Xəzərdə ən böyük ticarət donanmasının Azərbaycanda olması iqtisadiyyatımızın qüdrətini artırır

SİYASƏT 23 yan 2023, 12:13
Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai  təşkilatçıları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünya  iqtisadi gündəliyinin, habelə  ictimai-siyasi  proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat verir.

19 yanvar 2023-cü il tarixində Davos İqtisadi Forumunda Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və “Avrasiya Orta  Dəhlizi; Yoldan magistrala” mövzusunda çıxış edib.

Prezident İlham Əliyev Orta Dəhlizin üstünlüklərindən danışarkən bildirib ki, bu nəhəng layihədə iştirak edən dövlətlər bir-biri ilə yaxşı münasibətdədir. Azərbaycanın qərbdə Türkiyə və Gürcüstanla, şərqdə isə Mərkəzi Asiya ilə qarşılıqlı etimada əsaslanan əlaqələri vardır. Qərb ilə Şərq arasında təbii coğrafi bağlantımız olduğu üçün illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırır. Azərbaycanın infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Azərbaycan artıq neçə illərdir ki, neftin tranzitini təkcə Türkmənistandan deyil, Qazaxıstandan da etməyə başlamışdır. Bu dəhlizdən karbohidrogenlər üçün də istifadə potensialımız var. “Vahid pəncərə” sistemini tətbiq etməklə daha sıx əməkdaşlığa nail olmaq olar. 

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Orta Dəhliz üzərində  yerləşməsi və şimal-cənub marşrutu boyu yerləşməsi əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanı yaxınlığında azad zonanın açılışı olacaq, istehsal yeri şirkətlərin investisiya yatırması üçün əlverişli olacaq, Azərbaycan–Türkiyə, Azərbaycan–Gürcüstan və Gürcüstan–Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq formatımız var. Biz artıq bu formatın bəhrələrini görürük. Qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olmuşuq və maraqların balansı qorunub saxlanılır. 

Forumda Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olmasını Azərbaycan iqtisadiyyatınının qüdrətini artıran amillərdən biri kimi dəyərləndirdiyini bildirib. 

Mərkəzi Asiya, Türkmənistan, Qazaxıstan, Azərbaycan arasında yaxşı dəmir yolu bağlantılarının olmamasını qeyd edən Prezident, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yol layihəsinin üstünlüklərindən danışıb.  

Prezident İlham Əliyev Avropaya artan enerji təchizatından, təbii qazla bağlı Avropa Komissiyasından daxil olan müraciətlərə uyğun işlərin qurulmasından və artımın çox sürətli olmasından danışaraq, ümumi həcmin isə 24 milyard m3 olduğunu bildirib. 

Yaşıl enerji ilə bağlı potensialın çox böyük olduğunu söyləyən Prezident Xəzər dənizinin külək potensialının, eyni zamanda işğaldan azad olmuş ərazilərdə 10 qiqavat potensialın olduğunu qeyd edib.

Vaxtın bitməsinə 3 dəqiqə qalmış Ermənistanla bağlı münasibətlər barəsində verilmiş sualı cavablandıran cənab İlham Əliyev deyib: ”Əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq  sülh sazişini imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistan buna hazır deyil. Onlar regionun təhlükəsiz olmasında maraqlı deyillər”. 

Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru,
əməkdar müəllim

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top