Almatı Deklorasiyasının Azərbaycan üçün hansı əhəmiyyəti var? — AÇIQLAMA

GÜNDƏM 08 dek 2022, 22:40
“Dövlət başçılarının Praqada baş tutan sonuncu Avropa görüşündə ilk dəfə olaraq 1991-ci il Almatı Deklorasiyası əsasında razılaşmanın əldə olunması mümkünlüyü vurğulandı və Ermənistan da bunu qəbul etdi. Hesab edirəm ki, bu bizim çox mühüm qələbəmiz idi. Nə üçün? Birincisi, Almatı Deklorasiyasında ifadəsini tapan başlıca məqam ondan ibarətdir ki, keçmiş sovet ölkələri öz müstəqilliklərinə SSRİ vaxtındakı sərhədləri ilə qovuşurlar. Bu, çox mühüm məqamdır. Ermənistanın bunu qəbul etməsi faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıması anlamına gəlir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputat qeyd edib ki, Almatı Deklorasiyası çox mühüm yol xəritəsidir:

“Ermənistanın Almatı Deklorasiyasına uyğun addımların atılmasına razı olması, yəni o əsas da sülh sazişi imzalanan zaman ona istinad edilməsiylə razılıq verməsi, mahiyyət etibarilə Qarabağ ətrafında müzakirələri gündəmdən çıxarmış olur. SSRİ dönəmindəki sərhədlərlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, ümumiyyətlə Qarabağ məsələsini əhatə etmir. Qarabağ təbii ki, Azərbaycanın tarixi torpaqlarıdır. Artıq Dağlıq Qarabağ adında bir inzibati ərazi vahidliyi mövcud deyil. SSRİ vaxtında da Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti olmuşdur və Azərbaycan da SSRİ-nin mövcudluğu dövründə tərkibindəki Dağlıq Qarabağ Muxtar Respublikası ilə birgə mövcud olmuşdur, Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. Bu baxımdan hesab edirəm ki, 1991-ci Almatı Deklorasiyasına istinad olunması, elə sonuncu Moskvada xarici işlər nazirləri arasında aparılan müzakirələr zamanı da sözü gedən məsələnin önə çəkilməsi mahiyyət etibarilə bizim maraqlarımıza cavab verir. Elə biz də Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyasını və demarkasiyasının aparılması prosesinin sürətləndirilməsində maraqlıyıq. Almatı Deklorasiyası bu istiqamətdə çox mühüm yol xəritəsi təqdim etməkdədir. Hesab edirəm ki, proseslərin daha aydın təsəvvürlər fonunda irəliləməsinə imkan açacaqdır. Diqqət etsək görərik ki, Ermənistan rəhbəri artıq Dağlıq Qarabağ ifadəsini işlətməkdən çəkinir. Çünki Praqada Almatı Deklorasiyasına istinad olundu. Bununla da, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etmiş oldu. Bundan sonra, Ermənistanın Azərbaycanın hər hansı hissəsi ilə bağlı hansısa məsələləri müzakirə etməsi, elə öz-özünə qarşı getməsi anlamına gələcək. Düşünürəm ki, Almatı Deklorasiyasına istinad əhəmiyyət kəsb edir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top