Rus dilində danışmaq zərurətdir, yoxsa vərdiş? — SORĞU

GÜNDƏM 01 avq 2023, 20:28
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili Günüdür. 

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və dünyada 50 milyondan artıq azərbaycanlının ortaq ünsiyyət vasitəsidir.  Dil tək dövlətçiliyin rəmzi deyil, həm də xalqın milli kimliyindən xəbər verən əsas faktordur. Dil düşüncəmizi, düşüncə tərzi isə dəyərlərimizi, mədəniyyətimizi formalaşdırır. Əbəs yerə deməyiblər ki, hansı dildə danışırsansa, o dilin daşıyıcısı kimi də düşünürsən. Düşüncə isə çox şeydən xəbər verir.


Bu gün cəmiyyətimizdə böyük bir tendensiya yaşanır – rus dilində danışmaq. Şəhərin mərkəzində gəzərkən rus dilində daha çox eşidir, rus bölməsinə gedən birincilərin sayının ilbəil artdığını görürük. 

30 ildən çoxdur müstəqilliyini qazanmış ölkədə hələ də rus dilində danışmaq görəsən, zərurətdir, yoxsa vərdiş? 

Demokrat.az bir neçə tanınmış şəxsin bu barədə fikirlərini təqdim edir:

Deputat Sabir Rüstəmxanlı:


“Rus dilində danışmaq bəziləri üçün vərdişdi, bəziləri üçün də məsuliyyətsizlik. Hesab edirəm ki, özünə, milli kimliyinə, dövlətinə, xalqına hörmət edən insan öz torpağında öz xalqının, dövlətinin dilində danışmalıdır”.

Naşir, tərcüməçi – yazar Şahbaz Xuduoğlu:


“Bu barədə fikir bildirmək çətindir, geniş bir sosial sorğunun mövzusudur. İnsanlar hansı dildə eşidilirlərsə, o dildə də danışmağa çalışırlar. Görünür, Azərbaycan dilində az eşidildiklərinə görə, az müdafiə olunduqlarına görə, özünü yaxşı ifadə edə bilmədiklərinə görə rus dilində danışmağı seçirlər. Mənə elə gəlir ki, bu həm də təhsillə bağlıdır. Yəqin hələ də rus dilində təhsil Azərbaycan dilində olan təhsildən yüksəkdir. Düşünürəm ki, dilimizə investisiya qoyulmalıdır. Dilin inkişafı ilə bağlı xüsusi proqramlar işlənməlidir, mərkəzlər yaradılmalıdır. Əks halda dil öz keyfiyyətini itirir, aşağı səviyyəyə düşür. Bu dildə təhsil almaq, elm öyrənmək, kitab oxumaq olmur. Belə olduqda dil artıq məişət dili səviyyəsində qalır, elm, biznes dili olmur”.

Yazıçı Mehriban Vəzir:


“Bu, köləlik əlamətidir. Uzun illər biz rus imperiyasının işğalı, təsiri altında olmuşuq. Bu imperiyanın məqsədi dilimizi ikinci plana atmaq,  mədəniyyətimizi, tariximizi yox etmək, varlığımızı, kimliyimizi danmaq olub. Çox təəssüf ki, bu tendensiya zəifləsə də tam bitməyib. Bəziləri rusca danışmağı mədəniyyət  göstəricisi hesab edir. Dediyim kimi, bunlar köləlik simptomplarıdır, hansı ki, ictimai şüurda müəyyən  kəsim təbəqədə qalır. Təbii ki, bir müddət davam edəcək. Buna qarşı gərək həm dövlətin mübarizəsi olsun, həm də ziyalıların. Təəssüf ki, hökumət bununla mübarizə aparmır. Bəzi ziyalılar tək-tək danışır, amma səsləri çatmır, gücləri yetmir bu tendensiyanın qarşısını almağa. Düşünürəm ki, zaman özü yoluna qoyacaq bu məsələni”. 

Əməkdar elm xadimi, professor Şahlar  Əsgərov:


“Sosial proseslər idarə olunmalıdır. Sadə bir misal deyim. Kütləni özbaşına buraxsan, desən ki, ərazi vermişəm sənə, get, özünə ev tik, gedib, tikəcək, qəsəbə salacaq, Sulutəpə kimi. Nə bir infrastrukturu, nə bir univermağı, xəstəxanası, məktəbi olacaq. Amma cəmiyyəti idarə edəndə, evə ehtiyacı olanlara şəhər salanda – məsələn, Bakının Ağ şəhəri kimi – böyük, gözəl, təmiz – hamı və hər şey nəzərə alınır. Yəni sosial proseslər idarə olunmalıdır. Əgər bu gün rus dilində məktəbə gedənlərin sayı artırsa, bu, Təhsil Nazirliyinin 10-15 il əvvəl buraxdığı səhvlərin ucbatından baş verir. Səbəbini bilmək üçün tendensiyanı tutardı, tədqiqatlar aparardı və nəticəsini təhlil edərdi ki, görsün, niyə belədir. Azərbaycan bölməsi ilə rus bölməsini müqayisə etsəydilər, görərdilər ki, mədəniyyət səviyyəsi fərqlidir. Valideynlər də istəyir ki, öz uşağını elə məktəbə qoysun ki, orada müəllimlərin şagirdlərə mədəni qayğısı daha çoxdur. Əgər məktəbdə uşaqların üstünə qışqırırlarsa, pul yığırlarsa, “ad günümdə gül gətir” deyirlərsə, valideyn uşağını hara aparmalıdır? Bu prosesləri də Elm və Təhsil Nazirliyi idarə etməlidir, nəinki təhsili, tərbiyəni, bu işləri də bilməlidir, sosial çağırışları diqqətdə saxlamalıdır. Dövlət də bu işə yardım etməlidir. Əgər dövlət müəssisələri, özəli demirəm, rus dilində bilənə üstünlük verirsə, təbii ki, valideyn də uşağını rus bölməsinə qoyacaq. Təhsil böyük geosiyasətdir. 5-ci kolon çalışır ki, ölkədə Azərbaycan bölməsinin səviyyəsi aşağı düşsün, əhali rus bölməsini seçsin. Bunun kimi mürəkkəb bir prosesə barmaqarası baxmaq olmaz. Təhsilin keyfiyyətinə təsir edən çox faktor var. Bunların hər biri analiz olunmalıdır. Təbii ki, özəl müəssisələr hər iki dildə danışan şəxsləri işə götürə bilər. Amma dövlət dövlət dilini qorumalıdır. Heydər Əliyevin bir sözü var: “Ana dilini bilməyən adamlar şikəst adamlardır”. Rus sektoruna uşağımızı qoymaqla onları şikəst edirik. Milli qürur, təəssübkeşlik olmalıdır dilə, mədəniyyətə qarşı. Bütün bunlar kompleks yanaşma tələb edir”. 

