İki qardaşın saldığı körpü — Azərbaycan-Özbəkistan birliyi

GÜNDƏM 30 noy 2023, 18:17
Nə zaman Özbəkistanın adı çəkilsə, gözümün önünə “Azərbaycanfilm”in istehsalı “Görüş” filmi gəlir. Bu film 1955-ci ildə çəkilib. Bir il sonra premyerası olub. Filmdə Azərbaycanın görkəmli sənətkarlarının bir çoxu iştirak edir. Ancaq qətiyyətlə deyə bilərəm ki, özbək aktrisası Nelli Ataullayevanın yaratdığı Lala obrazı ən çox yadda qalan və ən çox seviləndir. Bəs necə?! Axı o, filmdə bizim – Azərbaycan xalqının gəlinidir! Azərbaycanlı Kamillə Lalanın saf sevgisi filmin əsas leytmotivini təşkil edir. Baxmayaraq ki, bu sevgi sovet kinematoqrafiyasının şərtləri əsasında filmdə əmək münasibətləri, pambıqçılıq yarışı, zərbəçi əməkdən, filandan doğur. Lakin iki gəncin ülvi hissləri bütün filmi təsiri altında saxlayır. “Görüş” filmindəki Lala həqiqətən o qədər gözəl, lətafətli, ürəyəyatımlıdır ki, onu bəyənməmək mümkün deyil. Hərdən düşünürəm, görəsən özbək tamaşaçısı bu filmi izəyibmi? Yaşlı və orta nəsil bəlkə də. Özbəklərdən kiminləsə nə vaxtsa rastlaşsam, mütləq soruşacağam.




Özbəkistanla bağlantımız möhkəmdir

Azərbaycanın Özbəkistanla bağlılığı Orta Asiyanın digər türkdilli dövlətlərindən daha möhkəmdir. Özbək dilinin cağatay dil qrupuna aid olması burada öz təsirini göstərir. Bəzi hərfləri, səsləri çıxmaq şərtilə əlifbamız bir-birinə çox uyğundur, danışıq dilimiz çox oxşardır. Qazaxlara, qırğızlara nisbətən özbək dilini daha asan anlayırıq, daha rahat üsiyyət saxlaya bilirik. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistana səfəri zamanı həm Özbəkistanın Prezidenti Şavkat Miziyoyevlə, həmçinin görüşlərdə iştirak edən özbək nümayəndə heyəti ilə də Azərbaycan dilində danışırdı, tərcüməçisiz. Özbəkistanla Azərbaycan əlaqələrinin tarixi kökləri danılmazdır. Etnik bağlılıq öz yerində, amma Azərbaycanla Özbəkistanın mədəni, ədəbi əlaqələri də həmişə sıx olub. Özbəkistanın incəsənət ustaları hələ sovet vaxtı da Bakıya tez-tez gəlirdilər. Bütün SSRİ-də məşhurlaşmış “Yalla” ansamblını bakılılar da çox sevirdi. Özbək estradasının o zamankı “ulduz”larının konsertlərindən zövq alırdıq. Batır Zakirovu unutmaq olmur,  Nəsibə Abdullayevanı isə indi də Azərbaycan tamaşaçısı doğması kimi qarşılayır. Bizim axı Tamara Şakirovamız da var - “Bəyin oğurlanması” filmindəki Nigar! Görkəmli rejissor Şöhrət Abbasovun yaratdığı filmlər, özbək kinematoqrafının bənzərsiz filmləri bu gün də yaddaşımızdadır. “Daşkənd çörəkli şəhərdir”, “Sən yetim deyilsən”, “Gəlinlərin qiyamı” və bir çox maraqlı, dərin məzmunlu filmləri daim sevə-sevə izləmişik. Orta Asiya dövlətləri arasında Azərbaycan insanının daha çox səfər etdiyi ölkə də Özbəkistan idi. Bu ölkənin paytaxtı Daşkəndi görənlər onun gözəlliyindən və özbəklərin mehribanlığından, səxavətindən ağız dolusu danışırdılar. Həqiqətən də Daşkənd çörəkli şəhər idi. Və hamı onu məhz belə adlandırırdı. Özbəkistan bizim üçün Xarəzmdir, Xivədir, Buxaradır, Kokanddır, Fərqanədir... Özbəkistan İbn Sinadır, Əhməd Yəsəvidir, Cəlaləddin Mengburnudur, Babur Şahdır, Əmir Teymurdur, Uluqbəydir. Əlişir Nəvaidir... Əlbəttə ki, Özbəkistanla sıx qardaşlıq əlaqələrimizin olmasında və bu əlaqələrin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu danılmazdır. 



