İranda aksiyalar səngimir: Molla rejiminin sonunu gətirəcək etirazların detalları

TƏHLİL 11 yan 2023, 18:36
İranda artıq dördüncü aydır davam edən etiraz aksiyaları səngimir. Bu müddətdə molla rejimi etirazçılara qarşı qeyri-insani davranışlara əl atır, həbslər və edam cəzalarını artırır, güc tətbiqini genişləndirir, lakin nəticə əldə edə bilmir, əksinə hər keçən gün daha geniş vüsət alan aksiyalar rejimin sonunu yaxınlaşdırır.

Etirazlarla bağlı son məlumatlar da təsdiq edir ki, İran rejimi çətin vəziyyətdədir. Hazırda etirazlar “Edam respublikasına ölüm!”, “Hər öldürülən adamın arxasında minlərlə adam var!”, “Bəsic, SEPAH, sən bizim İŞİD-imizsən!”  “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlarla davam edir.

Molla rejimin çətin vəziyyətə düşməsinin əsas səbəblərindən biri də etirazların bütün bölgələrdə keçirilməsidir.

Tehran əyaləti

Paytaxt Tehranda Yusifabad qəsəbəsinin əhalisi molla rejiminə qarşı “Diktatora ölüm!” şüarlar səsləndirib. SEPAH-ın raketlə vurduğu Ukrayna təyyarəsi qurbanlarının intiqamını alacaqlarını mesaj verənlər plakat asıblar. Piyada keçidindən asılmış plakatda yazılıb: “Nə bağışlayırıq, nə də unuduruq!”.

“Həftəpə” və “Kağəzpars” şirkətlərinin təqaüdçüləri Şuş qəsəbəsində Sosial Təminat İdarəsinin qarşısına toplaşaraq, yaşayış şəraitinin pis olmasına və tələblərinin yerinə yetirilməməsinə etiraz məqsədilə aksiya keçiriblər. Sura Universitetinin tələbələri edamlara qarşı aksiya keçiriblər. Tələbələr “Bəsic, SEPAH, sən bizim İŞİD-imizsən” antihökümət şüarları səsləndiriblər.

Tehran Universitetinin mühafizəçiləri isə etiraz edən Gözəl Sənətlər kampusunda tələbələri döyüb. Mühafizəçi Ukrayna təyyarəsi qurbanlarının xatirə lövhəsini sındıraraq tələbələrdən birini qaçırıb. Tələbələrin şüarı isə “Bişərəf!, Bişərəf!” olub. Xacə Nasir Universitetinin İnşaat Mühəndisliyi və Xəritəçəkmə Fakültəsinin  tələbələri də Ukrayna təyyarəsinin vurulması qurbanlarının xatirəsinə ithafən “Üçün” mahnısının oxuyublar. Cəmaran Universitetinin qız tələbələri üçün yataqxanasında da etiraz şüarları səsləndiriblər: “Hər öldürülən adamın arxasında minlərlə adam var!”.

Sadiqiyyə bölgəsində Məhəmməd Mehdi Kərmi və Seyid Məhəmməd Hüseyninin edam gecəsində etirazçılar tərəfindən “Qatil Xamneyiyə ölüm” şüarı səsləndirilib: Yaxçıabad bölgəsində hökumət bayrağı yandırılıb. Pasdaranda məhəlləsində insanlar gecə etirazları zamanı “Xamneyiyə ölüm!”, “Diktatora ölüm!”, “Körpə öldürən hökumətə ölüm!” şüarları səsləndirilib.

Fars əyaləti: Şirazın Sədra rayonunda etiraz aksiyası keçirilib.

Gilan əyaləti: Bəndər Ənzəlidən bir neçə nəfər qiyamın qurbanlarından olan Mehran Sumakın 40 mərasimində iştirak etmək istədikdən sonra hökumət qüvvələrin hücumuna məruz qalıb və güllələnib. Qeyd edək ki, etirazçılar “Edam respublikasına ölüm!” şüarı səsləndiriblər.

