"İran adlı dövlət tarixin arxivinə göndərilməlidir" — Azər Həsrət

SİYASƏT 07 yan 2023, 19:23
"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) növbəti dəfə uşaqlardan Azərbaycana qarşı hərbi təxribat vasitəsi kimi istifadə edir. SEPAH Xudafərin körpüsünün yaxınlığında Azərbaycanı açıq-aşkar təhdid edən uşaq əsgərlərin Azərbaycan dilində danışdığı növbəti videonu çəkib. İranın sözügedən davranışı əlbəttə ki, aşağılılığın daha bir nümunəsidir. Bir daha bəlli olur ki, İranı idarə edənlər aşağılıq kompleksi yaşayırlar. Onlar həqiqətən də dünyanın başı ilə ayağının harada olduğunun fərqində deyillər". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Azər Həsrət deyib. Analitik qeyd edib ki, onlar uşaqları bu cür çirkin siyasətə alət etməklə özlərinin nə qədər aşağı yerdə olduqlarını göstərirlər:

"Digər tərəfdən, İsrailə qarşı iddialarını Azərbaycan dövləti ilə olan sərhəddə, Xudafərin körpüsündə nümayiş etdirirlər. Bunun özü İranda bu cür işləri idarə edənlərin, həqiqətən də dünyanın başı ilə ayağının harada olduğunu bilmədiklərinin göstəricisidir. Əgər İranın doğrudan da İsrailə qarşı iddiası varsa, İsraili iddia etdikləri kimi yer üzündən silmək fikirləri varsa, bəllidir ki, İsrail dövləti Xudafərin körpüsündə yerləşmir. İran buyursun bir qədər cənub-qərbdə yerləşən İsrailə doğru hərəkət etsin. Əgər edə bilirsə... Buna cürətləri, cəsarətləri çatırsa. Əgər bunu bacarmırsa, çayın qırağında mahnı oxumağın heç bir mənası yoxdur. 

Üstəlik, İsrailə görə Azərbaycanı hədələmək heç bir məntiqə sığmır. Bu, hədsizlikdir və eyni zamanda dövlət əxlaqına ziddir. Ona görə də, artıq biz düşünürük ki, İran adlı dövlət tarixin arxivinə göndərilməlidir. Özəlliklə də, Güney Azərbaycan Cümhuriyyəti qurulmalı və oradakı qardaşlarımız, 40 milyon türk azadlığına qovuşmalıdır. Əksi olacağı təqdirdə, İran hələ də işğal altında tutduğu Güney Azərbaycan torpaqlarından Azərbaycan Respublikasına, türklərə qarşı bu cür ədəbsiz təxribatlarını davam etdirəcək. Əlbəttə ki, biz buna göz yuma bilmərik". 

Onun sözlərinə görə, İranı idarə edənlər öz güclərini nümayiş etdirmək üçün bu cür cılız, ucuz və əsassız təxribatlara yol verirlər:

"Azərbaycan Respublikası onların səviyyəsinə enmir və enmə ehtimalı da yoxdur. Amma, bunlara insanlarımız da cəmiyyət olaraq yerini göstərməlidir. Bu, həm Güney Azərbaycanda, həm də Quzey Azərbaycanda edilməlidir. Artıq bütün dünya  türkləri İranın yox edilməsi və orada zülmə tabe olan xalqların, türklərin müstəqilliyə qovuşması üçün güclərini birləşdirməlidirlər".

Aynurə
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top