“Məni əxlaqsızlıqda günahlandırırdı” — Ərindən bir ilin gəlinə qarşı DƏHŞƏTLİ ƏMƏL

KRİMİNAL 21 dek 2022, 16:21
Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Orxan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham verilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Vüsalə ilə bu ilin yayında rəsmi nikaha daxil olmaqla evlənib: “Birgə nikahımızdan övladım yoxdur. Evləndikdən sonra mənim evimdə yaşamışıq. Anam mənə arvadımın qardaş-bacı arasında nifaq salmağa çalışması barədə məlumat verdi”. 

Təqsirləndirilən şəxs bildirib ki, məlum hadisə baş verən günü, axşam saat 19 radələrində bir neçə ədəd “GO”, “YAGUAR” içkiləri qəbul edib və sərxoş vəziyyətində olub: “Saat təqribən 21 radələrində sərxoş vəziyyətdə evə gəldim. Həmin vaxt arvadım evdə olub. Evdə toplanan zibili atmaq üçün evdən çıxdım və geri qayıtdım. Evə qayıdandan sonra anam mənə zəng vurdu və arvadımı başa salmağımı istədi. Bundan sonra dilxor oldum. Marketə düşərək 1 ədəd də “YAGUAR” içkisi alaraq içdim. Sonra sərxoş vəziyyətdə evə qayıtdım”. 

Orxan bildirib ki, arvadı Vüsaləyə ayrı-seçkilik salan hərəkətlərə yol verdiyini soruşub: “Vüsalə isə anamın başımı doldurduğunu dedi və mənə acıqlandı. Sərxoş vəziyyətində olduğum üçün Vüsalənin acıqlanmasından bərk əsəbləşdim. Arvadımın üstünə gedərək onun saçından tutdum və yerə yıxaraq əsəblərimi soyutmaq üçün əlim ilə onun sifət nahiyyəsinə, qollarına bir neçə dəfə ardıcıl zərbələr vurdum. Vüsaləni bir qədər döyəndən sonra əsəblərim sakitləşdi və onu buraxdım. Bundan sonra yataq otağına keçərək yatdım”.

Orxanın ifadəsinə görə, hadisədən sonrakı gün Vüsalədən axşam etdiyi hərəkətlərinə görə üzr istəyib: “Sonradan bildim ki, vüsalə barəmdə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə şikayət edib”. 

Zərərçəkmiş şəxs qismində tanınan Vüsalənin sözlərinə görə, əri Orxan həddindən artıq spirtli içkiyə meylli şəxsdir: “Mütamadi olaraq evə sərxoş vəziyyətdə gəlib, əsaslı bir səbəb olmadan mənimlə mübahisə edir, məni təhqir edərək döyür. Artıq onun davranışlarından bezmişdim. Sonuncu dəfə hadisə günü, saat 21 radələrində yenə də sərxoş gəldi. Evdə toplanan zibilləri atdıqdan sonra yenidən evə qayıtdı. Əsassız olaraq məni kimlərləsə gəzməkdə, əxlaqsızlıqda günahlandırmağa başladı. Bu məzmunda mənə böhtanlar ata-ata əsəbləşməyə başladı. Mən isə “pisəmsə, boşa məni” deyə cavab verdim. Orxan üstümə gələrək saçımdan tutdu və məni yerə yıxdı. Sinəmin üstündə oturaraq əli ilə sifət nahiyyəmə zərbələr vurmağa başladı. Sifət nahiyyəmə vurduğu zərbələr nəticəsində sol gözaltı nahiyyəmdən xəsarət aldım. Bundan sonra başımı əlləri ilə tutaraq divara vurmağa başladı. Bundan əlavə hər iki qoluma bir neçə zərbə vurmaqla məni döydü. Sərxoş olduğum üçün məndən əl çəkdi və yataq otağına keçdi”. 

Zərərçəkmiş qeyd edib ki, əvvəlcə ərindən şikayət etmək istəməyib, xoşluqla ayrılmaqları üçün icazə verməsini istəyib: “Lakin Orxanın məndən boşanmaq fikrinin olmadığını gördüm və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Orxan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılıb. 

Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top