Rusiya-Ukrayna müharibəsindən sonra yaranmış yeni qaz bazarında Azərbaycan hansı rolu oynayacaq?! — İqtisadçıdan AÇIQLAMA

SƏNAYE VƏ ENERGETİKA 09 mar 2023, 16:54
"Azərbaycan öz iqtisadi siyasətini daha çox resurs üzərində qurmağa fokuslanıb, xüsusilə də enerji sahəsində təklif etdiyi məhsulları şaxələndirməklə iqtisadiyyatın əsasını formalaşdırmağa çalışır. Amma, eyni zamanda burada nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti ötən dövr ərzində enerji təchizatçısı olaraq bunun siyasi dividendlərini daha artıq şəkildə görməkdədir və daha ciddi şəkildə bunu hiss edir. Buna görə də, sonrakı dövrlərdə siyasətini də bu istiqamətdə formalaşdırır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. 

Onun sözlərinə görə, azalan neft gəlirləri və neft resursları fonunda qaz ehtiyatlarının dövriyyəyə çıxarılması və Avropa bazarlarına təklif edilməsi, xüsusilə də Rusiya-Ukrayna konfliktindən sonra yaranmış yeni qaz bazarı konyukturunda Azərbaycan  bu istiqamətdə təşəbbüslər göstərməklə, öz payını artırmağa cəhdi ortaya qoyur:

"Digər tərəfdən itirilməkdə olan dividendlərini qazla kompensasiya etməklə yenə də oxşar siyasi mənfəətlərini gözləməyə çalışır. Diqqət etsəniz görərsiniz ki, son dövrlərdə elektrik enerjisi istehsalı, ixracı və Avropa bazarlarına ötürülməsi də Azərbaycan hökumətinin gündəmindədir. Təbii ki, bu qaz ehtiyyatları özlüyündə Azərbaycan üçün müəyyən bir gəlir mənbəyi formalaşdırır, xüsusilə də fiskal gəlir mənbəyi. Amma digər tərəfdən də bu, Azərbaycan iqtisadiyyatının hələ bir müddət bundan sonrakı dövrdə də  enerjidən asılılığını artıran faktor kimi çıxış edir. Burada nəzərə alsaq ki, fiskal gəlirlərin rahatlığı fonunda Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsində genişləndirilməsində o qədər ciddi dəyişikliklərə meylli deyil. Bu, o deməkdir ki, artan qaz gəlirlərinin həm müsbət, həm mənfi tərəfləri vardır. Amma ümumiləşdirmiş olsaq, qaz ixracı, xüsusilə yeni Avropa bazarlarına qaz ixracı, bunu Hindistana ixrac etsəydik, bənzər formada mövqe ortaya qoymaq olmazdı. Avropa bazarlarına qaz ixracı meyilliyi daha çox siyasi dividendlərin əldə edilməsi istiqamətindəki baxışdan irəli gələn məsələdir və bu uzun müddət Azərbaycandakı mövcud status kvonun qorunub saxlanmasına xidmət edəcək deyə düşünürəm".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top