“Vəzifədə olan naxçıvanlılar indiyə kimi hara baxırdı?” — ŞOK AÇIQLAMA

GÜNDƏM 13 dek 2022, 15:05
“Vasif Talobovla bağlı məsələ birbaşa dövlətin nəzarətindədir. Hər halda, dövlət bu məsələylə bağlı qərar verəcək və kimin nə cəzası varsa, mütləq çəkəcək. Bu gün onun haqqında danışan bəzi insanları başa düşə bilmirəm. Bu adam vəzifədə olanda onun haqqında heç bir şey deməyənlər hamısı indi şir-pələng olub. Axı nə dəyişib?” 

Bu sözləri Yenisabah.az-a politoloq Cümşüd Nuriyev deyib. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun dünən axşam saatlarında Bakıya gəlməsi ilə bağlı yayılan iddialardan sonra onun adı ərtafında müzakirələr yenidən qızışıb.

C.Nuriyevin sözlərinə görə, bu gün Talıbovun əleyhinə danışanların çoxu vaxtilə onun arxasını toplayıb:

“Vasif Talıbov elə həminki adamdır. Ona münasibət dəyişibsə, bu konkret olmalıdır. Talıbovun PR-ı niyə bu qədər gündəmdədir, onu da anlamıram. Bu adamın cinayəti var idisə, indiyə qədər orqanlar harada idi? Niyə baxmırdılar? Gömrüyün şöbə müdiri 132 milyonu bir günə yeyə bilməz, Maliyyə naziri bir günə 166 milyon xərcləyə bilməz. Burada bir az haqsızlığa yol verilir. Başa düşürəm, dövlətə ziyan dəyib və bunun cəzasını çəkməlidirlər, amma dövlətin müvafiq qurumları hara baxırdı bu vaxta qədər? Niyə bu işə DTX qarışmalı idi? Niyə digər nazirliklər öz işlərini vaxtında görmədilər ki, indi belə qeyri-adi vəziyyət yaranmasın? Bu gün izahı çətin olan bir sıra məsələlər gündəmə gəlib. Niyə Gömrük Komitəsinin əvvəlki rəhbərliyi bu məsələni açıb-ağartmadı? Çünki eyni bölgədən olanlar bir-birinin arxasını toplayırlar. Nə qədər ki, bu dövlətdə yerlibazlıq, tayfaçılıq, klançılıq var, belə məsələlər çox olacaq. Mən şəxsən Vasif Talıbovda günah görmürəm. Talıbovu monster edənlər məgər onun monster olacağını görə bilmirdilərmi? Görə bilmirdilərsə, niyə bu dövlətdə çalışırlar? Adətən insanlara bacarmadığı vəzifəni verəndə onlar “çaşırlar” və elə düşünürlər ki, əvəzolunmazdırlar. Vasif Talıbovu kim yaradıbsa, indi də çıxıb izahını versin! Niyə nazirliklər, müvafiq dövlət qurumları hər şeyi medianın üzərinə atırlar?”

Politoloq bütün günahların heç də Vasif Talıbovda olmadığını qeyd edib:

“Mənim yıxılanı baltalamaqdan xoşum gəlmir, bu düzgün deyil. Niyə adamı o boyda qaldırırdınız ki, indi də ordan yerə vurursunuz, sonra da deyirsiniz ki, o adam “çaşıb”. Xeyr, o, “çaşmayıb”, adamın səviyyəsi olmayanda səviyyəsindən yüksək vəzifə verəndə təbii ki, sonu belə olacaqdı.

Bəs bütün Naxçıvan əhli, ziyalıları qan ağlayanda, “Naxçıvanda adam qalmayıb, qapıların çoxundan qıfıl asılıb” deyəndə vəzifədə olan bu qədər naxçıvanlı harada idi? İndi hamısı çıxıb Vasif Talıbovun əleyhinə danışır, ayıbdır, vallah! Mənim bu mövzu gündəmə gələndən bir Siyavuş Novruzova hörmətim artdı, qalanlarını isə anlaya bilmədim. Belə olmaz. Naxçıvan kimi bir yeri məhv edən insanı uzun müddət qoruyub saxlayırlar, indi də deyirlər Talıbov günahkardır. Vallah, o günahkar deyil, Vasifi Vasif edənlər günahkardır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top