Xorasan-Rzavi əyaləti: Məşhəd şəhərində SEPAH-ın Qüds qüvvələrinin öldürülmüş komandanı Qasım Süleymaninin banneri hökumətin repressiyalarına etiraz məqsədilə etirazçılar tərəfindən yandırılıb.

İlam əyaləti: Abdanan şəhərində də etiraz aksiyası keçirilib.

İsfahan əyaləti: İsfahanda hökümətə qarşı aksiya keçirilib. Etirazçılar “Hər öldürülən adamın arxasında minlərlə adam var!”, "Sən əxlaqsızsan! Sən şərəfsizsən! Mən namuslu qadınam!” şüarları səsləndiriblər.

Kürdüstan əyalətinin bir neçə şəhərində aksiyalar davam edib. Sənəndəc şəhərində gənc qız üzərində “Kürdlər və bəluclar qardaşdır, rəhbərin (Xameneyi) qanına susamışdır” və “Zahidan tək deyil, Kürdüstan onun dayağıdır” yazılmış plakatı nümayiş etdirib. Sahibkarlar mağaza və iş yerlərini bağlayaraq tətil keçiriblər. “Edama yox!”, “İslam Respublikasına yox!” şüarları səsləndiriblər. Saqqız şəhərində də hökumət əleyhinə etiraz askiyası keçirilib.

Xuzistan əyaləti: Əhvaz Xüsusi təyinatlı dəstələr hazırda Əhvaz şəhərinə doğru hərəkətə keçib.

Qəzvin əyaləti: Qəzvin şəhərindən olan müəllim və Qəzvin əyaləti üzrə Müəllimlərin Həmkarlar İttifaqının keçmiş sədri Rəhim Sərkar 1 il azadlıqdan məhrum edilib.  Bununla yanaşı, azərbaycanlı müəllim cərimə edilib və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Qum əyaləti: Qum şəhərində etirazçılar “Bəsic” qüvvələrinin bazasına Molotov kokteylləri ilə yandırıblar.

Sistan-Bəlucistan əyaləti: Zahidan şəhərində etirazçılar küçələrə axışaraq rejimə qarşı və şəxsən İranın dini rəhbəri Əli Xameneyinin əleyhinə şüarlar səsləndiriblər: “Nə şah, nə dini rəhbər, demokratiya və bərabərlik”.

İnsan hüquqları müdafiəçilərinin məlumatlarına görə, İranda davam edən nümayişlərdə 70-i uşaq olmaqla 517 nəfərin rejim tərəfindən öldürülüb. 68 nəfər hökumət qüvvələrinin təmsilçisi öldürülüb. 19.262 nəfərin tutulub, onlardan 696 nəfəri tələbdir. Eləcə də, etirazlara görə 686 nəfər məhkum edilib.

Ümumilikdə indiyə qədər 163 şəhərdə etirazçılar İran rejiminə qarşı 1241 nümayişlər həyata keçirib və 144 universitetin tələbəsi bu etirazları dəstəkləyiblər.

Molla rejimi etirazçılara qarşı güc tətbiq edir, həmçinin, edam hökmündən geniş istifadə edir. Bir sıra etirazçının taleyi haqda məlumat yoxdur. 

Etirazlar zamanı yarımhərbi “Bəsic” qüvvələrinin üzvü Seyid Ruhullah Əcəmyanın ölümündə günahkar bilinən Məhəmməd Hüseyni və Məhəmməd Mehdi Kərəminni Kərəcdə dar ağacından asılıblar. Təbriz İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsinin öyrəncisi Şaqaiq Əlizadə İran təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Ona qarşı irəli sürülən ittiham və harada saxlanıldığı barədə hələlik məlumat yoxdur.

