"10 il çoxdur, avtomobillərin ölkəyə gətirilməsi qadağasını 5 ilə endirmək lazımdır" — Ekspert Nazirlər Kabinetinin qərarını alqışladı

SOSİAL 31 mar 2023, 16:26
Azərbaycan Baş nazirinin 2023-cü ilin martın 29-da imzaladığı qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet (qiyməti yüksək olan retro avtomobillər – red.) minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi qadağan ediləcək. 

Bəs Nazirlər Kabinetinin bu qərarı avtomobil bazarına necə təsir edəcək?

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Demokrat.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin avtomobillərin idxalına dair qəbul etdiyi qərar çoxdan gözlənilən bir qərar idi.  

Ekspert hesab edir ki, bu, hətta bir az da gecikmiş qərardır: 

"Çünki ölkəmizdə artıq avtomobil parkı köhnəlmiş nəqliyyat vasitələri ilə  dolub. Köhnə istehsal olan nəqliyyat vasitələrini  biz sıradan çıxartmağı düşünürük. Onlar həm təhlükəsizlik baxımından, həm ekoloji cəhətdən çox zərərlidir. Bu baxımdan onların dövriyyədən çıxarılmasını düşündüyümüz bir zamanda ölkəyə hələ də köhnə nəqliyyat vasitələrinin gətirilməsinə davam edir. Hansı ki, Avropa ölkələrinin,  Koreyanın, Yaponiyanın, Amerikanın işlənmiş avtomobilləri və sıradan çıxmış avtomobilləri ölkəmizə daşınırdı. Bu da təbii ki, yaxşı bir şey deyil. Bununla da, bizim ərazilərimizin onların köhnə avtomobilləri ilə zibilləmək mənasına gəlirdi. Bu baxımdan bu qərarın verilməsi çox yerində olan addımdır".

Ekspertin sözlərinə görə, bunu 10 il deyil, hətta 5 ilə qədər də endirmək lazımdır:

"Çünki 10 istehsal, 10 il öncə istehsal olunmuş avtomobillər artıq köhnəlmiş avtomobillər sayılır. Artıq onların müəyyən funksiyaları, müəyyən standartları dəyişdiyinə görə, daha yeni avtomobilləri ölkəyə gətirməyə təşviq etmək lazımdır. Yəni, qanunla bunu tənzimləmək lazımdır. 

İndi bu qərar avtomobil bazarına necə təsir göstərəcək? Bu da başqa bir mövzudur. Yəni, avtomobil bazarında yəqin ki, bu cüzi artımlarla nəticələnəcək. Burada əsas məsələ insan sağlamlığı faktorudur. Biz ucuz avtomobil gətirib ekologiyamıza, atmosferimizə ciddi zərər vurmaqla, həmçinin o təhlükəsizlik qaydaları, təhlükəsizlik sistemləri zəif olan avtomobillərdə, insanlarımızı həlak olmağı tərəzinin bir gözünə qoyaq,  sağlamlığı və təmiz havanı da bir gözünə. Əlbəttə ki, biz ikincisini seçərik. Bu baxımdan, cüzi artım olacaqsa belə, biz daha təmiz havada yaşamağı, daha sağlam yaşamağa üstünlük verməliyik". 

Y.Mustafayev əlavə edib ki, bu cür qərarlar qəbul olunan zaman adətən müəyyən bir ajiotaj yaranır:

"Müəyyən insanlarda fikir yaranır ki, süni şəkildə qiymət artımına gedə bilir.  Amma müəyyən vaxt keçdikdən sonra artıq bu öz qiymət artımı öz yerini alacaqdır. Düşünürəm ki, indi elektrikli avtomobillərin çox sayda marka modeli və fərqli qiymət amplitudasında insanlara müştərilərə təklif olunur. Yəni aşağı qiymətdən yuxarı qiymətə qədər onlar təklif olunur insanlara. Məhdudiyyət qoyulması ilə yanaşı, elektrikli avtomobillərə yönəlmə daha da artacaq. Yəni, insanlar baxacaq ki, bu avtomobillərin qiyməti qalxdı. O zaman insanlar dönüb elektrikli avtomobillərə meyllənə biləcəklər. Bu avtomobillər gömrük rüsumundan azaddır, həm də əlavə dəyər vergisindən. Yəni xaricdən o avtomobili neçəyə almısansa, həmin qiymətə də onu gətirib sürə bilirsən. Bu baxımdan bu da çox lazımlı bir tendensiyadır. Yəni, elektrikli avtomobillərə keçmək məsləhətdir. 

Bilirik ki, bəzi Avropa ölkələri özləri üçün vaxt təyin ediblər ki, əvvəl dizel mühərrikləri, dizellə işləyənlərə, daha sonra isə ümumiyyətlə, daxili yanma mühərriklərini istismardan çıxartmaqları barədə özlərinə limit qoyublar. Vaxt məhdudiyyəti qoyublar və biz də artıq buna yavaş yavaş getməliyik. Çünki biz özümüzü, ekologiyamızı, atmosferi düşünməliyik. Bu baxımdan düşünürəm ki, cüzi qiymət artımı olacaqsa da, bu, müəyyən müddətdən sonra öz yerinə qayıdacaq. Qiymətlər və bu qərarın qəbul edilməsi ilə elektrikli avtomobillərə yönəlmək daha çox olacaq".


Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top