Görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır

GÜNDƏM 11 may 2023, 18:34
Vüqar Rəhimzadə: Ölkə Prezidentinin Şuşaya səfəri bir daha  əlamətdar günləri xalqla birgə  keçirmək ənənəsinin davamı oldu

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 2-dən Qarabağa və Şərqi Zəngəzura başlayan davamlı səfərləri mühüm məqamlarla tarixə yazıldı. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi hər birimizin qəlbində böyük qürur hissi yaratdı. Qarabağın tac Şuşada aparılan  bərpa-quruculuq işləri, yaşanan çal-çağırlı günlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə xalqa müraciətində səsləndirdiyi bu fikirləri yada salır: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik”. Artıq bu gün Şuşa, həqiqətən də dirçəlir...

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təkcə Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşada açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirsək həyata keçirilən bərpa-quruculuq işlərinin miqyasını təsəvvür edə bilərik. Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanışlıq, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimi, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin,  Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı,  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Şuşada  təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Gül Festivalı ilə tanışlıq və sair kimi biri-birindən uğurlu addımlar bu ecazkar diyarın əvvəlki şöhrətinin özünə qaytarılmasına xidmət edən mühüm məqamlar sırasındandır. Şübhəsiz, bu sıralama bunlarla bitmir. Sonra Azərbaycan Prezidenti, birinci xanım və ailə üzvləri Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin, Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisinin, eyni zamanda,  Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının, Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak etdilər. Görülən işlər Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunun, həmçinin iqtisadi və maliyyə imkanlarımızın genişliyinin təqdimatı oldu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı müraciətini Şuşadan etməsinin də rəmzi mənası vardır.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  bu təbrik müraciəti Bakıdan da edilə bilərdi: «Amma hesab etdim ki, mən bu gün burada- Şuşada, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzi,  Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri  Şuşanın azad olunması ilə bağlı raport vermişdilər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır.” Ölkə Prezidenti İlham Əliyevin  Şuşadan müraciəti  həm xalq, həm də Ulu Öndərin ruhu qarşısında hesabat kimi dəyərləndirilir. Bu müraciətdə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində əslində 1993-cü ildən başlayan müstəqillik tariximizin və keçdiyimiz uğurlu inkişaf yolumuzun, dövlət başçısının 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən  sonra andiçmə mərasimində verdiyi vədləri yerinə yetirdiyinin  təqdimatı oldu. Dövlət başçısı bu təqdimatı  "Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı” fikirləri ilə ümumiləşdirdi.

 YAP Xətai rayon təşkilatının sədri  onu da bildirib ki, dövlət başçısı İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşaya səfəri bir daha  əlamətdar günləri xalqla birgə keçirmək ənənəsinin davamı oldu. Prezident insanlarla, xalqla yaxın  ünsiyyət modelinə üstünlük verir. Hələ 2003-cü ildə Prezident   kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev ötən 20  ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi Liderə çevrilib. Ötən dövrün  reallıqları  Ulu Öndər Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. Azərbaycan bu gün qalib ölkə kimi dünya birliyində sözünün imzası qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. Tarixi Zəfərimizdən sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir tarixi günü, bayramı, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan dönüş anlarını  məhz işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir. Dövlət başçısının tarixi Zəfərimizdən dərhal sonra - 16 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına ilk səfəri də məhz  Qələbənin  sevincini xalqla birgə bölüşmək  məqsədi daşıdı.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, birinci xanım Mehriban  Əliyevanın işğaldan azad edilmiş  ərazilərimizə səfərlərin  hər biri ilə bağlı paylaşımları ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.  Atılan hər bir addımın məqsədi  artıq əzəli və əbədi sahibinə qovuşan torpaqlarımızın hazırkı  çal-çağırlı  həyatını ölkə və dünya ictimaiyyətinə çatdırmaqdır. Bu torpaqlarımız işğal dövründə hansı  həyatı yaşayıb, bu gün hansı sevincli anı yaşayır, bunlar Mehriban xanım Əliyevanın çəkilişlərində, paylaşımlarında öz əksini tapır.

YAP Xətai rayon təşkilatının sədri bir mühüm məqamı da xüsusi qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə başlanan zaman ilk olaraq tarixi və dini abidələrimizin bərpasına xüsusi diqqət  göstərilməsi böyük rəmzi məna daşıyır.  Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu işlər  milli-mənəvi dəyərlərimizin qorunmasının prioritetliyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top