“Azərbaycanda əsas problem monopoliyadır” — Deputat

MÜSAHİBƏ 23 iyun 2019, 10:12

Demokrat.az Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin müsahibəsini təqdim edir: 


- Prezident İlham Əliyevin həyata keçirdiyi Sosial Paketi necə dəyərləndirirsiz?


- Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir. Buna uyğun olaraq, 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra ölkədə islahatların yeni mərhələsi başlayıb. Diqqətçəkən əsas məqamlardan biri ondan ibarətdir ki, iqtisadiyyatın real və maliyyə sektorlarları üzrə atılan islahat xarakterli addımlar sosial sahədəki islahatlarla müşaiyət olunur. Bu məqsədlə prezident İlham Əliyev genişmiqyaslı Sosial Paket həyata keçirir. Onların arasında şəhid ailələrinə 11 min manatlıq kompensasiyanın verilməsi, 10 min dollara qədər xarici valyutada olan  kreditlərə dair qərarın reallaşdırılması, əmək haqqı, pensiya və digər ödənişlərin mərhələli şəkildə artırılması xüsusi yer tutur. Bu, çox zəruridir, çünki Azərbaycanda əhalinin xeyli hissəsinin sosial vəziyyəti ölkənin iqtisadi-maliyyə göstəriciləri ilə müqayisədə geri qalır. Buna əlavə olaraq 2015-ci ilin iki şok devalvasiyasından sonra xeyli insanın sosial durumu daha da gərginləşmişdi. Bu geriliyi və gərginliyi aradan qaldırmaqdan ötrü dövlət başçısı tərəfindən bu ilin əvvəlindən irəli sürülən Yeni Sosial Paket 3 milyondan artıq adamı əhatə edir. 2019-cu il martın 1-dən minimum əmək haqqının 130 manatdan 180 manata çatdırıldı, 18 iyun sərəncamından sonra isə sentyabrın 1-dən 250 manata çatdırılır. Bununla da ilk dəfə olaraq Azərbaycanda minimum əmək haqqı 2019-cu il üçün təsdiq edilmiş yaşayış münimumundan (180 manat) 40 faizə qədər yuxarı qalxır. Minimum əmək haqqının artırılması Vahid Tariff Cədvəli üzrə büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maaşlarının artmasına səbəb olacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir. 


Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması barədə sərancamların reallaşdırılması isə ayrı-ayrı kateqoriyaya aid insanlarım maaşların artmasına səbəb olacaq. Rəsmi açıqlamalara görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. 


Prezidentin həyata keçirdiyi Sosial Paket həm ölkədə həyata keçirilən islahatların bəhrəsinin əhali tərəfindən əyani şəkildə hiss edilməsi, yoxsulluq göstəricisinin aşağı düşməsi, həm iqtisadi fəallığın artırılması, həm əhalinin daha geniş təbəqələrinin islahatları dəstəkləməsi, həm də bizimlə müqayisə oluna biləcək postsovet ölkələri ilə müqayisədə sosial göstəricilərimizin yaxşılaşdırılması baxımından çox vacibdir.


- Çoxları Prezidentin bu addımını gözlənilməz sayır….Bəs sizcə necə ….Prezidentin  belə bir addım atacağı gözlənilən idi?


-Prezidentin minimum əmək haqqını yenidən qaldıracağı gözlənilən idi. Amma minimum əmək haqqını məhz bu il üçün təsdiq olunmuş yaşayış minimumundan 40 faiz yüksəyə- 250 manata çatdırılması gözlənilən deyildi…Minimum əmək haqqını yenidən qaldırılacağı ona görə gözlənilən idi ki, Prezident son aylardakı çıxışlarında bildirirdi ki, biz mart ayından əmək haqqı, pensiya və digər ödənişləri artırdıq, amma bu qaneedici deyil və proses davam edəcək. Və 18 iyun sərəncamları ilə mart artımları davam etdirildi. Amma minimum əmək haqqının bu il üçün təsdiq olunmuş yaşayış minimumundan xeyli yüksəyə-250 manata çatdırılması ona görə gözlənilən deyil ki, hökumətin  proqram xarakterli sənədlərdə minimum əmək haqqının yaşayış minimumundan yüksəyə qaldırılması məsələsi 2019-cu ilə yox, yaxın perspektivə hədəflənmişdi. Prezident minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncamı ilə bu zəruri prosesi sürətləndirdi. 


-Sizdə maaş və pensiyaların artırılması məsələsi tamam, yoxsa yenə davamı olacaq. 


- Prezidentin Sosial Paketi xeyli geniş və əhatəlidir. Ona görə də sosial proseslərin tənzimlənməsi sahəsində atılan addımların davamı da olacaq. 