“Qeyri-qanuni toplantılara qatılaraq dağıdıcı şüarlar səsləndirməklə ölkənin milli təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaqda”, “İran rəhbərini təhqir etməkdə” ittiham olunan Azərbaycan Milli Hərəkatının Urmiyada yaşayan fəalı Davud Kabali Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhər İnqilab və Cinayət məhkəməsində “ictimai asayişi və nizam-intizamı pozmaq”, “vəzifəsini yerinə yetirərkən zabitlərə tabe olmamaq” ittihamları ilə mühakimə olunub. O, 5 il 6 ay həbs, 30 şallaq zərbəsi, 250 saat məcburi əmək cəzaları alıb və 9 milyon tümən (250 dollar) cərimə edilib.

Artıq İran rejiminin dəstəkçiləri də baş verənlərə görə molla rejimi ittiham edir.

İranın sabiq baş prokuroru, hazırda isə Qum Elmi Hövzəsinin Müəllimləri və Tədqiqatçıları Birliyinin katibi olan Ayətullah Hüseyn Musəvi Təbrizi bildirib: “Mən təəccüblənirəm ki, xalqın bu qədər çətinliklər yaşadığı bir şəraitdə vəzifəli və məsul şəxslər necə yuxuya gedirlər? Onların əlində, şübhəsiz, dəqiq məlumatlar və statistika var, ölkədə nə qədər adamın ac olduğunu, inkişaf getmədiyini bilirlər və görürlər ki, işçilərin maaşı ayın ortasına qədər çatmır. Mən çox vaxt bazara özüm gedirəm, görürəm ki, insanlar bizə başqa cür baxır, başqa cür danışırlar. Haqları da var. Elə düşünürlər ki, biz xalqın pulunu yemişik və camaatı ac qoymuşuq. Hökumətdə iqtisadi məsələlərin kimin ixtiyarında olduğu məlum deyil. Məlum deyil ki, xalqın mənafeyini kim düşünür və kim qoruyur. Bu gün məsul şəxslər bir proqram irəli sürür, iki aydan sonra vəziyyət daha da pisləşir. Belə olan halda camaat hökumətə niyə inanmalıdır? Hər ildə, hər altı ayda bir vəd verirlər, sonra da həmin vədə əməl etmirlər. Xalqın hakimiyyəti nə vaxta qədər dəstəkləyəcəyi məlum deyil. Xalqın dəstəyi qarşılıqlı və gerçək dəstək tələb edir. Xalqın dəstəyi o zaman real olur ki, hökumətdən, parlamentdən səmimiyyət və dəstək görür, proqramların nəticələrini əməli şəkildə öz həyatında və süfrəsində müşahidə edir. Bizim pulumuz günbəgün dəyərini itirir, başqalarının, əcnəbilərin pulu daha da dəyərli olur. Öz pulumuzu dəyərdən salmaqla, söydüyümüz ölkələrin pulunu dəyərə mindiririk, onların iqtisadiyyatını gücləndiririk. “Amerikaya ölüm” deyirik, amma Amerikanın və onun tərəfdarlarının iqtisadiyyatının xeyrinə işləyirik”.

Jurnalist  Abbas Əbdi deyib: “3 aylıq küçə etirazlarından və xalqın onu dəstəkləməsindən sonra daxili siyasətdə bu məhəllədə hökumətlə asanlıqla düzəldilə bilməyən çatlaq yaranıb. Xarici siyasətdə normala qayıtmaq mümkün deyil. İqtisadiyyatda heç bir perspektivli təklif yoxdur. JCPOA-ya qayıtmaq da mümkün deyil. Əminliklə bildirirəm ki, bu vəziyyəti bir-iki il davam etdirmək mümkün deyil”.

Xarici ölkələrdə də İrandakı etirazlara dəstək aksiyaları keçirilir.

Almaniyanın Bonn şəhərində İrandakı edamlara qarşı etiraz nümayişi keçirilib. Kassel şəhərində yaşayan iranlılar isə Ukrayna təyyarəsinin vurulması, Məhəmməd Mehdi Kərmi və Məhəmməd Hüseyninin qətli ilə bağlı İslam Respublikasının cinayətlərini pisləmək üçün küçələrə çıxıblar. Hamburqda yaşayan iranlılar İrandakı etirazçılara dəstək aksiyası keçiriblər. Vyanada yaşayan iranlılar da İrandakı etirazçılara dəstək və edamlara qarşı etiraz məqsədilə nümayiş keçiriblər. Nümayiş iştirakçıları İranda repressiya və edamlar həyata keçirən hökuməti pisləyiblər. 

