"Bu, magistratura təhsili almaq istəyənlərə böyük əngəl törətməyəcək" — AÇIQLAMA

SOSİAL 26 sen 2023, 16:56
Xəbər verdiyimiz kimi magistraturaya qəbul imtahanında dəyişiklik edilib. Artıq ingilis dili imtahanında namizədlərin yazı bacarıqları da yoxlanılacaq. Onlar təqdim edilən iki mövzudan birini seçib, onun ətrafında 150-200 sözdən ibarət esse yazacaqlar. 

Yeniliyi Demokrat.az-a şərh edən təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə bu dəyişiklik gözlənilən idi:

“Artıq bir neçə ildir ki, doktoranturaya qəbul imtahanında ingilis dili üzrə yazı və danışıq bacarıqları yoxlanılır. İmtahanlar beynəlxalq standartlara uyğun təşkil edilməyə başlanıb. Burada təəccüblü nəsə yoxdur. Beynəlxalq dil imtahanlarında da mütləq şəkildə yazı bacarıqları yoxlanılır. Fikrimcə bu, magistratura təhsili almaq istəyənlərə elə də böyük əngəl törətməyəcək. Onsuz da ingilis dilindən imtahan verirdilər. Sadəcə prosesə esse yazmaq tələbi əlavə olunub. DİM bildirib ki, gələcəkdə danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur. Tələbələr testdən əlavə, xarici dildə yazı bacarıqlarını da inkişaf etdirsə, ciddi problem yaranmaz”. 

Ekspert bildirib ki, magistr təhsili bakalavr pilləsindən fərqli olaraq tədqiqat yönümlüdür:


“Burada məqalə yazmaq, tədqiqat aparmaq, konfranslarda iştirak etmək tələb olunur. Tələbələrin ingilis dili biliyi səviyyəsi, akademik yazı yazmaq qabiliyyəti nə qədər yüksək olsa, yaxşı bir tədqiqatçı kimi yetişmələrinə də müsbət təsir edər. Hələ imtahana 5-6 ay vaxt var.

Düşünürəm ki, bu, tələbələrə istənilən səviyyədə hazırlaşmaq üçün kifayətdir”.

Qeyd edək ki, dəyişiklik 2024-cü ildən etibarən tətbiq olunacaq. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top