Astarada 37 yaşlı kişi qardaşına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 27 mar 2023, 16:17
Astara rayonunda 1986-cı il təvəllüdlü Nail şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşı Sailə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 16 yanvar 2023-cü ildə, saat 17 radələrində Astara rayon Noyabud kəndində baş verib. 

Nail yaşadığı evin həyətində qardaşı Sail ilə aralarında şəxsi münasibətləri zəminində mübahisə yaranıb. 

Mübahisəyə səbəb Nailin Salin evinə gedən elektrik naqillərini ayırmasına etirazını bildirməsi olub.

Mübahisə zamanı Nail əlində olan kürək ilə qardaşının baş nahiyəsinə qəsdən vuraraq, ona müxtəlif dərəcəli xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Nailin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nail bildirib ki, Noyabud kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır: 

“Ailəliyəm, himayəmdə iki azyaşlı uşağım var. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəmin dolanışığını təmin edirəm. Zərərçəkmiş Sail qardaşımdır”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 16-da, saat 17 radələrində Noyabud kəndində yaşadığı evdə olan zaman həyətin yanından qardaşı Sailin səsini eşidib: 

“Həyətə düşəndə Sail mənə elektrik naqillərini kəsdiyimi irad bildirdi. Sailə naqillərin tərəfimdən kəsilmədiyini bildirdim. Lakin, həmin vaxt Sail mənimlə mübahisə etdi. Buna görə də hirslənərək qardaşım Saili əvvəlcə yumruqla, sonra isə kürəklə baş nahiyəsinə vuraraq onu həyətdən uzaqlaşdırdım”. 

Cinayət işi üzrə zərərçəkmiş qismində dindirilən Sailin sözlərinə görə, yanvarın 15-də qardaşı Nail onun evinə gələn elektrik naqilini kəsib: 

“Səbəini soruşduqda Nail həmin naqilin yararsız olduğundan mal-qaraya təhlükə yaratdığını bildirdi. Yanvarın 16-da, saat 17 radələrində Nailin mənim elektrik naqilimi ümumiyyətlə yığışdırdığını gördüm. Buna görə də Nailə öz iradımı bildirdim. Bu zaman aramızda mübahisə yarandı. Nail üzərimə hücum edərək, əvvəl yumruqla, sonra isə əlindəki kürəklə baş nahiyəmə vurdu”.

Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Nailin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top