Yüzlərlə şirkət və otellərimiz var — Bəs niyə qonşularımızdan geri qalırıq?

TURİZM 20 iyul 2023, 18:20
Son illər ölkədə turizmin inkişafı üçün xeyli iş görülür. Turizm infrastrukturunun yaxşılaşdırılması, turistləri ölkəyə cəlb etməkçün keçirilən beynəlxalq səviyyəli idman oyunları, festivallar bunu deməyə əsas verir. Lakin, Azərbaycanda turizmin inkişafı digər ölkələrlə müqayisədə zəifdir. Bu sahədə dünyada öz sözünü demiş Türkiyəni bir kənara qoysaq, qonşu ölkələrdən Gürcüstan belə ölkəyə gələn turistlərin sayına, eləcə də turizmin inkişafına görə bizdən irəlidədir. 

Turizm üzrə ekspert Cabir Dövlətzadənin sözlərinə görə, Azərbaycanda turizmin inkişafına dəstək verəcək ciddi bir reklam kampaniyası yoxdur. 

O, Demokrat.az-a açıqlamasında bildirib ki, hər hansı şirkət bazarda fərqlənirsə, o, real şəkildə qiymətləndirilməlidir:
 
“Aidiyyəti qurumlar tərəfindən turizm şirkətlərinin fəaliyyəti ciddi şəkildə izlənməlidir. Belə olsa, həmin şirkətlər ölkədə tanınar, insanlar da onların etibarlı olduğuna əmin olar və seçimlərini tərəddüdsüz edərlər. Belə qiymətləndirmə turizm şirkətlərinin inkişafına da gətirib çıxaracaq. Zəif şirkətlərə artıq bazarda yer olmayacaq. Otellərin, otel tipli obyeklərin və turizm şirkətlərinin qiymətləndirilməsi üçün xüsusi bir qurum yaradılmalıdır. İldə bir dəfə mükafatlandırma olmalıdır. Uğurlu şirkətlər fəaliyyətləri sayəsində tanınmalıdır”. 



Ölkə Prezidentinin bu sahədə çalışan şəxslər və fəaliyyət göstərən subyektlər, qurumlar üçün fəxri fərman və mükafatlarının olduğunu qeyd edən C.Dövlətzadə əlavə edib ki, bu proses həm də ictimai formada həyata keçirilməlidir:

“İctimai quruluşlar yaradılmalıdır. Hansı şirkət, hansı otel hansı turizm məhsulu ilə ön plandadır, məmnuniyyət hansı səviyyədədir, reytinqdə kim nəyə görə neçənci pillədədir və s. məsələlər ictimai quruluşlar tərəfindən araşdırılmalıdır. Bunu Türkiyədə, Avropada çox tətbiq edirlər. Bizdəsə bu proses zəif gedir. 

Turizm və Menecment Universitetini bitirən tələbələrin xarici dil qabiliyyətinin nə dərəcədə yüksək olduğu da sual altındadır. Onların təcrübə keçəcəyi, ixtisasları üzrə bacarıqlarını artıracağı yerlər çox azdır. Ölkədə yüzlərlə otel var. Tələbələrin praktika keçəcəyi yerlər müəyyən edilməli, real şəraitdə bacarıqlara yiyənməlidirlər. 

Fikrimcə, onların xaricdə praktika keçmələri üçün imkanlar yaradılsaydı, daha yaxşı olardı”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 13:29
Top