“Xocalının, Xankəndinin tezliklə azad olunması gündəmdədir” — AÇIQLAMA

QARABAĞ 07 dek 2022, 14:21
Bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin və “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlər aparılması üzrə danışıqların növbəti mərhələsini planlaşdırıb. Bununla bağlı nümayəndə heyəti Xocalıdadır.

Məsələ ilə bağlı Demokrat.az-a danışan Xocalının deputatı Elman Məmmədov bildirib ki, bu danışıqları müsbət dəyərləndirir. Millət vəkili qeyd edib ki, Azərbaycanın bütün ərazilərinə nəzarət artıq öz ixtiyarında olmalıdır:

“Bu, bizim haqqımızdır, hüququmuzdur, səlahiyyətimizdir. Ölkəmizin hər qarışına biz nəzarət etməliyik! Hesab edirəm ki, bu gedişatlar daha da çoxalacaq və təsirli, əhatəli olacaq. Xocalıda da, Xankəndidə də, Ağdərədə də bütün ərazilərimizdə idarəetməni, nəzarəti, hakimiyyəti biz idarə edəcəyik. Ərazilərimizin bir çoxunu işğaldan azad etmişik, düşmən işğalında qalan digər ərazilərimizin də tezliklə azad olunması gündəmdədir. Hamımız bunu səbirsizliklə gözləyirik”. 

Millət vəkili bu hadisənin siyasi irəliləyiş olduğunu vurğulayıb:

“Azərbaycanın bu sahədə apardığı iş hüquqlu və ədalətlidir. Bizim bütün hərəkətlərimiz beynəlxalq hüquqa əsaslanır. Buna görə də, atdığımız bütün addımlar hüquqi-siyasi, diplomatik cəhətdən haqlı hesab edilir və qəbul olunur. Bu da dövlətin gücündən, günü-gündən beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Cənab Prezidentimiz birmənalı olaraq bəyan edib ki, həmin ərazilərimizdə yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqlarının təminatı da bizim qanunlarla tənzimlənəcək. Eyni zamanda, bu ərazimizdə əvvəldən yaşayanlara ( sonradan bu cinayətkar Vardanyan kimi gələnlərdən söhbət getmir) şamil olunur.  Prezidentimiz bəyan edib ki, ya vətəndaşlığımızı qanunlarımızı qəbul edib orada yaşamalıdırlar, qəbul etmədikdə, əcnəbi vətəndaş kimi ərazimizi tərk etməlidir. Biz onlara demirik ki, “çıxın gedin”,  onlar vətəndaşlığımızı qəbul edib yaşasınlar. Etmədikləri təqdirdə, əcnəbi vətəndaş kimi tanınacaqlar və təbii ki,  qanunlarımız çərçivəsində ərazimizi tərk etməli olacaqlar”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top