıb. İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi də oktyabrın 12-də krallığın Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə dövlət naziri Stiven Douti ilə görüşündə ölkəsinin "Fairford" aviabazası ətrafında baş vermiş insidentlə hər hansı əlaqəsini rədd edib.


