Kərim Əsgəri: “Əhməd Obalıya edilən terror hücumu Bütöv Azərbaycana olunub”

GÜNDƏM 22 may 2023, 17:05
"Əhməd Obalı və onun oğlu Dənizə Amerikanın Kaliforniya ştatında olan hücum olduqca üzücüdür. Bu hadisəyə bir neçə nöqteyi-nəzərdən baxmağımız lazımdır. Birincisi, Əhməd bəy uzun illərdir ki, Güney Azərbaycan Milli Cəbhəsinin ən önəmli simalarından, aktivistlərindən biridir. Günaz TV-nin müdiridir, həmçinin Güney Azərbaycan Milli Azadlıq Təşkilatının qurucularındandır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Güney Azərbaycandan olan politoloq, İran və Qafqaz üzrə siyasi mütəxəssis Kərim Əsgəri deyib. 

O bildirib ki, Günaz TV sadəcə Güney Azərbaycandan deyil, bütöv Azərbaycan və Türk dünyası ilə bağlı da verilişlər verib:

"Həmçinin, istər Şimali Azərbaycanımızın durumları ilə bağlı, istərsə Güney Azərbaycanla bağlı və ümumən Türk dünyası ilə bağlı məsələlərdə olduqca aktiv olub. Misal üçün, Türkiyənin Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizələrdə Əhməd bəy və onun idarə etdiyi televiziya açıq şəkildə Türkiyənin yanında olduğunu, Azərbaycanın yanında olduğunu bəyan edib. Bunlar hamısı da göstərir ki, Əhməd bəy Azərbaycan və türk dünyası sevməyənlərin tərəfindən bir hədəfdir. Mən indi Əhməd bəyin yaxınlarıyla əlaqə qurdum və son məlumatlara görə, indiyə qədər altı nəfər tutulub. Hələ ki, bunların kimlikləri və hansı niyyətlə etdikləri də bəlli deyil. Amma bunu unutmayaq ki, nəticə etibarilə Əhməd bəyin siyasi kimliyi bəzi ehtimalları ortaya qoyur".

O vurğulayıb ki, bir neçə ay bundan əvvəl Azərbaycanda deputat Fazil Mustafaya qarşı İran tərəfindən belə terror olub:

"İranın Azərbaycana qarşı apardığı siyasət ortadadır. O səbəbdən bunları bir yerə  qoyduğumuz zaman, əlbəttə ki, birinci şübhəmiz İrandır. Yəni, böyük ehtimal vardı ki, İranın burada payı olsun. Bunların hamısı o zaman bəlli olacaq ki, Əhməd bəy özü bunu açıqlayacaq və Amerika polisi də bu təhqiqat haqqında dəqiq məlumatlar yayımlayacaq. 

Hesab edirəm ki, bu hadisədə Amerikada olan paniranistlərin çox ciddi rolu var. Özəlliklə Kaliforniya ştatında bunların dəfələrlə bizim milli aktivistlərə hücumları olub. Bir neçə ay əvvəl də Güney Azərbaycanın Urmiya şəhərindən olan iki xanıma qarşı oxşar hücumlar edilmişdi. Bunların hamısı dediyim kimi, ehtimallardır. Başqa bir variant və ehtimal da ola bilər".

Analitik hesab edir ki, bu, erməni terror təşkilatlarının da panfarslarla işbirliyi də ola bilər:

"Çünki İkinci Qarabağ müharibəsində Əhməd bəyin aktiv fəaliyyəti olmuşdu. Amma bu bəhs etdiklərimin xaricində də ehtimallar vardır. Hamısı ola bilər və əsas məsələ bundan ibarətdir ki, bu gün Əhməd bəyə və ailəsinə edilənlər bizim hamımıza, yəni Bütöv Azərbaycana bir hücumdur. Bunu şiddətlə qınayırıq. Əhməd bəy və onun ailəsinin hər zaman  yanındayıq".


Şəhanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top