Brüsseldə yaşayan iranlılar İslam Respublikasının səfirliyinin önündə aksiya keçirərək molla rejiminin etirazçıları edam etməsini pisləyib, səfirliyin bağlanmasını tələb edib və İran rəhbərinə qarşı şüarlar səsləndiriblər: “Lənət olsun Xomeyniyə, lənət olsun Xameneyiyə!”. İsveçin Malmö şəhərində yaşayan iranlılar İranda etirazçıların edam edilməsinə etiraz məqsədilə aksiya keçiriblər. Aksiya iştirakçıları molla rejimini pisləyərək İsveç hökumətindən İran səfirliyini bağlamağı və diplomatlarını da qovmağı tələb ediblər. Milan şəhərində yaşayan iranlılar İranda etirazçı gənclərin edam edilməsinə qarşı etiraz aksiyası keçirərək molla rejiminə nifrətlərini bildirib.

Haaqada yaşayan iranlılar İrandakı xalq hərəkatına dəstək və dini rejimə etiraz məsqədilə aksiya təşkil edib. Etirazçılar müxtəlif dillərdə “Qadın, həyat, azadlıq” şüarı yazılmış plakatlar qaldırıblar. Lüksemburqda yaşayan iranlılar molla rejiminin iki gənci edam etməsinə etiraz ediblər. Türkiyənin Van Əyalətinin Hüquqşünaslar Dərnəyinin üzvləri bir neçə dildə birgə videoçarxda İranda davam edən xalq üsyanını dəstəkləyib və İslam Respublikası tərəfindən etirazçıların edamına son qoyulmasını tələb ediblər.

Müxtəlif ölkələrin rəsmiləri İran rejiminin etirazçılara qarşı qəddar addımlarını pisləyən bəyanatlar verib.

Almaniyanın xarici işlər naziri Analena Berbok: “Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni. Qəddar və qeyri-insani hərəkətlərə boyun əymək istəmədikləri üçün İran rejimi tərəfindən dar ağacından asıldılar. Bizi Avropa Birliyi ilə birgə Tehrana təzyiqləri daha da artırmağa təşviq edən daha 2 faciəli taleh”.

Britaniyanın xarici işlər naziri Ceymz Kleverli Məhəmmədmehdi Kərəminin və Məhəmməd Hüseyninin edam edilməsini “nifrət yaradan” hadisə kimi qiymətləndirərək deyib: “İran öz xalqına qarşı zoralılğı təcili olaraq dayandırmalıdır!”. 

Britaniya xarici işlər nazirinin müavini Tariq Əhməd də etirazçıların edam edilməsini pisləyib: “Onlar zülmə qarşı haqlı olaraq etiraz etmişdilər!”

BMT-nin İran məsələlərində insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman Tvitter hesabında yazıb: “Bu edamlar ən sərt şəkildə qınanmalıdır. Məhəmməd Mehdi Kərmi və Məhəmməd Hüseyni etiraf etdirmək üçün işgəncələrə məruz qaldılar və ədalətli mühakimə olunmadan edam edildilər”.

Etirazçıların edam edilməsinə görə İranın Amsterdamdakı səfiri Niderlandın Xarici İşlər Nazirliyinə çağırılacaq. Niderlandın xarici işlər naziri Vopke Hukstra "Twitter"qdə yazıb: “Mən İrandakı edamlarla bağlı ciddi narahatlığımızı bildirmək üçün İran səfirini çağırmaq niyyətindəyəm və Avropa İttifaqı ölkələrini də oxşar addımlar atmağa çağırıram”.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib ki, iki etirazçının edamı İran hökumətinin dinc nümayişləri amansızlıqla yatırmasının növbəti göstəricisidir. Aİ bir daha İran hakimiyyətini etirazçılara ölüm cəzası tətbiq etmək və icra etmək kimi pislənmiş təcrübəni dərhal dayandırmağa, davam edən etirazlar kontekstində artıq çıxarılan son ölüm hökmlərini ləğv etməyə çağırır.

