Tramp Bakıdakı oteldən nə qədər pul qazanıb?

DÜNYA 02 yan 2023, 13:30
Amerika mətbuatı bu sövdələşmədən Tramp prezident seçildikdən sonra yazıb və eyni zamanda onun Bakıda otel açmaq planlarının iflasa uğradığını qeyd edib. Məsələn, 2017-ci ildə "The New Yorker”də dərc olunmuş məqalədə bildirilirdi ki, "Trump International Hotel & Tower Baku” adlı qəşəng 5 ulduzlu yelkən formalı otel, demək olar ki, tamamlanmış kimi görünsə də, heç vaxt açılmayıb.

Xatırladaq ki, binanın tikintisi ilə bağlı planlar 2008-ci ildə, memarlar Azərbaycan paytaxtının mərkəzində "elitar yaşayış binası” layihəsini hazırlayanda açıqlanmışdı. 2012-ci ildə "Trump Organization” şirkəti ilə azərbaycanlı inşaatçılar binanın lüks otelə çevrilməsi üçün müqavilə imzalayıblar. Təşkilatın baş hüquqşünası Alan Qarten bildirib ki, Tramp otelin tikintisi prosesində yalnız nominal rol oynayıb: o, Anar Məmmədova öz adından istifadə etməyə icazə verən "sadəcə lisenziya verən” olub. Bu barədə "The New Yorker” məlumat yayıb.

2018-ci ildə "New York Times" yazıb ki, Tramp təşkilatı 2016-cı il seçkilərindən qısa müddət sonra bu lisenziya müqaviləsini geri götürüb, çünki o zaman prezident üçün maraqların toqquşması yarada biləcək bütün beynəlxalq layihələrin dayandırılması nəzərdə tutulurdu. Bununla belə, layihədə iştirak edən üç "Trump” MMC şirkətinin vergi uçotunda ümumi məbləği 1,1 milyon ABŞ dolları məbləğində konsaltinq xidmətləri üçün ayırmalar göstərilir.

"Associated Press" agentliyinin 2016-cı ildə dərc etdiyi araşdırmada bildirilirdi ki, Bakıda otel layihəsi tamamlanmasa da, Trampa hələ də külli miqdarda pul ödənilib. Belə ki, Tramp kampaniyasının yaydığı bəyannamədə onun sonda heç açılmayan bir otelin idarə edilməsi xidmətlərinə görə 2,5-2,8 milyon dollar qazandığı göstərilib. Donald Trampın qızı İvanka "Trump Organization”un Bakı layihəsində ən yüksək vəzifəli məmuru olub. Həmin vaxt Tramp Azərbaycanın ən korrupsioner məmurlarından biri olan Ziya Məmmədovun oğlu ilə münasibətlərinə görə Amerika mətbuatı tərəfindən kəskin tənqid edilib.

Trampın özü vergi bəyannamələrinin açıqlandığını öyrəndikdən sonra demokratları hədələyərək "bunun üçün siyasi qiymət ödəməli olacaqlarını” deyib. "Radikal Sol Demokratlar bütün silahlarını mənə qarşı istifadə etdilər, lakin bunun təhlükəli ikitərəfli yol olduğunu unutmayın!" - eks-prezident vurğulayıb.   /qaynarinfo.az/

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top