Deputat: “Azərbaycan əsgərini nişan almaq istəyən layiqli cavabını alacaq”

GÜNDƏM 13 okt 2023, 13:11
“Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər. Bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı”. 

Demokrat.az
xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu:

“Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq”, - dövlət başçısı vurğulayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Qarabağda gizlənən terrorçuların aqibəti digərlərindən fərqlənməyəcək:

“Gizlənərək Azərbaycan dövlətinə və əsgərlərimizə müqavimət göstərmək istəyən terrorçulara ən sərt şəkildə cavab veriləcək. Azərbaycan mülki şəxslərə qarşı humanist davranır, mülki obyekləri hədəfə almır. Xankəndində qalan erməni sakinlərin təhlükəsizliyi qorunur, onlara hər cür köməklik edilir, imkansız ailələr üçün sosial sığınacaqlar təşkil olunub. Amma kimsə əlinə silah götürüb, Azərbaycan əsgərini nişan almaq istəyəcəksə, cavabını alacaq. Cənab Prezidentin bu faktı səsləndirməsi bu niyyətdə olanlara və onların arxasında dayananlara ciddi xəbərdarlıqdır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top