Diplomat vurğulayıb ki, İran Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda təsbit olunmuş öhdəliklərə ciddi şəkildə əməl etməlidir.

“Çünki fundamental hüquqlara, o cümlədən ifadə azadlığı və dinc toplaşmaq hüququna bütün hallarda hörmət edilməlidir”, - o deyib.

Xarici mediada etiraz aksiyalarına geniş yer ayrılır. 

“BBC”-nin məqaləsində də molla rejiminin etiraz aksiyalarında iştirak edən iki nəfəri asdığı qeyd olunur. Onlar aksiyaların birində hərbçinin qətlində şərik olmaqda ittiham olunublar. Prokurorların sözlərinə görə, 22 yaşlı Mehdi Karami və Səid Məhəmməd Hüseyni (yaşı dəqiqləşdirilməyib) bir qrup digər etirazçı ilə birlikdə İran ordusunun zabitini soyundurub, ələ salıb, sonra isə öldürüb. Cinayətin əvvəllər küçə qarşıdurmaları zamanı hökumət qüvvələri tərəfindən öldürülən dostunun ölümünə görə qisas almaq məqsədilə törədildiyi iddia edilib.

“Reuters” Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin İranın iki etirazçını edam etməsini pisləyən və onu “öz xalqına qarşı zorakılığa dərhal son qoymağa” çağıran açıqlamasını yayıb. "Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin İran rejimi tərəfindən edam edilməsi iyrəncdir", - Cleverly Twitter səhifəsində yazıb.

“Reuters”-də verilən məqalədə İranın yüksək səviyyəli dissidenti olan sünni din xadimi ölkənin cənub-şərqində həftəlik nümayişlərin davam etdiyi bir vaxtda İranın həbs edilmiş etirazçıları mühakimə etmək üçün məcburi etiraflardan istifadə etməsini qeyri-islami adlandırıb. Molavi Abdolhamid Ismaeelzahi cümə namazı xütbəsində deyib: “Kimsə ittihamı qəbul etmirsə, onu qəbul etmək üçün işgəncə verirlər. Məcburiyyətlə etiraflar və təqsirləndirilən şəxsin döyülməsinin şəriətdə (İslam qanunlarında) və ölkəmizin Konstitusiyasında yeri yoxdur". Hüquq müdafiəçiləri deyirlər ki, İran məhkəmələrində müxaliflərə qarşı hökmlər çox vaxt məcburi etiraflara əsaslanır. İran isə bunu inkar edib.

“The Jerusalem Post”  xəbər verir ki, ABŞ-dakı İran-yəhudi icmasının liderlərindən biri Corc Harunyan rejim tərəfindən həbs edilən 13 iranlı yəhudinin azad edilməsi üçün kampaniyaya başlayıb. Harunyan deyib ki, o, “iranlıların yəhudilər və İsrail haqqında fikirləri ilə ziddiyyət təşkil etdiyini görüb. Onlar görürlər ki, yəhudilər İran tarixinin bir parçasıdır və İsrail onların düşməni deyil. İsrail İran xalqının ən yaxşı dostudur, çünki o, rejimlə mübarizə aparan yeganə hökumətdir” və rejimlə “pərdəarxası” mübarizə aparır. 

“Arab News” xəbər verir ki, İranın məhkəmə sistemi bazar günü elan edib ki. Rejimə qarşı davam edən ümummilli etirazlara dəstək məqsədilə tətillərə çağırış edən 4 nəfər 10 ilə qədər həbs cəzasına məhkum edilib. İlk dəfədir ki, nümayişlər zamanı belə bir hərəkətə görə məhkəmə həbs cəzası verir.

İranda aylardır davam edən aksiya və beynəlxalq ictimaiyyətin xüsusi diqqəti molla rejiminin son dövrlərini yaşadığı fikrini gücləndirir.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top