4 iyun hadisələri və Azərbaycanın xilasında Heydər Əliyev faktoru

SİYASƏT 03 iyn 2023, 16:50
Xalqımızın tarixində qara ləkə olan Gəncə hadisələrinin (4 iyun, 1993-cü il) 30-cu ildönümünü yaşayırıq. Ötən zaman kəsiyi 90-cı illərin əvvəllərində yaşananları əsla unutdurmamalı, həmin dövrdə baş verənlərin bir daha təkrarlanmaması baxımından dönə-dönə xatırlanmalı, tarixin verdiyi dərslərdən nəticə çıxarılmalıdır.

Siyasi baxışlarından, tutduğu mövqedən asılı olmayaraq hamının ortaq rəyi ondan ibarətdir ki, həmin illərdə hakimiyyətdə Ulu Öndər Heydər Əliyev olsaydı, Azərbaycanda 90-ci illərin böhranı yaşanmaz, torpaqlarımız işğal altına düşməzdi. Heydər Əliyevin hakimiyyətdə olmaması, siyası proseslərdən kənar saxlanılması Azərbaycana elə fəlakətlər gətirdi ki, onun siyasi kimliyinin üzərindən xətt çəkmək istəyənlər belə məcbur qalıb geri dönməsi üçün təcili addımlar atmağa başladı. Növbəli şəkildə siyasi naşıların əlinə düşən hakimiyyət xalqın israrlı tələbi ilə Heydər Əliyevə təhvil verildi. Və Azərbaycanın xilası, müstəqilliyinin əbədiləşməsi məhz həmin dövrdən başladı...

Həmin dövrə qədər isə yeni müstəqillik qazanmış Azərbaycan elə kökə salınmışdı ki, onun xilası bir çoxlarına mümkünsüz görünürdü. Heç bir idarəetmə, siyasi təcrübəsi olmayanların hakimiyyətə gəlməsi Azərbaycanda yaşanan xaosun, fəlakətlərin miqyasını elə bir həddə qədər inkişaf etdirmişdi ki, müstəqilliyin itirilməsi an məsələsinə çevrilmşdi. 1993-cü ilin 4 iyun Gəncə hadisələri (sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini vermiş, Gəncədə, o cümlədən, Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanmış, 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş olmuşdu) Azərbaycanda hakimiyyət böhranının pik nöqtəsi olmaqla, bu böhranın daha da dərinləşməsinə gətirib çıxardı. Qardaş qanının tökülməsi, vətəndaş müharibəsinin yaşanması yeni müstəqillik qazanan bir dövlət üçün son demək idi. Bu sonun qarşısına sədd çəkməyi bacaran, Azərbaycana əsl müstəqilliyi bəxş edən məhz Heydər Əliyev oldu...

Bir qədər öncəyə qayıdıb qeyd etmək vacibdir ki, SSRİ kimi nəhəng ölkənin rəhbər şəxslərindən olan, böyük idarəetmə təcrübəsinə malik, bütün dünyada tanınan, doğma xalqı, ölkəsi üçün nəhəng quruculuq işləri görmüş Heydər Əliyevin müstəqilliyin ilk illərində öz Vətəninə, doğma torpağına qayıtmasına sədd çəkilirdi. Amma bütün süni maneələrə, təzyiqlərə baxmayaraq Heydər Əliyev Moskvadan Azərbaycana qayıtsa da, ona Bakıda nəinki siyasi fəaliyyət göstərməyə, yaşamağa belə imkan verilmədi. Doğulub boya-başa çatdığı Naxçıvana qayıdan Ulu Öndər tezliklə həm Azərbaycan Ali Sovetinin deputatı, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Ölkənin bütün ərazilərində xaosun hökm sürdüyü bir vaxtda böyük siyasət ustası Heydər Əliyev Ali Məclisin sədri kimi dərhal dünyanın müxtəlif ölkələrinin siyasi xadimlərinin, diplomatik nümayəndəliklərinin diqqətini Naxçıvana yönəltdi və bu məkan ən yüksək səviyyəli görüşlərin şahidinə çevrildi. Əsl müstəqilliyə gedən yolun təməlini qoyan Heydər Əliyevin qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını 70 illik imperiya dövründə ilk dəfə Naxçıvanda ucaldan Heydər Əliyev dövlətçilik tariximizdə onun rolunu yüksək qiymətləndirdi. Cümhuriyyətin 75 illiyi münasibətilə Naxçıvanda keçirilmiş tədbirdəki cəsatətli çıxışı bunun bariz nümunəsidir.

