Ucarda quldurluq edən üç nəfər saxlanılıb

KRİMİNAL 08 dek 2022, 13:31
Ucarda quldurluq edən üç nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir nəfər vətəndaşa qarşı quldurluq etməkdə şübhəli bilinən üç şəxs saxlanılıb. Araşdırmalarla onların Ucar rayon sakinləri Əbdürrəhim Məcidov, Əli İbrahimov və Zərdab rayonunda qeydiyyatda olmaqla müvəqqəti olaraq Ucar rayonunda yaşayan Elxan Əhmədov olduqları müəyyən edilib.

İlkin izahatlarında onlar törətdikləri əməli etiraf ediblər.

Aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, saxlanılan şəxslər dekabrın 6-da axşam saatlarında rayon ərazisində yerləşən qızıl mağazalarından birinin qarşısında bir nəfər rayon sakininə yaxınlaşaraq avtomobilin yük yerinə qoyduğu çantanı ondan tələb ediblər. Lakin sonuncu içərisində təxminən 7 000 manat dəyəri olan qızıl-zinət əşyalarının olduğu çantanı onlara verməyərək müqavimət göstərib. Quldurlar vətəndaşa xəsarət yetirməklə bərabər, avtomobilin şüşəsini qırıb, hadisə yerindən qaçıblar. Onlar hadisəni törədən zaman tanınmamaq üçün tibbi maskadan istifadə ediblər. 

Faktla bağlı Ə.Məcidov, Ə.İbrahimov və E.Əhmədov barəsində Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərin analoji cinayət hadisələrində iştirakının olub-olmadığı araşdırılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top