"Cənubi Azərbaycan azad olmadan türk dünyasının yaranması reallaşa bilməz" — Əhməd Obalı ilə müsahibə

SİYASƏT 04 dek 2022, 13:16
ƏHMƏD OBALI: "PREZİDENTİMİZİN BİZİM HAQQIMIZDA BU QƏDƏR AÇIQ DANIŞMASINDAN HƏM SEVİNİRƏM, HƏM DƏ TƏŞƏKKÜR EDİRƏM"

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin xarici işlər üzrə rəhbəri, Günaz TV-nin qurucusu Əhməd Obalı İranda cərəyan edən hadisələr, rejimin güneyli soydaşlarımıza qarşı diskriminasiya siyasəti, proseslərin gələcək inkişafı barədə "525"ə müsahibə verib.

- İran İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycana qarşı riyakar, təhdid siyasətini daha da aktivləşdirdi. Sizcə, molla rejimini qorxudan nə idi?

- Məsələni kökündən anlamaq üçün bir qədər geniş izah etmək istəyirəm. İran dövlətçiliyi farsçılıq üzərində qurulub. Son 100 ildə adı İran olsa da, bu, fars dövləti sayılır. Çünki İranda bütün qeyri-farslar əleyhinə sistemli proqram var, əritmə siyasəti aparılır. Farsçılıq bir ideologiya olduğu kimi, hər ideologiyanın da özünün qırmızı xətləri, çərçivələri var. Həmin ideologiyaya inananlar onun xəttindən çıxa bilmirlər. Farsçılıq ideologiyasında düşmən belə seçilib: birinci türk, ikinci ərəb. Bu ideologiya türkün və ərəbin əleyhinə yarandığına görə, azərbaycanlılar da birinci düşmən sayılırlar. Ona görə də həm İranın içində, həm xaricində farsçılıq azərbaycanlılara qarşı son 100 ildə əlindən gələn düşmənçiliyi edib. İkinci Qarabağ müharibəsinə Azərbaycanın torpaqlarını azad etməsi, getdikcə güclənməsi, regionda, ümumiyyətlə, Cənubi Qafqazda söz sahibinə çevrilməsi İranı çox narahat edir. Çünki Şimali Azərbaycanın güclənməsi, eyni zamanda Cənubi Azərbaycan üçün də bir ümid yerinə çevrilir, buna görə də İran çox narahatdır, qorxur. İranı qorxudan başqa bir amil də Türkiyədir. Çünki İran Türkiyəni də düşmən bilir. Həm türk olduğuna, həm də rəqib kimi Türkiyənin Orta Asiyada nüfuzunun artmasını istəmir. Türkiyə  və Azərbaycanın Orta Asiya ilə birlikdə Çinə qədər uzanan yolları var və bu yolların açılması ilə İran əhəmiyyətini itirir. Logistik yolların İranın əlindən çıxması və getdikcə içdən zəifləməsi ilə farsçılıq da təhlükədə görünür.

- Qarabağın işğalı dövründə və indi Tehran Ermənistanla yaxın münasibətdə olub. Özünü islam dövləti adlandıran İran niyə təcavüzkarın, məscidləri təhqir edənin yanında oldu?

- İran erməniləri sevdiyi üçün deyil, azərbaycanlıları, Türkiyəni düşmən bildiyindən məsələyə "düşmənimin düşməni dostumdur" siyasəti ilə yanaşır. İran ermənilərə Azərbaycana qarşı olduğuna görə yardım edir. İran üçün birinci farsçılıqdır, ikinci farsçılığa qulluq edən fars-islam sintezidir. Bu baxımdan İrana məsciddə donuz saxlanılması, təhqir edilməsi önəmli deyil, əgər bu, türkün əleyhinədirsə. Yox, əgər türklərin əleyhinə olmasaydı, İran öz mənafeyi naminə buna etiraz edərdi. Yəni İran fars-türk savaşlarını hələ də davam etdirir.

- İranda üçüncü aya keçib ki, etirazlar davam edir. Bu, İranın tarixində uzunmüddətli aksiya hesab olunur. Sizcə, proseslər artıq inqilaba doğru gedir?

