Uşaqlara bu yaşa qədər peyvənd edilməlidir — XƏBƏRDARLIQ

GÜNDƏM 23 noyabr 2023, 20:12
Səhiyyə Nazirliyi ölkədə qızılca ilə bağlı epidemioloji vəziyyəti açıqlayıb. 

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. 

Qeyd edilib ki, bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar:

"Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur".

Infeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, uşaqları peyvənd etdirməmək bir çox fəsadlara səbəb olur:



"Bəzi rayonlarda hazırda yayılan qızılca xəstəliyi təhlükəli xəstəlikdir. Pnevmaniya və ensefalit verə bilir, ölüm halları ilə də nəticələnə bilər. Qızılca xəstəliyi immun yaddaş hüceyrələrini sıradan çıxarmaqla uşaqların bütün xəstəliklərə qarşı həssaslığını artırır. Uşaq anadan olandan üç-altı yaşına qədər rutin peyvəndi vurulur. Bu peyvəndlər qızılca ilə yanaşı digər təhlükəli xəstəliklər, hepatit B, tetanus, göy öskürək, difteriyaya qarşı da immun sistemini gücləndirir. Adicə uşaq yıxılıb dizi sıyrılanda tetanus xəstəliyinə yoluxa bilər. Valideynlərin səhlənkarlığı uşaqların orqanizmini xəstəliklərə qarşı açıq edir. Uşaqlara vaxtında bütün peyvəndlər mütləq vurulmalıdır".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyun 2025, 20:59
Top