"Bizim icazəmiz olmadan quş belə uça bilməz" Partiya sədri

QARABAĞ 09 yan 2023, 12:36

"Ruben Vardanyanın Azərbaycan ərazisində mövcudluğu belə qanunsuzdur. Çünki, bu şəxs nə Qarabağın, nə də Ermənistanın sakini olub. Rusiya belə onu vətəndaşlıqdan çıxarıb. Yəni, onun Azərbaycan ərazisinə daxil olması, hələ də burada yaşaması qanunsuzdur. İstənilən an Azərbaycanın hüquq mühafizə orqanları onu həbs edə və onunla bağlı bir çox maddələrlə cinayət işi aça bilər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ partiya sədri Tural Abbaslı deyib.  Partiya sədri bildirib ki, Vardanyanın və ya digər  separatçıların hər hansı bir addım atması və icazə olmadan orada nəsə etməsi qanunsuzdur:

"Çünki, ora Azərbaycanın ərazisidir və bütün dünya tərəfindən də belə tanınıb. Bizim icazəmiz olmadan, orada bir quş belə uça bilməz. Hazırda rus sülhməramlılarının nəzarəti altında olduğu üçün onlar özlərini hansısa bir muxtariyyət hesab edirdilər. Amma Xankəndi-Şuşa yolunda aktivistlər tərəfindən keçirilən aksiyada yolun bağlanması onlara bu torpaqların Azərbaycana məxsus olduğunu xatırlatdı. Onlar bizim ərazimizdə hər hansı bir aeroport açsalar belə, onun istifadəsi qeyri-mümkündür. Çünki uçuşların hər biri bizim hava məkanımıza daxildir və hava sərhədlərimizdə icazəsiz heç bir uçuşa yol verilə bilməz. Belə bir hal olacağı təqdirdə, Azərbaycan silahlı qüvvələri anında müdaxilə etməlidir və ediləcək. İndi Vardanyan özünü  bir fiqur kimi təqdim etmək üçün belə ağılsız bəyanatlar verir. Amma bütün bunlar elə bəyanat olaraq da qalacaq".

Qeyd edək ki, separatçı Ruben Vardanyan Xocalı hava limanının açılması təklifi ilə çıxış edib.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top