- İran çoxmillətli ölkədir. Orda fərqli millətlər - azərbaycanlılar, bəluclar, ərəblər, lor, bəxtiyarilər, lurlar, kürd, fars, gilək, türkmən və s. millətlər öz torpaqlarında yaşayır. Eynilə sovetlər birliyinin sonu kimi bu millətlər getdikcə hüquqlarının tələbi ilə etirazlarda iştirak edirlər. Ümumiyyətlə, ortaq tələb molla rejiminin getməsi ilə bağlıdır. Bu baxımdan İranda etirazlar getdikcə inqilaba çevrilməkdədir. İnqilaba müvəffəq olunacaq, ya yox, bunu zaman göstərəcək. Etirazlar üçüncü aydır davam edir. Üzvü olduğum Güney Azərbaycan Milli Azadlıq Cəbhəsində müzakirələrdə həmişə fikrimiz bu idi ki, etirazlar üçüncü aya keçdikdən sonra inqilabdan danışmaq olar. Təbii ki, etirazçıların sayı getdikcə çoxalarsa. İndi biz üçüncü aya keçmişik, amma etirazçıların sayı o qədər də çoxalmayıb. Ancaq ən azı bir mərhələ inqilaba yaxınlaşıb və bu da davam edirsə, əlbəttə ki, inqilab olacaq. Onsuz da İran rejimi əvvəlki ola bilməyəcək. Üç ay əvvələ qayıtmaq mümkün deyil, müəyyən dəyişikliklər etməyə məcburdur. İnanmıram ki, dəyişikliklər milləti qane etsin, rejimin getməsindən başqa çarə yoxdur.

- Prezident İlham Əliyev bir neçə gün əvvəl Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının pozulması ilə bağlı çox vacib məqamlara toxundu, onların müdafiəsi üçün əlindən gələni edəcəyini vurğuladı. Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı...

- Azərbaycan Prezidenti İlham Əliyev mahir siyasətçi olmaqla yanaşı, yüksək dərəcədə strateqdir. Eyni zamanda onun üçün Güney və Quzey Azərbaycan arasında o qədər fərqi olmadığını hiss edirik. Azərbaycan Ermənistanla hələ sülh müqaviləsi imzalamayıb, həllini gözləyən məsələlər var. Belə vəziyyətdə İlham Əliyevin güneyli soydaşlarımızın məsələsini bu qədər şəffaf, açıq və konkret olaraq masaya gətirməsi, onun haqqında danışması, təkcə Qarabağı azad edən Prezident yox, həm də Güney Azərbaycan məsələsinin həlli üçün ən ciddi iş görən lider olaraq bizim ürəyimizdə yer alır. Prezidentin Güney məsələsini bu qədər açıq və şəffaf şəkildə beynəlxalq arenaya çıxarmasından sonra Azərbaycan mətbuatında da bu məsələyə daha geniş yer verilməyə başlayıb. Görünür ki, Azərbaycan Prezidenti Güney və Quzey Azərbaycanın taleyinin bir-birindən ayrı olmadığına inanır və parçalanmış millət olaraq hər ikisinin hüququnun müdafiəsini dilə gətirərək, Güney Azərbaycanı Quzey Azərbaycanla birlikdə strateji bir hədəf götürür. Biz başa düşürük ki, Prezidentimizin də dediyi kimi, bir millətik, cənub şimalın bir parçasıdır və bir quşun iki qanadı kimi cənub və şimalın hər ikisi azad olmayana qədər heç biri azad olmayacaq. Biz birlikdə yaşamalıyıq, birlikdə azad olmalıyıq. Azərbaycan bu regionda çox böyük söz sahibidir, birlikdə türk dünyasının yaranmasında ciddi addım ata bilərik. Nə qədər ki, Cənubi Azərbaycan azad olmayıb, Şimali Azərbaycan da tam azadlığına çata bilməz. Bunu Azərbaycan Prezidentinin də fikirlərindən çox rahat anlamaq olur. Güneyli azərbaycanlı kimi Prezidentimizin bizim haqqımızda bu qədər açıq danışmasından həm sevinir, həm də çox təşəkkür edirəm. Biz elə Prezidentimizdən bunu gözləyirdik. İnanıram ki, bir çox yeniliklərə, dəyişikliklərə şahid olacağıq.

- İran rejimi yalnız azsaylı ermənilər üçün bütün şəraiti yaradıb. Digər millətləri əzməklə məşğuldur. Bundan sonra bu istiqamətdə dəyişiklik gözləyirsiniz?

