ABŞ-dan avtomobil gətirmək istəyənlərin DİQQƏTİNƏ!

AVTO 06 mar 2023, 13:33
Az qala hər gün dələduzluqla bağlı xəbərlər eşidirik və ya oxuyuruq.

Demokrat.az
xəbər verir ki, bu dəfə dələduzluq hadisəsi Bakı sakini Edqar Əkbərovun başına gəlib.

Belə ki, Edqar Əkbərov Azərbaycanda fəaliyyət göstərən “Qafqaz Auto Import” adlı şirkət vasitəsilə ABŞ-dan avtomobillər sifariş edib, ancaq indi çox peşmandır. Çünki 1 il öncə aldığı avtomobillər hələ də Dövlət Gömrük Komitəsinə məxsus meydançada qalıb.

“2021-ci il oktyabrın 28-də “Qafqaz Auto Import” şirkətində işləyən tanışım vasitəsilə ABŞ-dan 3 ədəd “Toyota Prius” markalı avtomobil sifariş verdik. Bu avtomobillərin hər biri ilə maraqlandım. Yeri gəlmişkən, sizə verdiyim hər bir məlumatın “WhatsApp”da isbatı var. Söhbət şirkətlə yazışmalardan gedir. Dedilər ki, maşının vəziyyəti normaldır. Avtomobillər şirkətimiz olan “Master Service” (məişət avadanlıqlarının təmiri – red.) üçün sifariş verilmişdi ki, əməkdaşlarımız rahat hərəkət etsin, üstəlik, xərclərimiz azalsın. Qısası, 3 ədəd “Toyota Prius” sifariş verdik və “Qafqaz Auto Import” nümayəndələri bizə şirkəti dedi ki, onlar Gürcüstandakı “Qafqaz Auto Import” şirkətinin filialıdır. Danışıqlardan sonra sifarişi verdik və müqavilə bağladıq.

Müqaviləni isə Gürcüstandan “Qafqaz Auto Import”un möhürü ilə təqdim etdilər. Biz də bunu normal qəbul etdik. Çünki filialdırsa, heç bir problem yoxdur. Biz də xarici markalarla əməkdaşlıq edirik. Həmin xarici şirkətlərdən aldığımız PDF formatında olan sənədlərə həm möhür vura bilirik, özümüz PDF formatda göndərə bilirik və bir neçə ay sonra, bir neçə həftə sonra əslini göndəririk.

Yanvar ayında, yəni 3 ay sonra mən müraciət elədim ki, bizim avtomobillərin aqibəti nə oldu? Mənə dedilər ki, avtomobillər Gürcüstanın Poti şəhərindədir və biz ödəniş sənədini tapa bilmirik. Halbuki, “Master Service” ödənişi “Expressbank” vasitəsilə etmişdi.

Mən “ExpressBank”dan SWIFT çıxarışı aldım və bank təqdim etdi. SWIFT çıxarış – ödənişi təsdiq edən sənəddir. Ardınca SWIFT çıxarışı təqdim etdim “Qafqaz Auto Import”a. Şirkət rəsmiləri isə dedi ki, gedin, probleminizi Gürcüstanda həll edin. Sonra bizə Gürcüstandakı ana şirkətin nömrəsini verdilər. Həmin an artıq şübhələnməyə başladım ki, burada nəsə problem var. Nə qədər xahiş elədim, nə qədər tələb elədim ki, mənə Gürcüstandakı şirkətlə bağlılığı isbat edən hüquqi sənəd təqdim etsinlər, heç bir sənəd təqdim etmədilər. Düzdür, interyer eynidir, hətta buradakı direktorları da gürcüdür. Əməkdaşların hamısı “Qafqaz Auto Import”un təqdim etdiyi akauntlar vasitəsilə ABŞ-dan avtomobillər sifariş edir.

