“Bir o qalıb ki, Akif Çovdarovdan üzr də istəyək…”

DAXİLİ SİYASƏT 03 yan 2023, 21:05
“Sabiq MTN generalı Akif Çovdarovun əmlaklarının geri qaytarılması Azərbaycanda hüquq sisteminin bərbad olduğunun növbəti göstəricisi, nümunəsidir. Deyirlər, həmin əmlak, sən demə, Akif Çovdarovun deyil, ailə üzvlərinindir. Ona görə də geri qaytarılıb. Problem bundadır ki, Azərbaycanda məmurların gəlir və xərc bəyannamasi yoxdur. Daha doğrusu, qanun var, amma qanunun icra mexanizmi yoxdur".

Demokrat.az Pravda-ya istinadla xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib.

O əlavə edib: "Hələ 2005-ci ildə Azərbaycan BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına qoşuldu və həmin Konvensiyanın tələblərinə riayət etmək üçün bizdə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul olunudu. Bu qanunun 5-ci maddəsinə görə, vəzifəli şəxslər ildə bir dəfə maliyyə xarakterli məlumatlarını müvafiq dövlət orqanına - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim etməlidirlər. Qanuna görə, həmin əmlakın mənbəyi, növü və məbləği, məmurların hər il üzrə gəlirləri, vergi tutma obyekti olan əmlakı, kredit təşkilatlarında əmanətləri, qiymətli kağızlar və digər vəsaitləri, şirkətlərin, fondların, təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, onların payları barədə məlumat, 5500 manatdan yuxarı olan borcu, yaxud 1100 manatdan yuxarı olan digər hər hansı öhdəliyi göstərilməlidir".

Ə. Həsənov xatırladıb ki, Azərbaycanda 2005-ci ildə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları barədə qanun təsdiq olunub:

“Həmin qanunda xüsusi vurğulandı ki, hər ilin yanvarın 1-dən 30-dək vəzifəli şəxs nəinki özü barədə, ailə üzvləri, o cümlədən həyat yoldaşı və onunla birgə yaşayan valideynləri, uşaqları barədə də məlumatları təqdim etməlidir. Sözügedən qanunun 4-cü maddəsinə əsasən, maliyyə xarakterli məlumatlar bəyannamə formasında olmalıdır. Lakin bəyannamənin forması yoxdur. Bunu Nazirlər Kabineti təsdiq etməlidir. 2005-ci ildən 18 il keçib. Nazirlər Kabineti hələ də bəyannamənin formasını təsdiq etməyib. Buna görə də heç bir məmur həmin məlumatları Korruspiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim etmir.

Akif Çovdarovun da cinayətləri o vaxtdan sonra olub. Çovdarov özü, o cümlədən ailə üzvləri barəsində məlumatları versəydi, ilbəil əmlakları göstərməsəydi, indi istinad edə bilməyəcəkdi ki, bu, mənim filan əmlakımdır, babamdan, nənəmdən qalıb. Həmin şəxslər də sübut etməlidir ki, bu əmlaklar haradandır?”

Ekspert qeyd edib ki, bu gün istənilən dövlət məmuru bir qayda olaraq əmlakı öz adına yazmır: “Yaxın qohumlarının, bəziləri bağbanın, sürücünün adına yazır. Çoxu çalışır ki, qohum adına yazsın. Axı bağbana, sürücüyə elə də etibar yoxdur. Sabah sən öldün getdin, o da sənin ailənə dedi ki, əmlakı qaytarmıram. Ailə üzvünün adına olan əmlakı gərək vaxtında bəyan edəsən. Bəyan edəndə də hamı soruşacaq ki, haradandır?

Maliyyə Monitorinq Xidməti bunu yoxlamalıdır. Məmurlara bu, sərf etmədiyi üçün Nazirlər Kabineti 18 ildir, bəyannamənin formasını təsdiq edə bilmir. Formal olaraq, bunun məsuliyyəti Nazirlər Kabinetinin üzərinə düşür. O vaxt Baş nazir Artur Rasizadə idi. Sonra Novruz Məmmədov oldu, indi də Əli Əsədovdur. Üç Baş nazir dəyişib. Hələ də indiyə kimi bu formanı təsdiq edə bilmirlər. Niyə? Çünki məmurlar imkan vermir. Axı sərf etmir.

Baxın, il ərzində qanunsuz limit qoyublar, Azərbaycanda vətəndaş gedib 20 min manat ekvivalentdən çox xarici valyuta ala bilməz. Alanda deyirlər, bu pul hardandır, mənbəyini göstər. Söhbət 20 mindən gedir. Məmurlar isə milyonlar, milyardları talayıb, qohumlarının adına əmlak alırlar, banklarda milyonlarla vəsaiti əmanət saxlayırlar, amma heç kim soruşmur ki, hardandır? Adi vətəndaşdan isə soruşurlar. Hətta məmurların cinayətləri ifşa ediləndə, həbs olunanda da əmlaklarını əllərindən ala bilmirlər, deyirlər ki, filan qohumundur. Halbuki vaxtilə bunu bəyan etsəydi, biləcəkdik ki, filankəsin nəyi var. Bundan bilə-bilə yayınırlar.

Faktiki olaraq BMT-ni aldatmışıq. Gözdən pərdə asırıq. Bizdə qanun var, amma icra olunmur. Bu, o deməkdir ki, Azərbaycanda hüquq sistemi aldadıcıdır, bərbaddır. Buna daha nə ad verəsən? İndi hamı da baxır, deyir ki, Akif Çovdarov taladı, yedi, dağıtdı, camaatın başına oyun açdı, axırda da nəinki özü tez çıxdı, əmlakı da qayıtdı. Halbuki adi vətəndaş kiçik cinayət edir, onu illərlə həbsxnalarda çürüdürlər. Bir o qalıb ki, gedib Akif Çovdarovdan üzr də istəyək, deyək “bağışla, səhv olmuşdu”.

Bu, ilk növbədə adi vətəndaşda ədalətə inamı sarsıdır. Qanunlar elə təkcə adi vətəndaşlar üçündür? Vəzifədəkilərə aid deyil? Bu, vəzifədəkiləri qudurdur, onları cinayətə təhrik edir. Digər məmurlar deyəcəklər ki, Akif Çovdarova nə etdilər ki, mənə də edələr. Bu, o deməkdir ki, Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə yoxdur”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top