Çətin sınaqlardan keçən qardaşlıq

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daim qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm verirdi, hələ Sovetlər dövründə onun türkdilli qardaş ölkələrə xüsusi rəğbəti olub. Heydər Əliyev Azərbaycan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən (1969-1982) Özbəkistan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Şərəf Rəşidovla sıx dostluq əlaqələri vardı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistana dövlət səfəri zamanı bu haqda danışdı, qeyd etdi ki, hər iki ölkənin liderləri - Şərəf Rəşidov və Heydər Əliyev arasında möhkəm dostluq əlaqələri olub. Lakin “özbək işi” adlandırılan qondarma məsələ ilə əlaqədar xəyanətkar ünsürlərin – Qdlyan və İvanov kimi erməni millətçiləri tərəfindən Şərəf Rəşidova qarşı böyük ədalətsizlik edilib. Bu hadisələr Sovet İttifaqının türkdilli respublikalara qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücumu idi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də öz çıxışında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə həmişə fəxr etdiklərini, özbək xalqının bu böyük şəxsiyyəti daim xatırladığını və ehtiramla yad etdiyini deyib. Azərbaycan və Özbəkistan müstəqilliklərini bərpa etdikdən sonra isə qardaşlıq əlaqələrində yeni dövr başladı. Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, Özbəkistan Respublikasının  da Azərbaycan Respublikasında səfirlikləri açıldı. İkitərəfli münasibətlər inkişaf etdi. Özbəkistan Respublikasının Prezidenti mərhum İslam Kərimov Azərbaycana səfər etdi. Və iki ölkə arasında bir sıra mühüm sənədlər, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalandı. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu ilə təltif olundu. 21-22 oktyabr 1996-cı il tarixində isə Azərbaycan Prezidenti, Ulu Öndər Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkəndə səfər etdi. Ulu Öndər 1997-ci ilin iyun ayında növbəti dəfə Özbəkistana rəsmi səfər edib. Bu səfər çərçivəsində də Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə bir sıra sənədlər imzalanıb. Özbəkistana səfəri zamanı Ulu Öndərə Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim olunub. Ümummilli Liderin türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti haqqında dediyi sözlərsə tarixi əhəmiyyət daşıyır: “Xalqlarımızın mədəniyyəti, ədəbiyyatı, şeiri bir çox məhrumiyyətlərə, çətinliklərə məruz qalmışdır. Bu çətinliklər tarixin, ola bilər ki, bəzən çox böyük mərhələlərində mədəniyyətimizə zərbələr vurmuş, ancaq mədəniyyətimizi, ədəbiyyatımızı, şeirimizi öldürə, məhv edə, yox edə bilməmişdir. Türkdilli xalqların bütün bu çətinliklərdən, sınaqlardan keçib gəlmiş mədəniyyəti, ədəbiyyatı, şeiri indi dünyada, bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutubdur.” Ulu Öndərin təməlini qoyduğu məsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dövlət siyasətində türkdilli ölkələr, o cümlədən Özbəkistanla qardaşlıq, dostluq və əməkdaşlıq uğurla davam etdirilir.



Qardaş dəstəyi, qardaş hədiyyəsi 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sayəsində ölkələrimiz arasındakı əlaqələr daha da möhkəmlənib və yeni mərhələyə qədəm qoyub. Prezident lham Əliyev 2022-ci ildə Özbəkistana 3 dəfə səfər edib. Ümumilikdə 130-dan çox sənəd imzalanıb, hansı ki siyasi-iqtisadi sahələri əhatə edir. Özbəkistanla Azərbaycan arasında münasibətlər həm də strateji üstünlük daşıyır. Daşkənd şəhərində keçirilmiş Birinci Özbəkistan-Azərbaycan Regionlararası Forumu da mühüm hadisədir. Özbəkistan Prezidenti Şafkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın Azərbaycana səfəri də iki ölkə və xalqlarımız arasında səmimi qardaşlıq və dostluq əlaqələrinin möhkəmliyini və yüksəlişi təsdiqlədi. Dövlət başçılarının Şuşaya – Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtına səfərləri isə xüsusi önəm daşıyırdı. Özbəkistan dövlətinin işğaldan azad edilmiş Füzuli şəhərinə etdiyi hədiyyə - məktəb binası iki dövlət arasındakı möhkəm qardaşlıq tellərinin sübutudur. Bunu cənab Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şafkat Mirziyoyevin Azərbaycana səfəri zamanı vurğuladı: “Füzuli şəhərinin yaxınlığından keçəndə sizin bizə təqdim etdiyiniz qardaş hədiyyəsinə - Mirzə Uluqbəy adına məktəbə bir daha böyük məmnunluq və minnətdarlıqla baxdım. Zənnimcə, Füzuliyə gələn hər kəs, orada yaşayanların hamısı belə münasibətə görə sizə minnətdardırlar. Bu, qardaş dövlətin ərazilərimizin bərpası prosesində birinci hədiyyəsidir. Özbəkistan Prezidenti Şafkat Mirziyoyev Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə müraciətlə “siz Xankəndində bayraq qaldırdınız və biz bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük. Güclü Azərbaycan artıq irəliyə doğru addımlayacaq və Azərbaycan və özbək xalqlarının uzun illər gözlədiyi uğurlara nail olacaq. Mən Şuşada və Füzulidə həyata keçirilən bütün işləri öz gözləri ilə görmüş insanam. Çox şadam ki, orada olmuşam”, söylədi. Azərbaycanı və Azərbaycan xalqını sevindirən də budur ki, özbək xalqı və Özbəkistan dövləti əsl qardaş olaraq daim yanımızdadır və gərəkən anda qardaş dəstəyini əsirgəmir.