Ulu Öndər Naxçıvanda genişmiqyaslı işlər həyata keçirdiyi bir vaxtda AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, daxildə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son verilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkə həyatının elə bir sahəsi yox idi ki, orada böhran yaşanmasın.

AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.

Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu Heydər Əliyevə bağladı. O zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya qayıtdı. Ulu Öndər 1993-cü il iyunun 15-də Bakıda Ali Məclisin sədri seçildi və bu gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşdü.

Diqqət etsək görərik ki, Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində quruldu: xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin xalqına, millətinə, Vətəninə olan sönsuz, təmənnasız, əzəmətli sevgisi.

Xalq yaxşı bilirdi ki, stabilliyi itən Azərbaycanı bu böhran bataqlığından yalnız və yalnız Heydər Əliyev xilas edə bilər. Ölkədə siyasi sabitliyin yaranması, dağıdıcı qüvvələrin zərərsizləşdirilməsi, ayrı-ayrı vaxtlarda olan dövlət çevrilişinə cəhdlərin qarşısının alınması sübut etdi ki, hakimiyyətə məhz Heydər Əliyevin dəvət olunması ən düzgün addım idi. Ulu Öndərin uzaqgörən və qətiyyəti siyasəti, böyük siyasi təcrübəsi, dövlət idarəçilik istedadı sayəsində Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən qurtuldu, dövlət quruculuğunun hüquqi əsasları, dövlət idarəçilik mexanizmləri yaradıldı, bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu, Azərbaycan beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrildi, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar reallaşdırıldı. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”,- deyən Ulu Öndər 90-cı illərin əvvəllərində hələ tam formalaşmayan, dağınıq vəziyyətdə, ayrı-ayrı silahlı dəstələrdən ibarət olan silahlı qüvvələrin yerində güclü Azərbaycan Ordusunun yaranması üçün təxirəsalınmaz tədbirlər gördü.

1994-cü ildə atəşkəs əldə edildikdən sonra o zaman ölkənin məhdud iqtisadi gəlirləri hərbi xərcləri yüksəltməyə əsas verməsə də, Heydər Əliyev faktoru nizamlı ordu qurculuğunun həyata vəsiqə qazanmasında əsas rol oynadı. Ulu Öndərin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin “güclü Azərbaycan” konsepsiyasını uğurla reallaşdırması bütün sahələrdə Heydər Əliyev arzularının həyata keçməsinə vəsilə oldu. Müstəqil siyasət, milli təhlükəsizliyin təmin edilməsi, bütün sahələri əhatə edən köklü islahatlar, nəhəng enerji layihələrinin davam və inkişaf etdirilməsi, yeni nəqliyyat-kommunikasiya layihələrinin icrası, müasir cəmiyyət quruculuğu, formalaşdırılması, rəqabətədavaml iqtisadi potensialın yaradılması, Azərbaycanın özünü beynəlxalq münasibətləri sisteminin müstəqil və nüfuzlu subyekti kimi təsdiq etməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın hərtərəfli inkişaf strategiyasının uğurla reallaşdırılmasının əyani göstəriciləridir.

Heydər Əliyevin varisi Prezident İlham Əliyev Qarabağın işğaldan azad olunmasına da böyük məharətlə rəhbərlik etdi. İndi azadlığına qovuşmuş, hər qarışı müqəddəs olan, abadlaşan torpaqlarımızda Azərbaycan bayrağının dalğalanmasından gözəl hadisə, möhtəşəm uğur ola bilməz!!!

Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq. Heydər Əliyevin gücü, müdrikliyi, siyasəti ümumiyyətlə, Heydər Əliyev amili həmişə Azərbaycanı bir çətir kimi qoruyub və əbədi qoruyacaq!

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top