"İran anlamır ki, bizi bu cür terror aktları ilə qorxutmaq mümkün deyil" — Politoloq

REGİON 28 yan 2023, 19:48
"İranın səfirliyimizə qarşı həyata keçirilən terror aktını şəxsi zəmində baş vermiş cinayət əməli kimi təqdim etməsi heç bir halda qəbul edilən deyil. Bütün faktlar onu göstərir ki, terror aktı əvvəldən planlaşdırılıb və məqsəd də səfirliyimizin əməkdaşlarının qətl edilməsi olub".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. Siyasi şərhçi hesab edir ki, dünənki hücum növbəti dəfə İranın bir terror dövləti olduğunu isbatladı: 

"Əgər belə olmasaydı, səfirliyin mühafizəsinə cavabdeh polis nəfəri terrorçunun əlində avtomatla səfirliyimizə daxil olmasına seyrçi qalmaz və buna mane olmağa çalışardı. Baş verənlər növbəti dəfə İranın bir terror dövləti olduğunu sübüt edir. Bu ölkənin ayrı-ayrı dövlətlərdə terror dəstək verdiyi, terror təşkilatlarını dəstəklədiyi haqda da kifayət qədər məlumatlar var. Elə İranın ən böyük xüsusi xidmət orqanı hesab edilən SEPAH-ın özünün də terrorla əlaqəsi yeni bir şey deyil. Əbəs yerə deyil ki, dünyanın artıq 5 ölkəsi - ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn və Kanada artıq SEPAH-ı terror təşkilatı kimi tanıyıb".

"İranda sentyabrın ortalarından başlayan etiraz aksiyalarını amansızlıqla yatıran qüvvələrin önündə İran İslam İnqilabı Keşikçiləri Korpusu olan SEPAH-ın dayandığı da heç kimə sirr deyil. 17 sentyabrdan indiyə qədər etiraz aksiyalarında 70-ə qədəri uşaq olmaqla 600 nəfərə qədər insanın öldürüldüyü bildirilir. Günahsız insanların qətlə yetirilməsində xüsusi canfəşanlıq edən bu qurumun bütün İranı və o cümlədən də bütün hərbi strukturları nəzarət altında saxladığı da heç kimə sirr deyil. Odur ki, elə səfirliyimizə olan basqının da arxasında İranın xüsusi xidmət orqanlarının dayandığı ehtimalı kifayət qədər yüksəkdir. İranın terrora və terroçulara olan münasibətini sübut etmək üçün uzağa getmək də lazım deyil. Elə dünən səfirliyimizə hücum edən şəxsin İran telekanallarına müsahibəsinin təşkili hər şeyi ortaya qoyur. Dinc etirazçıları qətlə yetirən İran terrorçunu televiziya ekranlarına çıxararaq sanki terroru təbliğ edir", - deyə politoloq əlavə edib.

Onun sözlərinə görə, baş verən hadisənin digər maraqlı tərəfi isə Tehrandakı səfirliyimizə basqının Holokost Qurbanlarının Beynəlxalq Anım Gününə təsadüf etməsi və eyni gündə  Qüdsdə sinaqoqda terror aktının həyata keçirilməsidir:

"Başqa sözlə, bu terror aktlarını eyni mərkəzdən idarə olunması ehtimalları da kifayət qədər yüksəkdir. Görünən odur ki, İran xüsusi xidmət orqanları bununla Azərbaycana mesaj verməyə cəhd ediblər. Amma İran anlamır ki, bizi bu cür terror aktları ilə qorxutmaq və yolumuzdan çəkindirmək mümkün deyil. Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Bizim öz müttəfiqlərimizlə birgə istənilən təhlükəni dəf etmək üçün həm gücümüz həm də iradəmiz var. Baş verənlərdən ən çox uduzan isə elə məhz İran olacaq".

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top