Ata-oğul namus üstündə həmkəndlisinin əyninə zorla qadın alt paltarları geyindirdi — CƏZA

HADİSƏ 16 okt 2023, 13:41
Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Sakit Mustafayev və onun oğlu Qabil Mustafayevin (hər ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest təmin edilməyib.

Lerik Rayon Məhkəməsinin hökmü ilə Sakit Mustafayevin aylıq qazancından hər ay 15% dövlət nəfinə pul tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Qabil Mustafayevə isə 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin etməyib.

İttihama görə, Qabil Mustafayevin arvadının mobil telefonuna həmkəndliləri mütəmadi olaraq zənglər ediblər. Bununla bağlı olaraq ata və oğlu zərərçəkmiş Xəlil Əsgərovu (şərti) cəzalandırmaq qərarına gəliblər. Bu məqsədilə onlar 14 iyul 2022-ci il tarixdə, saat 17-18 radələrində xuliqanlıq niyyəti ilə zərərçəkmişin bədəni üzərində sol baldır, sol iç topuq, sağ dirsək nahiyələrində sıyrıqlarla nəticələnən və sağlamlığına zərər vurmayan xəsarətlər yetiriblər. Daha sonra Sakit və Qabil Xəlilin əyninə zorla qadın alt paltarları geyindirərək VAZ-2121 markalı avtomobillə yaşadıqları kənddən Lerik şəhərinin “Avtovağzal” adlanan ərazisinə gətiriblər. Həmin şəxslər orada insan çox olan yerdə Xəlili buraxıb, ünvanına nalayiq ifadələr işlədiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top