Folklorşünas İlhamə Qəsəbova:

“Bu mövzu yaralı yerimizdir. Hansı dili danışırsansa, o dili yaşadırsan. Öz ana dilimizdə daha mükəmməl danışmaq bacarığına yiyələnəndən sonra digər dilləri də, hətta düşmən dilini də bilsək gözəl olar. Bu gün Azərbaycana gələn turistlər əhali arasıda daha çox rus dilini eşidirsə, bu, böyük faciədir. Ana dilində danışmayıb, dəb xatirinə rus dilində danışan, lakin 20 yanvar hadisələrinə görə rusları söyən, Xocalı faciəsinin ildönümü yaxınlaşanda ermənilərin arxasında rusların dayandığını deyən gənclər bu gün bəyənmədikləri millətin dilini yaşadır. Bundan bir dilçi və ədəbiyyatçı kimi narazıyam. Uşaqları yönəldən valideynlər, böyüklər olmalıdır. Azərbaycandan kənara çıxanda Azərbaycan türküyəm deyirik. Türkün dilini yaşatmaq lazımdır”.       

Sosioloq dosent Üzeyir Şəfiyev:

“Sovet dövründə rus dili işlək dil idi, əhatəsi geniş idi. Bunun təsirilə də cəmiyyətdə bir zümrə formalaşdı – rusdillilər. Bu daha çox Rusiyanın ruslaşdırma siyasətinin təzahürü idi. Dil həm də psixoloji hadisədir , təfəkkürlə bağlıdır. İnsan hansı dildə danışırsa, həmin dilin daşıyıcısı olan xalqın düşüncə tərzinə yiyələnir.  Rus dilinin geniş coğrafiyada yayılması, hakimiyyətin dili olması, dövlət idarələrində, ictimai yerlərdə işlək dil olması Azərbaycanda da onun əhatəsini genişlətdi. Rusdilli təbəqə rusca danışmayanları, bilməyənləri qınayır, yuxarıdan aşağı baxırdı. Öz çevrələri var idi və özlərindən olmayanı ora daxil etmirdilər. Ölkədə rus məktəbləri çox idi. Bunun özü də ruslaşdırma siyasətinin tərkib hissəsi idi. Rusiya hər zaman öz imperialist maraqlarını güdüb. Bilirdi ki, ancaq bu yolla öz siyasətini həyata keçirə bilər. 

Şübhəsiz rusdillilər içində də öz soykökünə, milli düşüncəyə, dəyərlərə bağlı insanlar, ziyalılar olub. Lakin onlar bu dildən sadəcə bir alət, vasitə kimi istifadə edirdilər. Rusiya bölgədə öz geosiyasi maraqlarını təmin etmək üçün rusdillilərdən istifadə edirdi. Bu kəslərdə bir qədər də rusofillik formalaşmışdı, Rusiyaya simpatiyaları var idi. Dilin belə bir çəkicilik qabiliyyəti var. Bu, dil vasitəsilə ekspansiya etmək deməkdir, yəni öz dilini yaymaqla həm də hakimiyyətini, nüfuzunu yaymaq, digər xalqları təsir dariəsinə salmaq. 

Bu günsə sovet dövrünün əksinə, ingilis dili ölkədə yayılmaqdadır. Zamanın tələbinə uyğun olaraq ingilis dili rus dilini yavaş-yavaş əvəzləməyə başlayıb. Hesab edirəm ki, Azərbaycan dilinin qorunması və inkişafı üçün dövlət tərəfindən mütərəqqi addımlar atılır. Heydər Əliyevin dövründə dilimizin qorunması ilə bağlı ciddi işlər görülüb. 

Hər dili öyrənmək, bilmək olar. Ana dili milli identikliyimizi göstərən faktorlardan biridir. Bir xalqı məhv etmək üçün onun dilindən başlayırlar. Çalışmalıyıq ki, dilimizi lazımsız əlavə sözlərdən qoruyaq. Dilimizdə hər hansı sözün qarşılığı varsa, niyə də onu işlətməyib, xarici sözlərə qaçırıq? Yadıma Hüseyn Cavidin “Topal Teymur” əsəri düşür – əsərdə deyilir ki, Azərbaycan xalqı qəribə xalqdır, kənardan gələn səslərə tez qaçır. Dilimizin imkanları genişdir. Zaman var idi ki, orta əsrlərdə Qafqazda ortaq ünsiyyət vasitəsi kimi Azərbaycan dilindən istifadə olunurdu, bura gələn səyyahların əsərlərində bu barədə qeydlər var”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top