Rafiq Əliyev: “Ərli qadına şəriklik haramdır”

GÜNDƏM 30 noy 2022, 19:53
Kəşfül Həqayiq” adlanan Azərbaycan dilində ilk “Qurani-Kərim” kitabında “Nisa” surəsinin 24-cü ayəsinin tərcüməsi və təfsirində anlaşılmazlıq var. Doğrudur, bəzi surələrdə ayələrin şərhində belə gözdən qaçan şərhlərə rast gəlirik. Əlbəttə, kitabda kimliyindən asılı olmayaraq, əsir düşən ərli qadından söhbət gedir. Təbii ki, kimsə həmin qadını öz arvadı etsə, ona şəriklik qadağandır, bunu dinimiz haram hesab edir. Məncə, əsir düşmüş, müharibədə qənimət hesab edilən, daha əvvəl ərinin olub-olmamasından asılı olmayaraq, qadından söhbət gedə bilər. Bu halda, yəqin ki, o, əsgərlərin ixtiyarına verilir. Müharibələrdə, tarixi kitablarda belə hallara rast gəlmək olar. Çünki müharibəyə gedən əsgərlərin intim ehtiyaclarını necə ödəmələri həmişə sərkərdələri narahat edib”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.
 
O bildirib ki, tarixən əsgərlərin fizioloji tələbatını təmin etmək üçün müxtəlif variantlardan istifadə olunub: “Bunlardan biri qənimət qismində əsir alınmış ərli və ya ərsiz qadınlar idi. Bu, həmin dövr üçün normal hesab oluna bilərdi. Amma müzakirə etdiyimiz “Nisa” surəsinin ayəsi barədə düzgün şərh verilməyib. Yəqin ki, bu, redaktorların nəzərindən qaçıb. Onlar, gərək, bu məsələyə aydınlıq gətirərdilər. Belə halda tərcümə bu qədər tənqid olunmazdı. Sözün düzü, başa düşmürəm ki, bu tərcüməni yenidən çap etməyə niyə ehtiyac yaranıb? Bildiyim qədərilə, kitabın çapını başqa xarici təşkilat maliyyələşdirib. Yoxlanılsa, aydın olar. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və onun birinci müavinin kitabda redaktor qismində qeyd olunması çapı asanlaşdırmaq, kitabın yenidən çap olunmasına şərait yaratmaq məqsədilə edilib. Səhlənkarlıq da elə buradan yaranıb. Əslində, İslamda qadağan olunub, haram kimi qiymətləndirilən bir hərəkət məqbulmuş kimi oxuculara çatdırılıb. Əminliklə deyə bilərəm ki, kimliyindən asılı olmayaraq, ərli qadına şəriklik haramdır. Bu, faktdır və şərhə ehtiyacı yoxdur. Burada istisna da ola bilməz”.
 
R.Əliyev bildirib ki, müqəddəs kitabların şərhinə, tərcüməsinə daha diqqətlə yanaşmaq lazımdır: “Kitab artıq çap olunub, neçə nüsxə olduğunu dəqiq bilmirəm, bəlkə də, 200 nüsxə… Biz məsələni ictimaiyyətə çatdırdıq, amma kitablar paylanılacaq. İslamı sevməyənlərin əlinə düşəndə, onlar İslamda belə bir aşağılayıcı ayənin olduğunu oxuyub, bizim əleyhimizə nə istəsələr, yaza bilərlər. Əgər bu qəbahət ortaya çıxıbsa, aradan qaldırmaq lazımdır. Ya bütün nüsxələrdə həmin cümlə qaralanmalı, ya həmin ayə kitabın bütün nüsxələrindən çıxarılmalı, ya da şərh vermək lazımdır. Şərh vermək də çox çətindir, çünki gərək elə şərh verəsən ki, düzgün, aydın olsun. Buna da çox adamın imkanı, cürəti çatmayacaq…”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top