"Kimin evdə başı ağrıyır, ürəyi bulanır təcili yardım çağırır" — Həkimdən deputatın təklifinə MÜNASİBƏT

GÜNDƏM 05 dek 2023, 20:54
Deputat Rüfət Quliyev Milli Məclisin bugünkü iclasında dövlət xəstəxanalarının vəziyyətinə toxunub. Onun sözlərinə görə dövlət xəstəxanalarının maddi-texniki bazası, tibbi avandanlıqlarla təchizatı aşağı səviyyədədir. Deputat təklif edib ki, Bakıda ambulansların sayı artırılsın: “Özəl tibb ocaqları ən azı 5000-6000 manat depozit tələb edir. Tibbi sığorta bu xərclərin əksəriyyətini qarşılaya bilmir. Amma xəstə dövlət xəstəxanasına getsə, artıq tibbi sığorta bu xərclərin 85-90 faizini qarşılayacaq. Dövlət büdcəsindən mərhələli şəkildə daha çox vəsait ayrılsın ki, dövlət xəstəxanaları təmir edilsin, yüksək keyfiyyətli avadanlıqlarla təchiz edilsin və əməkhaqqı yüksək olsun. İkinci təklifimsə Bakı şəhərində fəaliyyət göstərən ambulanslarla bağlıdır. Belə ki, bir neçə il bundan öncə Bakı şəhərinin əhalisi 2,5 milyon olanda 175 ambulans ekipajı fəaliyyət göstərirdi. Bu gün bu say 140-dır. Buna görə də müraciət olunan zaman ambulanslar xəstənin yanına bir saatdan gec çatır. Bu vaxt 12-15 dəqiqə olmalıdır, ambulans sayı çoxalsa, bu belə olacaq. Bu say yenidən 180-190 olmalıdır ki, fəaliyyətləri effektiv olsun”.

Deputatın qaldırdığı məsələyə həkim professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında münasibət bildirib. Onun sözlərinə görə təcili yardım Sovet dövründən qalma sistemdir:



“Əslində, dünyanın heç bir yerində belə sistem yoxdur. Dünya praktikasında görürük ki, təcili yardım ilk növbədə ağır qəzalarda, çətin şəraitdə köməyə ehtiyacı olan şəxslərin təxliyəsi ilə məşğuldur. Bizdə isə kimin evdə başı ağrıyır, ürəyi bulanır təcili yardım çağırır. Bunu dünya səviyyəsinə çatdırmaq üçün yeni sistemə keçid etməliyik. Onda nəticə daha effektiv olacaq. Tıxaclar səbəbilə təcili yardım maşınları ünvana vaxtında çata bilmir, narazılıq yaranır. Düşünürəm ki, sistemimizi Avropa standartlarına uyğun qurmalıyıq. Bu halda tələblər də, şərait də fərqli olacaq, məmnunluq artacaq. 

Dövlət xəstəxanalarının maddi-texniki bazası məsələsinə gəldikdə isə, əslində, bu istiqamətdə son illər xeyli işlər görülüb, avadanlıq alınıb. Amma vətəndaşın bundan faydalanması üçün mexanizm düzgün qurulmalıdır, əsas məsələ budur. Səhiyyə sistemində təşkilatı işlər öz həllini tapmalıdır, klinik protokollar tərtib olunmalı, özfəaliyyət azaldılmalıdır”.   

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top