Xivə, Bursa, Şuşa... 

Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ümumilikdə türk mədəniyyətinin, incəsənətinin təbliğində mühüm əhəmiyət daşıyır. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində silsilə tədbirlər keçirilib. Bu çərçivədə Xarəzm Vilayətinin Ürgənc Dövlət Universitetində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabı təqdim edilib və Azərbaycan mədəniyyəti və ədəbiyyatına dair tədbir təşkil olunub. Özbəkistan Mədəniyyət günləri çərçivəsində bu ölkənin incəsənət ustaları möhtəşəm konsert proqramı ilə Azərbaycanda çıxış ediblər. Bunlar Azərbaycan-Özbəkistan mədəni əlaqələri çərçivəsində həyata keçirilən silsilə tədbirlərin yalnız bir neçəsidir. 

Azərbaycan-Özbəkistan mədəni və ədəbi əlaqələrindən Demokrat.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyasının müəllifi, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova  Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin ümümtürk tarixinin parlaq səhifəsi olduğunu dedi:



“Şuşanın azadlığı təkcə Azərbaycanın zəfəri deyil, bütün türk dünyasının zəfəridir. Çünki erməni separatçıları Şuşanı işğal etməklə təkcə Azərbaycana deyil, türk dünyasına zərbə vurmuşdular. Şuşanı işğal etməklə türk mədəniyyətinin ayrılmaz parçası, türk musiqisinin konservatoriyası olan bir şəhəri darmadağın etməklə elə zənn edirdilər ki, türk mədəniyyəti boğulacaq və dirçəlməyəcək. Lakin unudurdular ki, geniş, ucsuz-bucaqsız türk coğrafiyasının hər addımında bu mədəniyyət yaşayır. Astana, Kazan, Şəki, Oş, Xivə, Bursa, Şuşa... bu şəhərlər sıra ilə türk dünyasının mədəniyyət paytaxtları olub və bundan sonra da gözəl, milli şəhərlərimiz yenə paytaxt seçiləcək. Türk dünyası dünyaya mədəniyyət ixrac edir, ulu mədəniyyəti və incəsənəti nümayiş etdirir”.

Azərbaycan-Özbəkistan mədəni və ədəbi əlaqələrindən danışan A.Ü.Binnətova qeyd etdi ki, Azərbaycan-özbək ədəbi əlaqələri qədim tarixə və böyük ənənələrə malik olsa da əsasən Əlişir Nəvai üzərində qurulmuşdur:



“Böyük özbək mütəfəkkiri və şairi Əlişir Nəvainin adı və əsərləri Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin bünövrəsini təşkil edir. Belə də demək mümkündür ki, Əlişir Nəvai Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin rəmzidir. Əlişir Nəvainin böyük ustad hesab etdiyi Nizami Gəncəviyə münasibəti və Məhəmməd Füzulinin Əlişir Nəvai haqqındakı yüksək fikirləri xalqlarımız arasındakı ədəbi əlaqələrin məhək daşına çevrilmişdir. Hindistanda böyük Türk dövlətinin qurucusu, şair qəlbli hökmdar Qazi Zahirəddin Məhəmməd Babur Şahın əlyazmalarının nadir nüsxələri Azərbaycan əlyazmalar Fondunda qorunur. Onun “Baburnamə”si iki azərbaycanlı alim tərəfindən tərcümə olunub. Hər iki xalqın ziyalılarının öhdəsinə düşən vəzifə tarixi əlaqələri müasirləri olduqları zamanda inkişaf etdirmək, bu əlaqələri daha da möhkəmləndirməkdir”.


Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top