“Bakıya elə bir yerdən dəstək var ki, Zəngəzur...” — Danielyan

GÜNDƏM 14 noy 2023, 22:14

“Fransa ilə hərbi-siyasi əməkdaşlığın Ermənistan üçün faydalı olacağını düşünmürəm”

Bunu erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, bir çox bölgələrdə geosiyasi proseslərə yön verən Böyük Britaniyadır ki, o da Azərbaycanın müttəfiqidir:

“Paris və ya Fransa bizim regionda əsas aktorlardan biri deyil, mən belə platformalarda və bu cür çıxışlarla məsələlərin həll olunduğunu düşünmürəm”.

Danielyen qeyd edib ki, Azərbaycanın siyasəti aydındır, bu, Türkiyə və Britaniya tərəfindən dəstəklənir:

“Dünyanın yenidən formalaşdırılması prosesi gedir, sərhədlərin dəyişdirilməsi dövrü gəlib çatıb. Bu, hətta Avropada, Ukrayna müharibəsində, Qəzzada və bizim regionda da baş verir, bütün Yaxın Şərqdə baş verəcək. Paşinyan isə geosiyasi vektoru dəyişməyə çalışır, çünki Rusiya regionumuzdan çıxarılır və Gürcüstanda gözlənilən proseslərdən çox şey asılı olacaq. Təsadüfi deyil ki, Gürcüstan, Moldova və Ukraynanın NATO və Avropa Birliyinə üzvlüyü məsələsi dərhal gündəmə gətirildi. Bu baxımdan bizim bölgədə də böyük dəyişikliklər və ya böyük mübarizə gözlənilir”.

Politoloq Azərbaycanın Türkiyə və Britaniyanın dəstəyi ilə hərəkət etdiyini qeyd edərək, Ermənistanın bu məntiqdən kənarda qaldığını vurğulayıb:

“Təsadüfi deyil ki, Ermənistanın rəsmi nümayəndələri əsas məsələlərin həll olunduğu Britaniyaya getmişdilər, Britaniyanın MI6-sının (kəşfiyyat qurumu) rəhbərinin aylar əvvəl Ermənistana səfəri təsadüfi deyildi. Düşünürəm ki, əsas razılaşmalar həmin səfər zamanı əldə olunub. Yəni Ermənistanın Qarabağdan çıxarılması... Hadisələrin məntiqinə görə, Ermənistan hökuməti buna çoxdan razılaşıb”.

Danielyan Zəngəzur dəhlizi məsələsinə də toxunub:

“Yollar vacib məsələdir, digər mərkəzlər kimi bizə də lazımdır, amma problem o yollara nəzarətdir. Kimin nəzarəti altında olacaq, kimlər üçün fürsət, kimin üçün təhlükədir? Əsas problem budur. Ruslar Sünikə (Zəngəzur) özlərinin nəzarət etməsini istəyirlər. Amma onlar böyük geosiyasi səhvə yol verdilər, Qarabağı strateji maraqlarına görə təhvil verdilər və Azərbaycan üzərində əsas təsir rıçaqlarını itirdilər”.

Ekspertin iddiasına görə, Ermənistandan keçən İran-Qara dəniz marşrutu Fransa üçün vacibdir:

“Bu, İran üçün də vacibdir, amma Rusiya üçün qəbuledilməzdir. Rusiyaya Azərbaycandan keçən İran-Rusiya yolu lazımdır, amma Ermənistanı itirən Rusiyanın bu yola nəzarət etmək rıçaqları olmayacaq. Britaniyanın türk dünyasına ehtiyacı var, əlbəttə, bu baxımdan Sünik türklərdə olmalıdır, ABŞ-a isə İran, Türkiyə və Rusiyaya qarşı təsir rıçağı kimi onun nəzarətində olan Ermənistan lazımdır. Çox mürəkkəb vəziyyətdir”./Teleqraf

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top