Elmira Axundova vəzifəsini niyə itirdi? — Çoxdan gözlənilən qərar

GÜNDƏM 24 may 2023, 09:28
Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın geri çağırılması barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Seymur Qurban oğlu Mərdəliyev bu ölkəyə səfir təyin edilib. 

O, bundan əvvəl Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində işləyib 

Məlumat üçün bildirək ki, Seymur Mərdəliyev uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) müxtəlif vəzifələrdə çalışıb.

 O, eyni zamanda XİN-də humanitar və sosial məsələlər idarəsinin şöbə müdiri vəzifəsini icra edib.  2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edərək Bakıya qayıdıb və həmin vaxtdan Ukraynaya getməyib. Onun səlahiyyətlərini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev yerinə yetirib. 

E.Axundovanın çətin günlərdə Ukraynanı tərk etməsi, oradakı soydaşlırımızın və vətəndaşları taleyin ümidinə buraxması Azərbaycanda ciddi etirazlara səbəb olmuşdu. Bundan sonra isə E.Axundova xüsusi bəyanat yaymışdı.

Bəyanatdan qısa bir sitata diqqət yetirək: “Mənə indi tək fiziki deyil, həm də mənəvi cəhətdən çətindir: anamın vətəni od içindədir, qohumlarım da daxil olmaqla, artıq bir neçə doğmalarım, qohumlarım xəsarət alıb. Bu gün yalnız bir şey üçün dua edirəm: qoy hər iki tərəfdən minlərlə əsgər və zabitin həyatına son qoyan bu qəddar və mənasız müharibə tezliklə başa çatsın. Ukraynada humanitar fəlakət başlayıb. Bunun da nəticələri təkcə ukraynalılar və ya ruslar üçün deyil, bütün Avropa üçün dəhşətli ola bilər. 

Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik".

Açıqlamalarının birində isə o, səfirliyin işini Bakıdan yönəltdiyini vurğulamışdı. “Ukraynada müharibə davam etdiyindən, təhlükəsizliklə bağlı suallar olduğundan rəhbərlik hələ ki səfirliyin qadın əməkdaşlarını bu ölkəyə göndərmir. Ukraynada səfirlikdə üç nəfər qadın əməkdaş var. Mən, mənim köməkçim və üçüncü katib. Bizə deyirlər ki, siz hələ Azərbaycanda qalın. Kişi əməkdaşlarımız isə öz ailələri, arvad-uşaqlarını Bakıda qoymaq şərti ilə rotasiya qaydasında Kiyevdə işləyirlər”.

E.Axundova demişdi ki, Bakıda olan əməkdaşlar iş başındadır, onlar rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirirlər. “Mən iki dəfə səfirlik adından Ukraynaya humanitar yardım göndərmişəm - Dnepr və Xarkov şəhərlərinə. Görün sosial şəbəkələrdə qışqıran, Ukraynanı çox istəyənlər bu ölkəyə bir kq humanitar yardım, bir dollar göndərib? Mən Ukraynada yaşayan soydaşlarıma kömək edirəm və etməyə davam edəcəyəm. Ukraynaya 30 ton humanitar yardım göndərmişik. Bir çox başqa vacib işlərlə - analitik yazılar, press-relizlər, vətəndaşlara kömək”. Elə həmin müsahibədə səfirin Bakıda konsertə getməsi ilə bağlı sual da verilmişdi. E.Axundova  “mənim konsertə gedib-getməməyimin heç bir mənası yoxdur. Getmişəm, yaxşı etmişəm”, - deyə acıqla bildirmişdi.

E.Axundovanın vəzifəsindən geri çağırılacağı haqda çoxdan danışılırdı. Xarici İşlər Nazirliyi isə xəbərləri şərh etrmirdi: “Səfirin geri çağırılması və yeni səfirin təyinatı cənab Prezidentin səlahiyyətindədir. Ukraynadakı səfirlə bağlı sərəncam olarsa, o zaman bu barədə rəsmi məlumat veriləcək”, - deyə XİN-dən bildirilmişdi. İddia olunurdu ki, artıq Axundovaya səfir olmadığı deyilib, lakin Prezident sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu, aqriman alınmalı idi. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub və onların razılığı alındıqdan sonra Seymur Mərdəliyevin təyınatı gerçəkləşib. 

Elmira Axundova da geri çağırılacağı barədə yayılan informasiyaya qısaca belə şərh vermişdi: “Səfir kimi təyinat və geri çağırılma qərarı Prezident İlham Əliyevə məxsusdur. Bu barədə hər hansı bir şərh verməyəcəm”.

Qeyd edək ki, Elmira Axundova Heydər Əliyevin 100 illiyi ilə bağlı “Bakı Metropoliteni” QSC-də keçirilən tədbirdə artıq 6 aydır ki, Azərbaycanda olduğunu deyib.

Elmira Axundova 1953-cü il may ayının 26-da Moskva vilayətinin Ramenskoye qəsəbəsində anadan olub. 

1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

1977-1980-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsinin rus redaksiyasının müxbiri işləyib, yerli və ümumittifaq televiziyası üçün reportajlar, verilişlər hazırlayıb.

1990-cı ildən 1998-ci ilədək Elmira Axundova “Literaturnaya qazeta”nın (Rusiya) Azərbaycan üzrə müxbiri olub, daha sonra respublikanı digər xarici kütləvi informasiya vasitələrində - “Delovoy mir”, “Obşaya qazeta”, “Vek”, “İzvestiya” - təmsil edib. Təqribən 10 il müddətində (1993-2002) “Svoboda” (“Azadllıq”) radiosunun rus xidmətinin müxbiri olub.

2003-cü ildə “Şöhrət” ordeninə, 2018-ci ilin may ayında isə “Xalq yazıçışı” fəxri adına layiq görülüb.

Elmira Axundova III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. (Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top