“Məktəb dərsliklərindəki məlumatlarla imtahanlardan keçmək mümkün deyil” — Hansı dəyişikliklərə ehtiyac var?

SOSİAL 28 noy 2023, 19:37
 Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, dərslərin məzmunu yenidən nəzərdən keçirilməlidir. Şagirdlərin rəqəmsal bacarıqlarının artırılmasının vacibliyinə toxunan E.Bağırovun sözlərinə görə dərs yükünün çox olması ilə bağlı məsələyə baxmağa ehtiyac yoxdur. Bununla belə valideynlər və müəllimlər dərs yükünün çox olmasından narazıdırlar. Bu məsələ vaxtaşırı müzakirə olunur. Təhsil eksperti Elçin Murad da Demokrat.az-a açıqlamasında mövzuya münasibət bildirib. O qeyd edib ki, problem məktəblərdə tədris proqramının düzgün tərtib edilməməsindən qaynaqlanır:

“Əvvəlki dərsliklərdə qaydalar daha yaxşı izah olunurdu, şagirdlər də daha rahat mənimsəyə bilirdi dərsi. Test sualları, tapşırıqlarda uşaqlar problem yaşamırdılar. İndi isə məktəb dərsliklərində öyrədilən məlumatlarla Dövlət İmtahan Mərkəzinin imtahanlarından keçmək mümkün deyil. Buna görə də şagirdlər məcbur qalıb əlavə vəsaitlərə üz tutur, müxtəlif nəşrlərin materiallarından oxuyurlar. Halbuki dərsliklərdə məlumatlar dolğun və anlaşılan şəkildə yazılsa, müəllimlər fənləri lazımi şəkildə tədris etsə, şagirdlərin köməkçi vasitələrə ehtiyacı qalmaz”. 

Ekspertin fikrincə, kurikulum sistemi təhsilə töhfə vermir:

“Məktəb dərsliklərində ancaq mətnlər verilir və həmin mətnlər üzrə işləmək tapşırılır. Bunların heç biri ümumi qaydanı ödəmir. Kurikulum sistemi uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirməyə yönəlib, amma Azərbaycan təhsil sistemində bu özünü doğrultmur. Uşaqlar dərs vaxtının səmərəli keçməsi üçün heç bir iş görmür. Bu, müəllimlərdə də passivlik yaradır, 45 dəqiqə səmərəsiz ötüb keçir”. 
E.Murad əlavə edib ki, məktəb proqramında, dərsliklərdə müəyyən dəyişikliklər edilməlidir:

“Aşağı sinif şagirdləri çantalarında lazımsız kitablar, iş dəftərləri və digər vəsaitlər gəzdirməli olur, bu da onların sağlamlığına ziyandır. Məktəb proqramında, dərsliklərdə müəyyən dəyişikliklər edilməlidir, düzəlişlərə ehtiyac var. Lazımsız məlumatlar çıxarılmalıdır, dərsliklər daha effektiv şəkildə tərtib olunmalıdır. Kitab sayını maksimum şəkildə azaltmaq lazımdır. Fikrimcə bu gün orta məktəb kitabları qənaətbəxş səviyyədə deyil. Ölkədə ikili təhsil sisteminin olması problem yaradır. Nazirliyin proqramı ilə DİM-nin imtahanlarında salınan suallar bir-biri ilə uzlaşmır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top