Sərxoş kişi arvadına əsəbləşdi, oğluna xəsarət yetirdi — Qubada ŞOK OLAY

KRİMİNAL 27 yan 2023, 13:08
Quba rayonunda 1980-cı il təvəllüdlü Azad ailə münaqişəsi zəminində oğlu Məhəmmədə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 8 noyabr 2022-ci ildə saat 23 radələrində Quba rayonunun Barlı kəndində baş verib. 

Azad birgə yaşadıqları evdə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı oğlu Məhəmmədə yumruqla sifətinə və çiyninə vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Azadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Məhəmməd onun oğludur: “Həyat yoldaşım və övladlarım ilə birlikdə Quba rayonunun Barlı kəndində yaşayırıq. Noyabrın 8-də, təxminən saat 23 radələrində evdə yemək yeyib, bir şüşə araq içəndən sonra siqaret almaq üçün kəndimizdəki mağazaya getdim. Siqaret alıb evə qayıtdıqdan sonra həyat yoldaşım Təranədən mənə mürəbbə ilə çay verməsini xahiş etdim. Lakin Təranə mənə çay vermədi və gedib divanda uzandı. Mən də Təranənin bu hərəkətlərindən əsəbləşdim, yemək masasını qaldıraraq çevirdim. Bu zaman oğlum yuxudan oyandı, qabağıma gəldi və iradını bildirərək, “niyə bizi yatmağa qoymursan” - dedi. Mən də oğluma “sən bizim işimizə qarışma” - deyərək sifətindən əlimlə vurdum. Sonra həyat yoldaşım Təranə araya girdi, bizi ayırdı. Mən də bayıra çıxıb siqaret çəkməyə başladım. Bundan sonra oğlum Məhəmməd də bayıra çıxdı və harasa getdi. Sonradan bildim ki, Məhəmməd Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi, məlumat verdi”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib.

Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Azadın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top