Politoloq: “Fransa Ermənistanla sülh müqaviləsinin imzalanmasının əksinə hərəkət edir”

SİYASƏT 24 iyl 2023, 18:28
“Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib”. 

Demokrat.az
xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində səsləndirib.

Hazırda Azərbaycanın  Fransanın çox əsassız hücumları ilə üzləşdiyini deyən Prezident qeyd edib ki, Makron hökuməti Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevrilib: 

“Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır”. 

Fransanın Azərbaycana olan daimi qərəzindən danışan politoloq Tofiq Abbasovun sözlərinə görə, rəsmi Paris Ermənistan rəhbərliyinin başına ağıl qoymaq əvəzinə, onu qızışdırır və meydana atır. 

Politoloq Demokrat.az-a açıqlamasında qeyd edib ki, Fransanın istəyi Qafqazda sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmamasıdır:
 
“Makron  gözəl başa düşür ki, İlham Əliyevin əsas istəyi, qayəsi tezliklə Ermənistanla sülh müqaviləsi imzalamaq, gərginliyə son qoymaqdır. Fransa isə bunun əksinə hərəkət edir. Çalışır ki, prosesləri yavaşlatsın, inteqrasiya layihələrinin qarşısını alsın. Əlbəttə bu, keçərli siyasət deyil, ola da bilməz”. 

T.Abbasov bildirib ki, Azərbaycan tərəfi bu məsələdə öz sözünü deyib. Azərbaycan güclü dövlətdir, regionda yerini müəyyən edib:

“Fransa, Ermənistan kimi destruktiv qüvvələrin əməllərinə baxmayaraq biz yenə də öz maraqlarımıza xidmət edir, niyyətlərimizi addım-addım həyata keçiririk. Dünya birliyini ölkəmizlə bağlı baş verən mühüm məsələlər barədə məlumatlandırmalıyıq. Bu gün Çin mediasına müsahibə verən cənab Prezident Şuşada Qlobal Media Forumunda da bunları təkrarladı. Orada da bu kimi məsələrə toxunuldu”.

İnformasiya  sahəsində operativliyin mühüm rol oynadığını vurğulayan T.Abbasov əlavə edib ki,  dünya regionda baş verən hadisələrdən Azərbaycan vasitəsilə xəbərdar olmalıdır:

“Dünya bilməlidir ki, Qafqazda gərginlik ocağı yaradan kimlərdir, hansı qayələrə qulluq edirlər. Bilməlidirlər ki, bu proseslərlə Azərbaycanın istəyi ona hesablanıb ki, qarşıdurmalar səngisin, tələfatlar olmasın, müharibələr baş verməsin. Bunları hər zaman beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top