Bioloq: "Bakıda ilanın çox olması mühitin yaxşı olmasından xəbər verir"

GÜNDƏM 24 may 2023, 15:00
Son günlər paytaxtın mərkəzində, əhalinin gediş-gəlişinin çox olduğu yerlərdə ilanlar peyda olub. Bir neçə gün öncə metronun "Elmlər Akademiyası" stansiyası, "Mətbuat" prospekti və Nizami rayonu ərazilərində yaşayan sakinlər zəhərli ilanlara rast gəlir. Bu da əhalidə ciddi qorxu yaradıb.

Məsələ ilə bağlı biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, insanlar bundan qorxuya düşməməlidir:

"Birincisi, təbiətdə ilanın olması təbiidir. Digər tərəfdən, onların aktivliyi birbaşa isti ilə bağlıdır. Məsələ ondadır ki, isti olan kimi ilanlar çox aktiv olurlar. Buna görə də insanlar onlarla rastlaşır. 

Bu gün ölkəmizdə boş yerlərdə əsasən yaşıllıq  salınır və həmin yerlərdə də ilanın yaşaması üçün 100 faizlik şərait var. Çünki yaşıllıq salandan sonra onların mühiti, imkanları genişlənir. Buna görə də Bakıda ilanların sayı daha da artacaq. Aydındır ki, yaşıllıq salanda orada siçan, tısbağa və s. digər həşəratlar da olur. İlanlar da çox vaxt həşəratlarla qidalanırlar".

Ekoloq bildirib ki, ümumiyyətlə, Abşeron yarımadasında ilanlar üçün çox gözəl şərait var:

"Su olan yerlərdə onların mühiti daha da yaxşılaşır. Fontan, kanal, yaşıllıq suvarılan yerlər ilanlar üçün əlverişli olur. Lakin belə baxanda Azərbaycanda Abşeron yarımadası ilanlar üçün çox əlverişlidir. 

Ümumiyyətlə, Abşeronda olan ilanlar zəhərli gürzələrdir. Qalan ilanlar isə zəhərli deyil. Ümumiyyətlə, bu ilanlar adama ziyan vermir. İnsanlar ilanı görəndə qışqırmağa başlayırlar və onları öldürürlər. İnsanlar özünə bir qorxu yaratmasa, ilan adama heç vaxt hücum etməz. İlanı görəndə sən bir addım geri çəkilsən, ilan özü çıxıb gedəcək, hətta gürzə belə. 

Bakı əhalisinə başa salılmalıdır ki, qarşılaşdığınız ilanların 90 faizi ilan deyil, olanlarının da zəhəri yoxdur".

F.Cəfərov dənizkənarı bulvarda hazırda ilanların olduğunu bildirib:

"Bu dəqiqə ilanlar dəniz kənarında daha çoxdur. Onlar quruya ümumiyyətlə çıxmırlar. Mən ilanların olmağını adi hal sayıram. Şükür Allaha ki, Bakıda ilanlar var, yəni deməli mühit yaxşıdır. Bakıda ilanın çox olması mühitin, qidanın yaxşı olmasından xəbər verir. 

Həmçinin yaşayış var, ilan tək yaşaya biməz, ona qidalanma, sürünəcək yerlər lazımdır. Çünki onlar üçün yaxşı olan mühit insanlar üçün də yaxşıdır".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top