Ardınca bunlar mənə dedi ki, siz dilersiniz. Halbuki, bizim müqaviləmizdə qara hərflərlə ağ kağızın üstündə yazılıb ki, biz alıcıyıq, onlar isə satıcıdırlar. Yenə dedilər ki, bizlik deyil, probleminizi Gürcüstan ofisi ilə həll edin. Zəng etdim Gürcüstana ofisinə. Onlar dedi ki, ödəniş keçib. Buna baxmayaraq, bizdən oradakı dayanacaq haqqını tələb etdilər. Bu da təxmini 600-700 AZN idi. Şirkətdəki tanışım dedi ki, bunu yarıbayarı ödəyək. Bir hissəsini özü ödədi, bir hissəsini biz ödədik. Dedik ki, bir problem olub, eybi yox. Avtomobillər gəlməmişdən qabaq şirkət nümayəndələri deyə bilərdi ki, filan vaxtı artıq gedib gömrük bəyənnaməsini hazırlayın. Bunu da etmədilər. Təbii ki, bəyənnamə hazırlamadığımız üçün bizim şirkəti cərimə gözləyirdi – hər avtomobilə görə 1500 AZN.

Keçək bu avtomobillərin rəsmiləşdirilməsinə. Deməli, getdik Dövlət Gömrük Komitəsinə… Gördüm ki, nəinki rəsmiləşdirilməsi üçün vaxtında məlumat verilməyib, hətta şirkətin adına yox, fərdi şəxsin, yəni mənim adıma göndəriblər. Bunlar özləri üçün “contact person” kimi avtomobilin rəsmiləşdirilməsini də mənim adıma ediblər. Halbuki, ödənişi görürlər ki, şirkətin adından olub. Yaxınlaşdıq Dövlət Gömrük Komitəsinin müvafiq strukturuna və xahiş etdik ki, sənədə düzəliş etsinlər. Gömrük əməkdaşları dedi ki, bu avtomobillər “reexport” olunmalıdır – yəni getməlidir Gürcüstana, sonradan qayıtmalıdır Azərbaycana…

Avtomobillərə baxış keçirəndə gördüm ki, avtomobilin hər ikisinin mühərrikləri nasazdır, ciddi problemləri var. Avtomobil işə salınmır, yerindən tərpənmir. Halbuki, bizə demişdilər ki, problemi yoxdur.


Üstəlik, avtomobillərdən birinin daşınma zamanı qapısı əzilmişdi. Yenə müraciət etdik şirkətə və yenə də dedilər ki, bizə heç bir dəxli yoxdur, probleminizi Gürcüstanla həll edin.

Hətta şirkətin Bakı ofisinin direktoru Nika Zarnadze dedi ki, mən zəng vuraram “yuxarılara” və başınızı ağrıdaram. Deyilişindən bilinir ki, kiməsə güvənir…
Biz vəkilimizlə hüquq-mühafizə orqanlarına müraciət etdikdə dedilər ki, cinayət işi aça bilmirik, məhkəməyə müraciət edin. Biz “Qafqaz Auto Import” şirkətini məhkəməyə verdik. Məhkəmədə məlum oldu ki, “Qafqaz Auto Import” şirkətinin Azərbaycanda fəaliyyəti yalnız Gürcüstandakı şirkəti reklam etmək imiş və bunlar onların rəsmi filialları deyillər. Başqa sözlə, məhkəmə qaydasında buradakı şirkəti məsuliyyətə cəlb edə bilməzlər.

Qısası, müqavilədəki və qanundakı boşluqlara arxayın şəkildə “Qafqaz Auto Import” öz fəaliyyətini davam etdirir, insanları aldadırlar. Mediada, sosial şəbəkələrdə bu şirkət barədə onlarla şikayət var, lakin heç kim bir tədbir görə bilmir. Məhkəmədən sonra da müraciət etdik ki, yenə də eybi yox, biz öz hesabımıza edək amma sənədləşmə məsələsində siz bizə köməklik edin. Bizə dedilər ki, siz bizi məhkəməyə verdiyiniz üçün heç bir kömək edə bilmərik. Avtomobillər isə 1 ildən çoxdur gömrükdədir. Mən onları nə rəsmiləşdirə bilirəm, nə də gömrükdən çıxara bilirəm…” – deyə Əkbərov bildirir.

İndex.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:46
Top