- İranda ermənilərin sayı 20-30 mini keçmir.  Ermənilərin İran parlamentində iki deputatı var - biri İsfahan və cənub bölgəsini, digəri Tehran və şimal bölgəsini təmsil edir. İsfahan və cənubdan olan Robert Beqleryan seçkidə 1158 səs toplayıb. İkincisi Ara Şahverdiyandır və o, 3498 səs alıb. Yəni iki nümayəndənin topladığı səs heç 6 minə çatmır. Bu ərazidə səsvermədə iştirak edənlərin sayı isə 8 mindən azdır. Təsəvvür edin ki, bütün İranda nə qədər erməni yaşaya bilər. Amma buna baxmayaraq, iki deputatları var, onlara bütün imtiyazları veriblər. Öz məktəbləri, öz dillərində tədris, hətta İslam Respublikasında şərab düzəldə, içə bilirlər. Dövlət onlara iqtisadi cəhətdən yardım edir, ticarət üçün bütün imkanları yaradır, bayramlarında əlindən gələni edir, 24 aprel qondarma "soyqırımı günü" onların əlinə "Məhv olsun türk" şüarı verir. Biz azərbaycanlılara heç bir hüquq verilmir. Hərəkatımızın öndə gedən böyük şəxsiyyəti Abbas Lisani ana dilimizi, milli hüquqlarımızı müdafiə etdiyi üçün 11 ildir həbsdədir, bundan sonra da ona 15 il əlavə həbs verilib. Üstəgəl, iki il də sürgün. Lisani xəstəlikdən əziyyət çəkir, iflic ola bilər. Səid Mətinpur 8 il həbsdə oldu, Əlirza Fərşiyə 7 il həbs veriblər, gözlərini itirə bilər, amma azad etmirlər. Bu, bizim vəziyyətimizdir. Biz daha İran zülmünü görmək istəmirik, azadlıqdan başqa çarəmiz yoxdur. Təşkilatlanma prosesi güclü gedir, ciddi addımlarımızdan biri millətimizin fikrində Güney Azərbaycan Cümhuriyyətinin yaranmasına inanması, ona köklənməsidir. Bu yolda Şimali Azərbaycandan, Prezidentimizdən dəstək gözləyirik. Biz güneylilər də əl-ələ verib ciddi fəaliyyətlə məşğul olmalı, dövlətçiliyimizi bərpa etməyə kadrlar yetişdiməliyik. Ümid edirəm ki, bu arzularımıza nail olacağıq.

- Əgər rejim devrilərsə, Cənubi Azərbaycan üçün hansı ssenarilər var?

- Bu, çox önəmli sualdır. Güney Azərbaycanda ciddi bir hərəkat var, Məşrutə inqilabından, Xiyabani hərəkatından, Pişəvərinin 1945-46-cı illərdə dövlət qurmasından bu günə qədər biz heç vaxt milli kimliyimizdən əl çəkməmişik. Baxmayaraq ki, 100 ildir dilimiz qadağandır, ana dilimizdə bir kitab belə oxuya bilmirik. Amma bu 100 ildə yenə də milli kimliyimizi bacardığımız qədər qoruyub saxlamışıq. Lakin bu, kifayət deyil. İran dövləti yıxılmağa doğru gedir, geci tezi var. Biz mütləq Güney Azərbaycan Cümhuriyyətinin yaranmasını indidən düşünməliyik. Bizə İranın içində ssenarilər yazılır, milli muxtariyyətdən tutmuş federasiyaya qədər, bunların hamısı milləti aldatmaqdan başqa bir şey deyil. Bir millət azad olmaq istəyirsə, özünün bayrağı altında yaşamalıdır. Hələ 100 il zülm gördükdən sonra biz niyə İran bayrağı altında yaşamalıyıq. Niyə bizimkilərin bəziləri bu ümidlə yaşayırlar ki, İrana demokratiya gələcək. İrana demokratiya gələ bilməz, demokratiya gəldiyi zaman İran dağılmalıdır. Çünki bu zülm, farsçılıq, ayrı-seçkilik, türk düşmənçiliyi üzərində qurulmuş ədalətsiz bir sistemdir. Rejim dağılmadan əvvəl millətimiz güneyli quzeyli fikirdə milli birlik yaratmaqla bərabər, Güney Azərbaycan Cümhuriyyətinin yaranması ilə bağlı ciddi addımlar atılmalıdır. Həmin addımlardan birincisi insanların düşüncə baxımından hazırlanmasıdır. Ona görə də bizim müstəqil Güney Azərbaycan Cümhuriyyətindən başqa çarəmiz yoxdur. İndiyə kimi bizə yazılan ssenarilərə əhəmiyyət vermədik, özümüz istədiyimiz ssenari ilə getməliyik və bu, Güney Azərbaycan Cümhuriyyətinin yaranmasıdır. Sərhədlərimiz, insanlarımızın sayı təxminən bəllidir. Birinci mərhələdə Cümhuriyyət yaranmalıdır, ikinci mərhələdə şimal və cənub vahid Azərbaycan olaraq birləşməlidir. Üçüncü mərhələdə vahid Azərbaycan, türk dünyası güclənməli, böyük türk dünyasının reallaşmasını görməliyik. Cənubi Azərbaycan azad olmadan türk dünyasının yaranması reallaşa bilməz. Həm fiziki olaraq yol ordan keçir, həm 40 milyona yaxın azərbaycanlı var. Biz birləşdikdən sonra 50 milyona yaxın azərbaycanlı dünyada önəmli dövlətlərdən birinə çevriləcək. Həm strateji nöqtədəyik, şərqi qərbə bağlayan bizik, şimalı cənuba bağlayan da biz olacağıq. Yəni Rusiya da, Çin də bizdən yol alıb Avropaya keçəcək, Avropa da bizdən yol alıb Orta Asiyaya, Çinə doğru gedəcək. Biz mühüm nöqtədəyik, tarixi dövlətçiliyə sahibik, niyə başqalarının yazdığı ssenari ilə hərəkət etməliyik? Güney Azərbaycan Cümhuriyyəti yaranmalıdır.

 



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top