Azərbaycanda gənc oğlan sosial yardım almaq istəyən şəxsləri aldatdı —TƏFƏRRÜAT

KRİMİNAL 05 yan 2023, 11:31
Şabran rayonunda 1989-cu il təvəllüdlü Səxavət iki nəfərə qarşı dələduzluq etməkdə ittiham olunub. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Səxavət 2021-ci il dekabrın əvvəllərində Şabran sakini Natiqə 1400 manat pulun müqabilində aztəminatlı ailələr üçün nəzərdə tutulan sosial müavinatın təyini məsələsinin müsbət həll olunmasında köməklik edəcəyini vəd verib, ona qarşı dələduzluq edib. 
Bundan başqa, o, eyni əməllər barədə vəd verərək Fəqanı aldadıb və onun 1600 manatını alaraq ələ keçirib. 

İstintaq orqanı tərəfindən Səxavətin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan eidlib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səaxvət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şabran rayonu Əmirxanlı kəndində ailəsi ilə birlikdə yaşayır: “Daimi iş yerim yoxdur, fərdi əməklə məşğulam. Ailəmin yeganə qazanc gətirəniyəm. 2021-ci ilin dekabrın ortalarında Şabran şəhərində yaşayan Ariz adlı şəxs məni Natiqlə tanış etdi. Aramızdakı söhbət zamanı onun özü və qardaşı üçün sosial yardım müavinəti düzəldə biləcəyimi dedim. Bu iş üçün 1400 manat lazım olduğunu bildirdim. Natiq razılaşdıqdan sonra həmin pulları hissə-hissə mənə verəcəyini dedi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin dekabr ayının otalarında həmin pulları hissə-hissə Natiqdən alıb: “Natiqlə 2 dəfə Şabran şəhər İcra nümayəndəliyinin qarşısında və 1 dəfə isə Şabran şəhərində yerləşən “Gilavar” restoranında görüşdük. Ümumilikdə ondan 1400 manat aldım. Natiqdən həmin zaman aldığım sənədləri sosial şəbəkə vasitəsi ilə Dövlət Sosial Müdafiə Fomdunun “vemt.az” saytına bir neçə dəfə yükləsəm də, hər dəfə onun adına imtina, yəni rədd cavabı gəldi. Bir müddət sonra Natiq verdiyi pulları geri qaytarmağımı ondan tələb etdi. 2022-ci ilin aprel ayının əvvələrində Natiqdən aldığım 1400 manat puldan 400 manatını geri qaytardım. Natiqdən aldığım qalan 1000 manat pulu isə maddi imkanı molmadığı üçün qaytara bilmədim. Bunun üçün Natiq barəmdə şikayət edə biləcəyini dedi. Natiqi aldadaraq ələ keçirdiyim 1400 manat pulu öz ehtiyaclarım üçün xərcləmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan başqa 2021-ci ilin təxminən iyun ayının əvvələrində Şabran rayonu Ağalıq kəndində yerləşən “Ceyranbulaq” çayxanasında olduğu zaman orada həmin kənd sakini Fəqanla tanış olub: “Aramızdakı söhbət zamanı Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon filialında işlədiyimi və onun üçün həmin fond tərəfindən əhaliyə verilən sosial müavinat düzəldə biləcəyimi dedim. Bundan sonra həmin kənddən getdim. Bir müddət Fəqanı görmədim”.

Səxavət bildirib ki, 2022-ci ilin yanvar ayının təxminən əvvələrində Fəqanla Şabran şəhərində görüşdüb: “Fəqana sosial müavinat, yəni yardım düzəldə biləcəyimi dedim. Bunun üçün 1600 manat pul lazım olduğunu bildirdim. 2022-ci ilin yanvar ayının təxminən axırlarında günorta saatlarında Şabran şəhərində olduğu zaman Fəqan zəng edərək mənimlə görüşmək istədiyini bildirdi. Fəqanla görüşmək üçün Şabran şəhəri M.Nəzirov parkına gəlməsini xahiş etdim. Həmin parkın qarşısına getdim. Orada Fəqanla görüşdüm. Ondan 1600 manat nəğd pulu aldın. Aramızdakı söhbət zamanı yaxın vaxtlarda Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon filialı tərəfindən əhaliyə verilən sosial müavinat onun üçün düzəldəcəyimə söz verdim. Bəzi sənədləri, yəni şəxsiyyət vəsiqələrinin surətlərini də ondan alaraq getdim. Fəqandan aldığım 1600 manat pulu xərclədim. Maddi imkanım olmadığı üçün həmin pulları sonradan ona geri qaytara bilmədim.  Fəqan mənimlə dəfələrlə əlaqə saxlayaraq, ondan aldığım 1600 manat pulu geri qaytarmağımı tələb etdi. Fəqandan aldığım sənədləri ona qaytarsam da, maddi imkanım olmadığı üçün pulları qaytara bilmədim”. 

Səxavət qeyd edib ki, dörd azyaşlı uşağı var və maddi vəziyyəti son vaxtlar həddən artıq ağır olub. Onun ifadəsinə görə, Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon filialında heç bir tanışı yoxdur, Şabran rayon sakinləri – Natiq və Fəqandan aldığı pulları onların əməkdaşlarına verməyib. 
Səxavət qeyd edib ki, pulları qaytara bilmədiyindən onlarla üzbəüz gəlməkdən utandığına görə məhkəmə iclaslarına gəlməyib: “Buna görə də məhkəmənin qərarı əsasında 15 oktyabr 2022-ci ildə Şabran rayon polis əməkdaşları tərəfindən tutulmuşam. Tutulduqdan sonra onun böyük qardaşım zərərçəkmişlərdən aldığım pulları onlara qaytarıb. Törətdiyim əməlimə görə peşmançılıq çəkirəm”.

Şabran rayon Məhkəməsinin hökmü ilə Səxavət 2 il 4 ay 22 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Əmirxanlı kəndində yerləşən yaşayış evini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub. 

Hökmün icrası təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilib.

Səxavətin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirlib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top