Qubada 55 yaşlı kişi arvadına xəsarət yetirdi

KRİMİNAL 06 iyn 2023, 15:16
Quba rayonunda 1967-ci il təvəllüdlü Muxtar ailə münaqişəsi zamanı həyat yoldaşı Fidana (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 21-də, saat 15 radələrində Quba rayonunun kəndində baş verib. 

Muxtar yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Fidanın saçını yolub, yumruq və kəllə ilə sifətinə, təpiklə də bədəninə vurmaqla ona xəsarətlər yetirib. 

Hadisəni törədən Muxtarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, hadisə günü saat 15 radələrində yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra arvadı Fidanın 10 gün əvvəl səbəbsiz yerə evdən çıxaraq qızının evinə getməsini xatırladıb: 

“Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı içkili olduğum üçün arvadımın üzərinə gedərək yumruqla əvvəlcə onun başına vuraraq yerə yıxdım. Yerdə olarkən arvadımı söyərək əlim ilə onun saçlarından tutub dartışdırdım, daha sonra isə ayaqüstə qaldırıb kəllə ilə bir dəfə alnından zərbə vurdum. Sonradan isə yumruqla sifət və burun, təpiklə də bədəninə vuraraq döydüm. Həmin vaxt evə gələn oğlum məni kənara çəkərək sakitləşdirdi”.

Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Muxtarın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top