Deputat: “Azərbaycanda “Tik-tok”da düzəlişlər olunmalıdır, insanların mənəviyyatını pozur”

SOSİAL MEDİA 29 mar 2023, 13:36
“Azərbaycan demokratik, sivil dövlətdir. Bu dövlətdə söz, mətbuat, din azadlığı müstəsna əhəmiyyət kəsb edir. Bu sahədə uğurlarımız çox böyükdür ki, bizim çoxsaylı informasiya şəbəkələrimiz, televiziyalarımız, mətbuat orqanlarımız var. Bu baxımdan da mən Azərbaycanda “Tik-tok”un fəaliyyət göstərməsinin əleyhinə deyiləm”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

Deputat qeyd edib ki, ancaq o, “Tik-tok”da Azərbaycanın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin əksinə olmayan məlumatların, müəyyən xronikaların getməsinin tərəfdarıdır:

“Çox təəssüflər olsun ki, bəzən “Tik-tok”da elə eybəcər, bizim xalqa, xalqın adətinə, ənənəsinə, milli-mənəvi mentalitetinə uyğun olmayan xronikalar, şəkillər, məlumatlar verilir ki, bu, insanların mənəviyyatını pozur. Ona görə də istərdim ki, bu sahədə düzəlişlər olsun, nəinki bağlansın. Qoy bizim insanlarımız yaxşı adət-ənənələrimizi təbliğ etsinlər. Gülüş doğuran xronikaların, məlumatların getməsi də vacibdir. Ancaq bunlar eybəcər formada olmamalıdır. İnsanların mənəviyyatına, psixologiyasına uyğun seçilməlidir. Yoxsa təhqir, şantaj, yalan, eybəcər formada söhbətlər “Tik-tok”un mövzusu deyil və bu, az bir qisim adamlar tərəfindən məqbul hesab oluna bilər. Ancaq mənəviyyatı olan, bu milləti sevən, torpağına, öz dilinə, adətinə, ağsaqqalına, ağbirçəyinə hörmətlə yanaşan adamlar belə eybəcər mövzuları qəbul etmirlər. Ona görə də bu fikirlər səsləndirilir ki, “Tik-tok” bağlansın. Fikrimcə, bu sahədə lazım olan düzəlişlər edilməlidir”. 


Şahanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top