- Prezidentin 18  iyun sərəncamlarından sonra belə bir fikir geniş yer aldı ki, mimimum əmək haqqının artırılması yaxın aylarda inflyasiyanı sürətləndirəcək...


- İnflyasiyaya müxtəlif səpgili amillər təsir edir.Bu baxımdan, məsələyə ümumiyyətlə iqtisad elminin məlum qanunauyğunluq və prinsipləri əsasında yanaşdıqda, hazırda Azərbaycanda yüksək inflyasıya üçün ciddi iqtisadi əsas yoxdur. Bu ilin martından  əmək haqqı və digər ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən əvvəl  Azərbaycanda rəsmi statistik inflyasiyanın səviyyəsi 1,9 faiz idi. Bu ilin martından  mimimum əmək haqqının 40 faiz və digər ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən sonra ölkədə  inflyasiyanın rəsmi statistik səviyyəsi  martda 2,1 faiz,apreldə və mayda isə 2,4 faiz təkil edib.Realda isə bu rəqəm bir qədər yüksəkdir. Minimum əmək haqqı ilə bağlı sərəncamın reallşadırılması üçün  2019-cu il sentyabr-dekabr ayları üzrə 245 milyon manat, orta aylıq mbləğ baxımından isə 61 milyon manat  əlavə vəsait ayrılacaq. 61 milyon manat  əlavə vəsait o qədər kiçik bir rəqəmdir ki, infltasiya yarada bilməz. Prezidentin  18  iyun sərəncamlarının hamısının reallaşdırılmasının bu ilin sonuna qədər maliyyə tutumu isə təqribən təqribən 1 milyard manat və deməli ilin sonuna qədər orta aylıq məbləği isə 250 milyon manat alacaq. Bu, əhalinin məcmuu orta aylıq gəlirlərinin 3 faizi, orta aylıq əmtəə dövriyyəsinin isə  5 faizi səviyyəsində bir rəqəmdir. Təbii ki, dövriyyəyə əlavə pul daxil olanda inflyasiya təzyiqi artacaq. Amma qeyd etdiyimiz  göstəricilərdən çıxış edəndə  bu təzyiqin real inflyasiya yaradacaq gücü azdır və inflyasiyanı cüzi artıra bilər. Bizdə orta əmək haqqı 600 manatın altında və  300 manata qədər maaş alanlar isə yetərincə çoxdur… Deməli maaşların hazırkı səviyyəsi  güclü inflyasiya mənbəyi deyil. Bununla belə mövsümi xarakterli amillərin, bu il təbiət kataklizmlərinin artması xüsusən də meyvələrin qiymətlərinə təsiri özünü göstərir. Payızdan yenə mövsümi xarakterli amillər qiymətlərə təsir edəcək. Amma Azərbaycanda qiymətlərlə bağlı əsas problem monopoliyadadır. Ona görə də aidiyyatı qurumlar monopoliyadan qaynaqlanan süni qiymət artımınının qarşısını almaq üçün təsirli tədbirlər görməlidir ki, artan maaş, pensiya və digər ödənişlər süni qiymət artımı şəklində özünü göstərən inflyasiyanın yeminə çevrilməsin.


 - Bəs maaşların artması manatın devalvasiyasına  səbəb ola bilərmi?


- Manatın taleyi maaş artımından yox, dünya bazarında neftin qiymətindən asılıdır. Neftin qiymətinin hazırkı səviyyəsi həm Azərbaycanın ödəniş balansının, həm xarici ticarət balansının müsbət saldosunu, həm də valyuta ehtiyatlarımızı artırır. Belə şəraitdə yaxın perspektivdə manatın devalvasiyası üçün ciddi əsas yoxdur. Dünyada gedən proseslər,ticarət müharibəsinin getdikcə kəskinləşməsinin qlobal artıma mənfi təsri və bunun da neftə tələbatın azalmasına gətirib çıxarması, digər kataqlizmlərin təsiri ilə dünya bazarında neftin qiyməti ucuz neft mərhələsinə keçib 30-40 dollara düşsə və belə aşağı qiymət uzun müddət davam etsə,eləcə də  bizim daha çox ticarət etdiyimiz ölkələrin. də milli valyutası, xüsusən də rusrublu və türk lirəsi  yenidən dəyər itirməyə başlasa,onda manata təzyiq artar və devalvasiya təhlükəsi yaranar.Azərbaycan iqtisadiyyatının  staqnasiyadan iqtisadi artım mərhələsinə  keçdiyyi hazırkı şəraitdə, indiki maliyyə imkanları,ödəniş balansının vəziyyəti, valyuta ehtiyatları  şəraitində isə yaxın perspektivdə belə bir təhlükə görünmür.(Moderator.az) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top