“Əlilliyi olan uşaqların ailələri yetəri qədər dəstək görmür” — HƏYƏCAN TƏBİLİ

GÜNDƏM 03 oktyabr 2023, 14:48
BMT-nin Uşaq Hüquqları Komitəsi əlilliyi olan uşaqların valideynlərinə dəstəyi gücləndirmək və həmin uşaqların öz ailə mühitində böyümək hüququnun təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib.

Demokrat.az xəbər verir ki, sənəddə icma əsaslı xidmətlərin, o cümlədən erkən müdaxilə xidmətləri və gündüz qayğısının əlçatanlığının artırılması, bu cür xidmətləri göstərən və valideynlərə adekvat sosial-iqtisadi dəstək göstərən QHT-lərə dəstəyin göstərilməsi, həmçinin damğalanma ilə mübarizə üçün maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsi və əlilliyi olan uşaqların hüquq sahibləri kimi müsbət imicinin təşviq edilməsilə bağlı tövsiyələr yer alıb.

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında təəssüflə qeyd edib ki, Azərbaycanda bu məsələ arxa plandadır:



“Bu uşaqların yaşıdlarına nisbətən daha çox dəstəyə, köməyə ehtiyacı var. Onların sosial həyata adaptasiyası, çevrələrinin genişləndirilməsi üçün çox işlər görülməlidir. Sağlamlıq problemləri olduğu üçün xərcləri çoxdur, buna görə də ailələrinə davamlı dəstək olmalıdır. Təəssüf ki, belə ailələr yetəri qədər dəstək görmür. Onlar hiss etməlidir ki, arxalarında dövlət var. Əmin olmalıdırlar ki, dövlətin köməyilə uşaqları müalicə olunacaq, təhsil alacaq. Bildiyimiz kimi, bu kateqoriya uşaqlar fərdi təhsilə cəlb olunmalıdır. Neçəsi fərdi təhsil ala bilir? Bu özü ayrı bir mövzudur. Müalicələrinə dövlət nə kimi dəstək göstərir, sosial paket çərçivəsində hansı xidmətlərdən yararlana bilirlər? Dövlətin ayırdığı müavinətlər təbii ki, yetmir. Bununla bağlı ciddi araşdırmalar aparılmalıdır. Təəssüf ki, əlaqədar qurumun bu məsələdə nəsə etdiyini görmürük. Ailələr yetəri qədər dəstək hiss etmir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top